Bir sənətkar vardı...

 

Avqustun 21-i Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Əməkdar artist Təvəkkül Əliyevin xatirə günü idi. Yaşasaydı 71 yaşını qeyd edəcəkdi...

Onlar 13 nəfər idilər – Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Kino və dram aktyorluğu fakültəsinin 13 məzunu. Azərbaycanın görkəmli teatr və kino rejissoru, aktyor və pedaqoqu Adil İsgəndərovun kursunu bitirən kimi onların hamısını təyinatla Lənkərana teatr açmağa, daha dəqiq desək, bu cənub şəhərində vaxtilə fəaliyyət göstərmiş Dövlət Dram Teatrının işini bərpa etməyə göndərmişdilər. İki-üç ildən sonra Lənkərana teatr açmağa gələnlərin əksəriyyəti əyalət şəhərinin çətinliklərinə dözməyərək Bakıya qayıtdı.

Üç nəfər – sədaqətli ömür-gün yoldaşları olan Xalq artisti, Prezident mükafatçısı Böyükxanım Əliyeva ilə Əməkdar artist, “Tərəqqi” medallı Təvəkkül Əliyev və bir də uzun müddət bu sənət ocağına rəhbərlik edən Əməkdar artist Elşad Zeynalov öz talelərini Lənkəranla bağladılar. Onlar istər həyat yollarında, istərsə də sənətdə əldə etdikləri nailiyyətləri məhz Lənkəranda qazandılar. Buradaca ailə qurub, ev-eşik və ad-san sahibi oldular. Elşad Zeynalov 2007-ci il yanvarın 5-də, 56 yaşında dünyasını dəyişdi. On bir il sonra, 2017-ci ilin 23 yanvarında isə Təvəkkül Əliyev bu dünyanı tərk edərək əbədiyyətə qovuşdu...

Təvəkkülü Lənkəranda hamı tanıyır və sevirdi. O da qarşılıqlı olaraq bu diyara qəlbən bağlanmış, özünə çoxlu dost qazanmışdı. Söhbət düşəndə bəzən zarafatyana dağları  göstərib: “Odur ey, oralıyam – Barzavuluyam”, – deyərdi (Barzavu – Lerik rayonunda dağ kəndi – red.).

Onu teatrda aktyor kimi işə başladığı dövrdən tanıyırdım. İndiki kimi yadımdadır. 1973-cü il dekabrın 6-da yenicə fəaliyyətə başlayan Lənkəran Dövlət Dram Teatrının tamaşa zalına iynə atsaydın, yerə düşməzdi. Kəndli-şəhərli yüzlərlə insan teatrın ilk tamaşasına baxmağa gəlmişdi. Onların arasında Bakıdan dəvət olunan tanınmış sənətçilər, ziyalılar, şair və yazıçılar, o cümlədən “Yaxşı adam” əsərinin müəllifi rəhmətlik Mirzə İbrahimovla onun ailə üzvləri də vardı. Gənc aktyor Təvəkkül Əliyev teatrın pərdəsini açaraq titrək addımlarla səhnənin qarşısına çıxdı və özünəməxsus gur səslə Lənkəran Dövlət Dram Teatrının fəaliyyətə başlaması münasibətilə tamaşaçıları təbrik etdi. Sonra sürəkli alqışlar altında tamaşa başlandı.

Həmin gün gənc aktyorların hamısı rollarının öhdəsindən layiqincə gəldilər. Təvəkkül Əliyev isə Azər rolunun ifası ilə teatra parlaq fərdi xüsusiyyətlərə malik olan qeyri-adi bir aktyorun gəldiyini nümayiş etdirdi. İllər ötdükcə aktyor xaraktercə bir-birindən fərqli rollarda çıxış etdi, tamaşaçılarını gah güldürdü, gah düşündürdü, gah da göz yaşlarına qərq etdi. Tamaşadan tamaşaya özü də püxtələşdi, müdrikləşdi.

İş elə gətirdi ki, günlərin bir günü Lənkəran teatrında çalışmalı oldum və bundan belə Təvəkkül Əliyevin yaradıcılığını daha yaxından izləmək imkanı əldə etməklə yanaşı, həm də onun iç dünyasını tanımağa başladım. Son 5-6 ildə isə bizi onunla mehriban dostluq telləri bağlamışdı.

Təvəkkül məsuliyyətli aktyor idi. Rolunun üzərində az qala əsirdi, yaratdığı obrazı, sadəcə, səhnədə ifa etməklə işini bitmiş hesab etmirdi. Hələ məşq prosesində qəhrəmanın yaşadığı tarixi dövrü, mühiti və s. öyrənib mənimsəyirdi.

Söhbət düşəndə deyirdi ki, məni Lənkəranda saxlayan tamaşaçı məhəbbəti və qayğısı olub: “Bəzən Böyükxanımla (aktyorun ömür-gün yoldaşı, Xalq artisti Böyükxanım Əliyeva – A.B.)  bir neçə günlüyə Bakıya getmişik, amma Lənkəran üçün, tələbkar tamaşaçılarımız üçün darıxdığımızdan müddətdən əvvəl geri qayıtmışıq. Qürur hissi keçirirəm ki, məhz Lənkəran teatrının səhnəsində öz sözünü demiş, püxtələşmiş aktyor səviyyəsinə ucala bilmişəm. İndinin özündə belə yolda, küçədə tamaşaçılarla qarşılaşarkən onlar bizə oynadığımız rolların adları ilə müraciət edirlər. Belə tamaşaçını necə sevməyəsən? Belə şəhəri, belə teatrı necə tərk edəsən?”.

Doğrudan da, o, ömrünün sonuna kimi əhdinə sadiq qaldı, Lənkəranı tərk edib heç bir yerə getmədi. Teatrın səhnəsində isə 100-dən artıq rolda çıxış etdi: Aydın (“Aydın”, C.Cabbarlı), İldırım Bəyazid (“Topal Teymur”, H.Cavid), Anton Antonoviç (“Müfəttiş”, N.Qoqol), Ezop (“Ezop”, Fiqereydo), Nəcəf bəy (“Dağılan tifaq”, Ə.Haqverdiyev), Şeyx Nəsrullah (“Ölülər”, C.Məmmədquluzadə), Azər (“Yaxşı adam”, M.İbrahimov), Zaur (“Təhminə və Zaur”, Anar), Mahmud (“Mahmud və Məryəm”, Elçin), Polya Luici (“Dəmir sinif”, A.Nikolai)...

Əlbəttə ki, bu obrazların hər biri haqqında ayrılıqda bəhs etmək olar, amma bu bir yazınının imkanları xaricindədir. Bununla belə, aktyorun yaratdığı bir neçə rol üzərində dayanmaq istərdik.

Təvəkkül Əliyevin Xalq şairi Nəbi Xəzrinin “Sən yanmasan” əsərinin tamaşasında ifa etdiyi Eldar obrazı barədə Lənkəranın yaşlı teatrsevərləri bu gün də xoş xatirələrlə söz açırlar. Onlardan filologiya elmləri namizədi, Prezident təqaüdçüsü, qocaman pedaqoq Hacı Mirhaşım Talışlı hesab edir ki, Təvəkkül Əliyev Eldar obrazının daxili aləmini özünəməxsus cizgilərlə açaraq, onun təkcə müsbət xarakterini deyil, eyni zamanda mənfi xüsusiyyətlərini də göstərməyi bacarırdı. Aktyor Eldarın simasında daxilən çürük, zahirən təmiz olan, buqələmun kimi rəngdən-rəngə, dondan-dona girən tiplərin ümumiləşdirilmiş obrazını yaratmışdı.

Yazıçı Məmmədhüseyn Əliyevin “Ana fəryadı” əsərinin tamaşası da Lənkəran teatrının tarixində xüsusi yer tutur. İkinci Dünya müharibəsinin xalqımızın həyatından izsiz ötüşmədiyini və minlərlə ailəyə bədbəxtlik gətirdiyini əks etdirən səhnə əsərində “qara” kağızı gəlmiş İlyasın (Təvəkkül Əliyevin) on beş ildən sonra doğma yurda qəfil qayıdışı onun doğmalarının həyat tərzini tamam alt-üst edir. Çünki İlyasın arvadı onun anası Bəyimin təhriki ilə artıq xalası oğluna ərə gedib. Mövcud vəziyyətdən hamı çaş-baş qalıb. Bütün ailə İlyasın yanında özünü günahkar saydığından onun gözündən qaçır. Belə məqamda İlyas üzünü görmədiyi doğma qızı Mirvari ilə söhbətləşib dərdləşir. Daha sonra o, tənhalığa qapılır, fonoqram ilə səhnədən onun daxili monoloqu ucalır. Aktyor sözün həqiqi mənasında, bu monoloqu yaşantılarla ifa edir. Onun sifətindəki cizgilər qəhrəmanının müharibədə necə böyük əzab-əziyyətlərdən keçdiyini,  göz yaşları isə acı taleyi üçün daxilən vay-şivən qopardığını göstərir. Bu obraz ilə aktyor həm də sözsüz səhnələrin mahir ifaçısı olduğunu sübuta yetirir.

Təvəkkül Əliyev məhz belə ustalıqla “Aydın” tamaşasında böyük arzularla yaşayan, lakin əli heç bir yerə çatmayan Aydını, “Topal Teymur”da başı eyş-işrətə qarışmış, xalqın vəziyyəti ilə maraqlanmayan hökmdar İldırım Bəyazidi, “Şəhərin yay günləri”ndə (Anar) hər şeyi pulla həll etməyə çalışan Ağarəfini, “Fərhad və Şirin” dramında (S.Vurğun) öz sevgisi uğrunda Xosrovla baş-başa gələn, bunun üçün hətta dağları parçalayan Fərhadı və onlarla bu kimi müxtəlif xarakterli obrazları yaradaraq tamaşaçı rəğbətini qazanmışdı.

Teatrda son rolu isə Əli Vəlioğlunun “Əsrlərin harayı” tamaşasında Midiya hökmdarı Astiaq oldu. Aktyor qanı-canı bahasına bu obrazı yaratmış, istedadının bütün coşqunluğu ilə Astiaqın ziddiyyətlərlə dolu həyatını açıb göstərməyi bacara bilmişdi. Ölümündən cəmi üç gün əvvəl də bu obrazda səhnəyə çıxmışdı. Yanvarın 23-də isə o, bir daha 43 ildən bəri canından da çox sevdiyi səhnəyə qayıtdı. Amma bu dəfəki – sonuncu tamaşanın müəllifi də, ifaçısı da özü idi. Yenə də qədirbilən dostları, pərəstişkarları onun yanında idilər, onu  alqışlayırdılar. Amma bu alqışlar göz yaşlarına qarışmışdı. Tamaşaçılar sevimli aktyorlarını son mənzilə yola salırdılar...

Təvəkkül Əliyev “Azərbaycanın Əməkdar artisti” fəxri ada layiq görülmüş, “Tərəqqi” medalı ilə təltif olunmuşdu. Xalq artisti adını almasa da, xalqın sevimli sənətkarı idi. Bu ada mənəvi haqqı da var idi. Bu barədə söz düşəndə deyirdi: “Postsovet dövrünün bəzi  naqis xüsusiyyətləri öz diktəsini etməkdədir. O vaxt belə bir qayda vardı: ərlə arvad, yaxud da ata ilə övladları bir idarədə, bir müəssisədə işləyə bilməzdilər. Bizim işimiz də buna oxşayır. Söz düşəndə deyirlər ki, Böyükxanımla siz ər-arvadsınız, ikinizə də eyni bərabərlikdə yerimək olmaz. Əslində, belə şeylər gərək yaradıcı insanlara şamil edilməsin. Belə çıxır ki, Böyükxanım Xalq artisti olduğundan mən bu ada layiq görülə bilmərəm. Əslində, bunun mənim üçün elə bir əhəmiyyəti də yoxdur. Əməkdar artist olsam da, Xalq artisti səviyyəsində çalışıram...”.

Teatrda hazırlanan tamaşaların əksəriyyətində baş qəhrəmanı oynamaq Təvəkkülün qismətinə düşmüşdü. Ürəyində bir arzusu da var idi: Kral Liri oynamaq. Amma ömür ona bu arzusunu gerçəkləşdirməyə imkan vermədi.

Son illər o həm də kino aktyoru kimi tanınmışdı. Bir sıra bədii filmlərdə, teleseriallarda maraqlı rollarda çəkilmişdi. Ümumilikdə isə Təvəkkül 15 ekran əsərində müxtəlif səpkili rolları ifa edib. Kinoda axırıncı işi “Əli və Nino” filmində olub. Burada məşhur Azərbaycan xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin obrazını yaradıb.

Qeyd edək ki, Təvəkkül Əliyev özünü həm də rejissura sahəsində sınayıb. Əsasən də uşaqlar üçün tamaşalar hazırlayardı. İş elə gətirmişdi ki, Təvəkkül mənim də üç əsərimə quruluş vermişdi. Bu prosesdə onun necə tələbkar sənətçi olmasının bir daha şahidi oldum. “Mən hər şeydən əvvəl aktyoram, həm də peşəkar aktyoram, – deyirdi. – Amma ara-sıra teatrda tamaşa hazırlamaq isə mənim təcrübəmdən irəli gələn bir işdir. Rejissor vəzifəsinin məsuliyyəti böyükdür və mən belə bir yükün altına girməyə cürət etmərəm. Ötən onilliklər ərzində çox rejissorlarla işləmişəm, hərəsinin dəst-xəttindən müəyyən qədər bəhrələnmişəm”.

Təvəkkül Əliyev həmçinin gənc aktyorların hamisi idi. Biliyini, təcrübəsini heç kimdən əsirgəmirdi. Gözünün qabağında onlarla gənc aktyorun püxtələşməsinə, sənətin sirlərini əxz etməsinə uşaq kimi sevinərdi.

65 illik ömrünün 43 ilini səhnə sənətinə həsr edən Təvəkkül Əliyev həm də gözəl ailə başçısı, sədaqətli ömür-gün yoldaşı,  mehriban ata və baba idi. Nəvələrini özünün ən böyük var-dövləti hesab edirdi.

Heyf ki, ölüm onu aramızdan tez apardı. Lənkəran tamaşaçısı düz beş ildir ki, onsuz qalıb. Amma əziz xatirəsi unudulmur və illər, qərinələr keçsə belə, unudulmayacaq. Təvəkkül Əliyev bir-birindən gözəl, rəngarəng səhnə obrazları, filmlərdəki rolları ilə əbədi yaşayacaq.

Məzarın cənnətməkan olsun, əziz dost!

 

Ağaddin Babayev

yazıçı-teatrşünas

 

Mədəniyyət.- 2022.- 26 avqust.- S.6.