Berlində Azərbaycan-Almaniya diplomatik münasibətlərinin
30 illiyi qeyd olunub
Ölkəmizin Almaniyadakı səfirliyi noyabrın 29-da Berlindəki
Azərbaycan Mədəniyyət
Mərkəzində “Azərbaycanda
alman izləri” adlı tədbir keçirib. Səfirlikdən verilən məlumata
görə, tədbir
Azərbaycan və Almaniya arasında diplomatik əlaqələrin
qurulmasının 30 illiyinə
həsr olunub.
Tədbirdə Bundestaq üzvləri, Almaniyanın Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının
təmsilçiləri, xarici
diplomatlar, Almaniyada yaşayan Azərbaycan və türk icmalarının üzvləri
iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycanın
Almaniyadakı Səfirliyinin
dəstəyi ilə istehsal olunmuş “Azərbaycanda alman izləri” filmi nümayiş etdirilib.
Səfir Nəsimi Ağayev çıxış edərək Almaniya ilə ölkəmiz arasında münasibətlərin tarixindən və müasir vəziyyətindən danışıb. Bildirib ki, xalqlarımız arasında əlaqələrin inkişafı XIX əsrin əvvəllərində Almaniyanın hazırkı Baden-Vürttemberq ərazisindən alman şvabların Azərbaycana köçü ilə bağlıdır. Qeyd edib ki, II Dünya müharibəsi illərində Stalin hakimiyyəti tərəfindən Mərkəzi Asiya və Sibirə deportasiya olunana kimi almanlar ölkəmizdə azərbaycanlılarla birgə mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşayıblar.
Diplomat müasir Azərbaycan-Almaniya münasibətlərinin bu zəngin tarixdən bəhrələndiyini ifadə edib. Diqqətə çatdırıb ki, Azərbaycanın Qərbi Avropa ölkələri arasında ilk səfirliyi 1992-ci ildə məhz Almaniyada açılıb. Səfir hazırda bütün sahələrdə ikitərəfli münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb.
Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili, səfir Mattias Lüttenberq iki ölkənin münasibətlərinə nəzər salıb, və qarşılıqlı əlaqələrin dinamik şəkildə inkişaf etdiyini söyləyib.
Daha sonra tədbirə Bakıdan məruzəçi qismində dəvət olunmuş tarixçi Fuad Axundov “Azərbaycanda alman izləri” mövzusunda təqdimat edib, almanların Azərbaycana köçünün tarixi aspektləri, ölkəmizdə əsası qoyulmuş alman yaşayış məskənləri, oradakı alman icmasının həyat və fəaliyyəti haqda danışıb.
Tədbirə almaniyalı professor Eva Maria Aux moderatorluq
edib.
Hamburq şəhərində
yaşayan və fəaliyyət göstərən
azərbaycanlı musiqiçi
Tural İsmayılovun
yaratdığı “Anima Şirvani”
Azərbaycan-alman ansamblının
ifasında alman barokko musiqisi və Azərbaycan muğamının sintezi böyük maraqla qarşılanıb.
Mədəniyyət.- 2022.- 2
dekabr.- S.8.