Saralmış not
yazıları, ağ-qara şəkillər
və ölməz bəstəkardan xatirə
Musiqi Mədəniyyəti Dövlət
Muzeyinin fondunda Fikrət
Əmirovdan yadigar qalan
nümunələr
Muzeyin fondunda bəstəkara aid 30-a yaxın not əlyazması qorunur. Nümunələr arasında onun səs və fortepiano üçün yazdığı “Ürəklər”, “Skertso”, “Aşıq musiqisi”, eləcə də “Böyük dayaq” kinofilminə yazdığı bəzi musiqilərin not əlyazmaları var.
Skripka və fortepiano üçün yazdığı “Rəqs”, “Laylay”, “Vals”, “Görüş”, eləcə də xalq mahnısı “Reyhan”ın səs və fortepiano üçün müəllif əlyazmaları da bu qovluqdadır. Öz təravətini heç vaxt itirməyən “Mən səni araram” mahnısının 1968-ci ilə aid müəllif əlyazması da diqqət cəlb edir.
Müəllif not əlyazmaları içərisində böyük bəstəkarın görkəmli dramaturq Cəfər Cabbarlıya həsr etdiyi əsərinin – səs və kamera orkestri üçün yazdığı “Cəfər Cabbarlının portreti”nin partiturası da var. 1965-ci ilə aid qeydlərlə zəngin bir müəllif not əlyazması isə Bakı və bakılılara həsr etdiyi “Həyat səhifələri” əsərinin partiturasıdır.
Dahi Üzeyir Hacıbəyliyə hər zaman böyük sevgi və ehtiram bəsləyən bəstəkar onun müxtəlif əsərlərindən hissələrə orkestrləşmələr də edib. Bu qiymətli qeydlər içərisində Üzeyir bəyin “O olmasın, bu olsun” musiqili komediyasından Əsgərin ariyasının Fikrət Əmirov tərəfindən simfonik orkestr üçün yeni orkestrləşməsi (partitura), həmçinin “Arşın mal alan” musiqili komediyasının simfonik orkestr üçün yeni orkestrləşməsinin not əlyazmaları var.
Müəllif not əlyazmalarının əsas hissəsini isə ona xüsusi şöhrət gətirən “Sevil” operasının partituraları təşkil edir. Bəstəkarın N.Vəzirovun “Müsibəti-Fəxrəddin” əsərinin tamaşasına yazdığı musiqinin simfonik orkestr üçün partiturası da muzeyin fondunda saxlanılır.
Bildiyimiz kimi,
Fikrət Əmirov musiqi mədəniyyəti
tariximizdə həm də ilk simfonik muğamların yaradıcısı kimi qalıb. Bununla
bağlı bəstəkarın xatirələrində bir qeyd də var: “1939-1940-cı tədris ili
idi. O zaman mən rəhmətlik
Bülbülün kabinəsində
işləyirdim. Bir gün
işin axırında konservatoriyaya
gələrkən gördüm ki, Bülbül bir qoca kişinin
qolundan tutub, pilləkəndən
düşürür. Mən salam verdim. Bülbül dedi: – Cabbar əmi, bilirsən bu kimdir? Məşədi Cəmilin yadigarıdır.
Cabbar əminin
gözləri yaşardı.
Bülbül dedi: – Cabbar əmi, bəlkə bir şey oxuyasan,
Fikrət yaza... Bülbülün sözünü yerə salmayan 80 yaşlı qoca təzədən yuxarı
qalxdı. Qavalı
yanında olmadığından,
royalın taxtasına
əli ilə ritm vuraraq “Kürd-ovşarı”nın başlanğıcı
olan bir təsnif oxudu. Bu hadisədən 7-8 il keçəndən
sonra mən “Kürd-ovşarı”nı yazanda
həmin təsnifdən
istifadə etdim. Onu demək istərdim ki, məni bu
işə Cabbar Qaryağdıoğlu təhrik
etdi.
Mən xoşbəxtəm
ki, gözümü açıb Cabbar Qaryağdıoğlu, Bülbül,
Qurban Pirimov və Seyid Şuşinski
kimi böyük sənətkarlarla şəxsən
dostluq etmişəm. Bu dostluq
mənə atamdan nəsib olmuşdur...”.
Bu və digər
qiymətli xatirələrin
toplandığı, Heydər
Əliyev Fondu tərəfindən çap
olunan kitabın da nüsxələri muzey fondunda qorunan nümunələr arasındadır.
“Mən bu fikirdəyəm ki, bəstəkarın vəzifəsi təkcə musiqi bəstələməklə bitmir. Fikri həmişə səslərlə deyil, bəzən də sözlərlə ifadə etməyə daxili ehtiyac duyursan. Söz qəlbdə qalmaz, deyiblər. Bu qeydləri sənət müəllimlərim, sənət dostlarım, eləcə də xarici həmkarlarım, səyahətlərim haqqında qəlbimdə “qala bilməyən”, dinləyicilərlə, oxucularla bölüşmək istədiyim fikirlərdir” deyən bəstəkarın fərqli illərdə çap olunduğu jurnallar da burada yer alır.
Bəstəkar uşaqlar üçün də dəyərli əsərlər yazıb. Onların bir qismi təkcə musiqi məktəblərində deyil, orta məktəblərin musiqi dərslərində də tədris olunur. Bu gün az qala böhran yaşanan uşaq mahnı və musiqiləri sahəsinə töhfə sayılacaq nümunələrin not yazıları da muzey fondunda yer alıb. Onları bəstəkar özü sağlığında fonda təqdim edib.
Müəllifin çap not vərəqləri içərisində özündə bir neçə vərəqlik not da diqqətimi cəlb etdi. Bu, müəllifin “Asəf Zeynallıya xatirə” (skripka və fortepiano üçün) əsəri idi. Əsərin not yazısı 1949-cu ildə “Musiqi” nəşriyyatında çap olunub.
Fikrət Əmirovun uşaqlar üçün əsərlərinin çap nümunələrindən danışarkən “Uşaq lövhələri və 12 miniatür” (fortepiano üçün), eləcə də “Uşaq pyesləri” (fortepiano üçün), həmçinin “Uşaq nəğmələri”, “Məktəbli nəğmələri” (azyaşlı uşaqlara fortepiano ilə oxumaq üçün) olan ayrı-ayrı illərə aid nəşrləri vurğulamaq lazımdır.
...Yaddaşımızda fərqli obrazı – seyrək dalğın saçları, düşüncəli baxışı və saf təbəssümü ilə qalan mehriban simalı Fikrət Əmirovun ömrünün ayrı-ayrı anlarının əks olunduğu fotoşəkillər də muzey eksponatı kimi qorunur. Bu fotolarda qayğısız, məsum uşaq, dəliqanlı yeniyetmə, dünyaya meydan oxuyacaqmış kimi iti nəzərli gənc, sinəsinə tarı sıxıb, dünyanı unudan musiqiçi, royalı arxasında hansısa əsərini şövqlə ifa edən bəstəkar, masasına qalaqlanmış əlyazmaları arasında itib-batan tədqiqatçı, orkestr önünə çıxıb layiq olduğu tükənməz tamaşaçı sevgisi qarşısında səadətlə gülümsəyən Fikrət Əmirov canlanır...
Ömrü zəngin musiqi irsinə köçüb, əbədiyyət qazanmış bəstəkardan xatirə qalan nümunələrin geniş tamaşaçı kütləsi üçün ekspozisiyaları da bəzəyəcəyi ümidi ilə muzeyi tərk edirik. Onun ölməz “Şur” simfonik muğamının sədaları altında...
Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2022.- 31
avqust.- S.7.