Türk dünyası ilə Qətər
arasında mədəni əlaqələr müzakirə edilib
Dohada səfərdə olan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Günay Əfəndiyeva Qətərin dövlət naziri, Qətər Milli Kitabxanasının prezidenti Həməd bin Əbdüləziz əl-Kuvari ilə görüşüb.
Görüşdə Qətərin Azərbaycanla və ümumilikdə Türk dünyası ilə mədəni əlaqələrinin perspektivləri müzakirə olunub.
Fondun fəaliyyəti, həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verən Günay Əfəndiyeva Azərbaycanın işğaldan azad olunmuş ərazilərində dağılmış tarixi abidələrin, mədəni irs nümunələrinin bərpasından bəhs edib.
Qətərli nazir türk dövlətləri ilə mədəni əməkdaşlıq kontekstində Qətər Milli Kitabxanası ilə sıx əlaqələrin qurulmasının zəruriliyini qeyd edib, bu sahədə birgə layihələrin həyata keçirilə biləcəyini bildirib. Fond ilə Qətər Milli Kitabxanası arasında imzalanacaq memorandumun və gələcək əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov iştirak edib.
G.Əfəndiyeva Qətər Milli Kitabxanası ilə tanış olub.
“Mahmud və Məryəm” filmi Dohada nümayiş olunub
Qətərin Dram Teatrında Azərbaycanın Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında çəkilmiş “Mahmud və Məryəm” filmi nümayiş olunub.
Ekran əsəri Azərbaycan və Türkiyənin ilk müştərək layihəsi kimi 2013-cü ildə rejissor Mehmet Ada Öztekin tərəfindən çəkilib.
Filmin nümayişi Azərbaycanın Qətərdəki Səfirliyinin təşəbbüsü ilə baş tutub.
Mərasimdə Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Türkiyənin Qətərdəki səfiri Mehmet Mustafa Göksu, digər diplomatlar və Qətərdəki Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Ekran əsəri böyük maraqla qarşılanıb.
Ərəb dilinə dublyaj
edilən, ərəb ölkələrində ilk
dəfə Qətərdə nümayiş
olunan filmdə əsas rolları Aras Bulut İynemli
və Eva Dedova ifa ediblər.
Mədəniyyət.- 2022.- 31
avqust.- S.7.