Göytürk dövrünün ən qədim yazılı
abidəsi
Beynəlxalq Türk
Akademiyası və Monqolustan
arxeoloqlarının birgə ekspedisiyasında aşkar
olunub
Xəbər verdiyimiz kimi, Beynəlxalq Türk Akademiyasının (BTA) Monqolustan Elmlər Akademiyasının Arxeologiya İnstitutu ilə birgə apardığı arxeoloji tədqiqatlar nəticəsində bu ölkənin Arxanqay bölgəsinin Nomqon düzündə İltəriş Xaqana məxsus külliyə (abidə kompleksi) aşkar edilib.
Kompleksin
ümumi sahəsi
49x41,5 metrdir. Qərbdən şərqə doğru
oval formada yerləşən
külliyə ətrafında
xəndək qazılıb,
torpaq qalaqlanaraq qala inşa edilib.
Kompleksin
qərb tərəfində,
ərazinin ortasında
dəlikli daş küp (mehrab), daş insan fiqurları, iki balası olan şir heykəli, iki qoyun heykəli
var. Kompleksin girişindən
şərqə doğru
51 balbal daş yan-yana düzülüb. Onların arasında beş balbal
daşında Göytürklərin
Aşina sülaləsinə
aid “dağkeçisi” rəmzi
müəyyən edilib.
Bundan əlavə, kompleksdə ibadət yerinin olduğunu sübut edən kərpic qalıqları və yola sərilən
gil örtük
mövcuddur.
Aşkarlanan daş kitabənin yuxarı hissəsi və onun tısbağaşəkilli
bünövrəsi ibadət
yerinin qarşısında
aşkar edilib. Tapılan abidənin
iki tərəfində
12 sətir qədim türk yazısı, üçüncü tərəfində
isə əski soqd qrafikası həkk olunub.
Kəşfdə iştirak edən alimlər abidənin mətnindən “Tanrı”,
“Türk”, “Kutluq”, “Tümen” kimi bir sıra sözləri
oxuya biliblər. Abidənin mətnindən
əldə edilən məlumatlara əsasən,
Nomqon kompleksinin Göytürk Xaqanlığını
yenidən qurmuş Kültegin və Bilgə Xaqanın atası İltəriş
Kutluq Xaqana ithaf edildiyi qənaətinə gəlinib.
Bundan əlavə,
bu külliyə “Türk” adının ilk dəfə çəkildiyi
Göytürk dövrünün
ən qədim yazılı abidəsi kimi qəbul edilir.
Ümumilikdə Nomqon kompleksi bütün xüsusiyyətlərinə
görə Bilgə Xaqan və Kültegin
komplekslərinə bənzəyir. Nomqon yazısı
olan abidənin yuxarı tərəfində
əjdaha formasında
iki canavar başı həkk olunub. Məlumdur ki, Taspar Xaqan, Bilgə, Kültegin və digər abidələrin zirvəsində xaqanlıq
rəmzləri olan bu cür əjdaha
şəklində, qurd
başlı cizgi çəkilib. Nomqon abidəsinin
də Orxon abidələri kimi Göytürk dövləti
üçün əhəmiyyətli
bir abidə olduğu anlaşılır.
Qeyd edək
ki, BTA Nomqon qazıntılarının nəticələrinə
dair elmi nəşr hazırlayacaq və türk dövlətlərinin paytaxtlarında
təqdimatını keçirəcək. Monqolustanda Göytürk
dövrü abidələrinin
qazıntıları gələcəkdə
də davam etdiriləcək.
Nomqon düzündə
qazıntı işlərinə
2019-cu ildə başlanılıb. COVID-19 pandemiyası
səbəbindən iki
il fasilə
verilən “Nomqon” ortaq qazıntıları
2022-ci ilin iyul ayında yenidən bərpa olunub.
“Nomqon-2022” ortaq qazıntılarında BTA-nın işçi qrupu (akademiyanın prezidenti Darxan Kıdıralı, arxeoloqlar Napil Bazılxan və Nurbolat Bogenbayev) ilə yanaşı, Monqolustan Elmlər Akademiyasından professor Altangerelyn Enkhtor, arxeoloqlar Tserenkhandyn Buyankhishig, Gonchigyin Batbold və Narantuyagyin Tsengel, Munkhsaikhany Uuqanbayar da iştirak ediblər. Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutu Arxeoloji Araşdırmalar Mərkəzinin direktoru Dəmdinsurengin Tseveendorj (2022-ci ildə vəfat edib) də məsləhətçi arxeoloq olaraq layihədə yer alıb.
Bundan əvvəl də Beynəlxalq Türk Akademiyası Monqolustanda Şiveet-ulan abidəsində arxeoloji qazıntılar aparıb. 2016-cı ildə adıçəkilən vadiyə xüsusi ekspedisiya təşkil edib. Kutluq Xaqan dövründə tikilmiş mərasim kompleksində türk tayfalarının damğaları və müxtəlif tarixi əşyalar müəyyən edilib. Bu tədqiqatların davamı olaraq 2019-cu ildə başlanan Nomqon arxeoloji qazıntıları nəticəsində İltəriş Xaqana həsr olunmuş kompleks aşkar olunub.
Mədəniyyət.- 2022.- 26
avqust.- S.1;6.