Polşa orkestri azərbaycanlı
dirijorun rəhbərliyi altında
çıxış edib
Polşanın Lutoslavski adına Beynəlxalq Gənclər Simfonik Orkestri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi altında Berlinin ən mötəbər salonlarından biri olan “Konzerthaus”da və Polşanın Şeçin şəhərinin M.Karloviç adına Dövlət Filarmoniyasında çıxış edib.
Lutoslavski adına orkestr artıq 10 ildir xüsusi sınaq müsabiqələrinin nəticələri əsasında dünyanın müxtəlif ölkələrindən istedadlı gəncləri seçib dəvət edir. Bu il Polşa, İspaniya, İtaliya və digər ölkələrdən seçilmiş gənc musiqiçilər Berlin Filarmonik, Berlin Konzerthaus və Polşa milli orkestrinin musiqiçiləri tərəfindən xüsusi olaraq hazırlıq prosesi keçiblər. Son mərhələdə azərbaycanlı dirijor Əyyub Quliyevlə bərabər çox mürəkkəb musiqi proqramı tərtib edilib. Proqramda Bela Bartokun simfonik orkestr üçün yazdığı “Konsert”, M.Karloviçin “Molenadan Bianka” simfonik poeması və V.Lutoslavskinin “Violonçel və orkestr üçün konsert”i (solist – beynəlxalq müsabiqələr laureatı Marcin Zdunik) yer alıb.
Hər il Berlində avqust ayında keçirilən və dünyanın tanınmış gənclər simfonik orkestrlərinin iştirak etdiyi “Young Euro Classics” festivalına Lutoslavski Beynəlxalq Gənclər Orkestri ilk dəfə qatılıb. Polşa Orkestri ilə bərabər festivalın açılışında Amerika Milli Gənclər Simfonik Orkestri (dirijor – Daniel Hardinq), Almaniya Gənclər Orkestri (dirijor – Mark Abrext), eləcə də Ukrayna (dirijor – Oksana Lyniv), Türkiyə (dirijor – Cem Mansur), Niderland, Venesuela və Avstriyanın gənclərdən ibarət simfonik orkestrləri çıxış ediblər. Konsertlərdə Rene Kapuson (skripka/Fransa) və Alisa Vaylerştayn (violonçel/ABŞ) kimi solistlər də iştirak ediblər.
Əyyub Quliyevin rəhbərliyi ilə keçən konsertdə Polşa Beynəlxalq Gənclər Simfonik Orkestrinin ifası alman mətbuatında festivalın ən yaddaqalan və uğurlu konsertlərindən biri kimi qeyd olunub. Konsertin sonunda dinləyicilərin alqışlarını və istəyini nəzərə alaraq musiqiçilər əlavə olaraq Yohannes Brahmsın əsərlərini ifa ediblər.
Qeyd etmək lazımdır ki, Berlində keçirilən konsert Alman Dövlət Radiosu (Deutch Rundfuk) tərəfindən tam olaraq lentə alınıb. Konsertdən sonra Polşanın Almaniyadakı səfiri tərəfindən azərbaycanlı dirijor və Polşa orkestrinin şərəfinə rəsmi qəbul təşkil olunub.
Konsert proqramı
Polşanın Şeçin şəhərində
– M.Karloviç adına Dövlət
Filarmoniyasının “Qızıl zal”ında da
sənətsevərlər tərəfindən
alqışlarla qarşılanıb. Sonda
filarmoniyanın direktoru Dorota
Serva və dirijor
Əyyub Quliyev orkestr
üzvlərinə xüsusi sertifikatlar təqdim ediblər.
Mədəniyyət.- 2022.- 26
avqust.- S.8.