Habil sənətinin işığı və ucalığı

 

Ustad kamança ifaçısının 95 illiyi qeyd olundu

 

Bu il Azərbaycan kamança ifaçılığı sənətində özünəməxsus yeri olan Xalq artisti, “Şöhrət” və “İstiqlalordenli sənətkar Habil Əliyevin (1927-2015) anadan olmasının 95 illiyidir.

Beynəlxalq Muğam Mərkəzində noyabrın 30-da görkəmli kamança ifaçısının yubileyinə həsr olunan tədbir keçirildi. Habil sənətinin vurğunları bu tədbiri çoxdan gözləyirdi.

Yazıçılar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi İlqar Fəhminin aparıcılığı ilə keçən tədbir həm kövrək notlar, həm də mərhum sənətkarın xarakterinə məxsus baməzə, artıq lətifəyə dönmüş unudulmaz söhbətlərlə yadda qaldı. Habil Əliyev sənətinin ucalığı, kamança sənətimizə verdiyi töhfələrdən söz açıldı. Bildirildi ki, bənzərsiz ifası ilə ürəkləri fəth edən Habil Əliyev milli musiqi alətimiz kamançanı dünyada tanıdıb, muğam üçlüyünün tərkibində kamançanı ilk dəfə solo konsert aləti kimi təqdim etməyə nail olub. Kamançanın ifa imkanlarının, tembr zənginliyinin inkişaf etdirilməsində onun böyük xidmətləri var.

Ustad ifaçının sənət dostlarından tarzən, Xalq artisti Möhlət Müslümov, Əməkdar artist, kamançaçı Mirnazim Əsədullayev sənətkarla bağlı xatirələrini bölüşdülər. Bu xatirələr nə qədər həzin idisə də, bir o qədər də işıqlı idi. M.Müslümov dedi: “Tarzən olsam da, uşaqlıqdan Habil sənətinə heyran idim. Onun sənəti ifama da sirayət etmişdi. İllər keçdi, 23 yaşımda “Ay işığında” əsərini lentə yazdırdım. Bu ifamı Habil müəllim çox bəyənib özü mənə zəng etmişdi. Sonradan dəfələrlə qastrollarda olduq. Onunla hər bir görüş mənim üçün böyük bir məktəb, ustad dərsi idi. Onun verdiyi tövsiyələrə indi də əməl edirəm. Bu günHabil Əliyev sənəti yaşayır, kamança sənətimizin gənc davamçıları Habil məktəbini layiqincə davam etdirirlər”.

M.Əsədullayev sənətkarın ustadlığı, kamança sənətimizə verdiyi töhfələrdən danışdı: “Habil Əliyev hər hansı bir muğamı və ya mahnını dəfələrlə çalsa da, onlar bir-birinə bənzəməz, hər dəfə ona yeni bir nəfəs, rəng, yeni bir ahəng qataraq zənginləşdirirdi. Onun ifasında səslənən hər bir sənət nümunəsi sanki dil açıb danışırdı. Habil Əliyevin ifasını dinləyərkən sanki ifaçı ilə musiqi alətinin canlı dialoqda iştirak etdiyinin şahidi olursan”.

Çıxışlardan sonra yubiley gecəsi konsert proqramı ilə davam etdi. Xalq artisti, kamança ifaçısı Elşən Mansurov və tələbələri, Əməkdar artistlər Elnur Əhmədov, Toğrul Əsədullayev, Xəyyam Məmmədov sənətkarın vaxtilə repertuarında olmuş əsərləri böyük ustalıqla təqdim etdilər. Xanəndələr – Əməkdar artistlər Babək Niftəliyev, Arzu Əliyeva, solistlər Rəvanə Qurbanova, Səbinə Ərəbli, Ayşən Mehdiyeva, Pərviz Qasımov Habil Əliyevin bəstəsi olan mahnı və muğamlardan parçalar səsləndirdilər. Xanəndələri tarzən Rövşən Qurbanovun rəhbərlik etdiyi BMM-in solistlərindən ibarət olan ansambl müşayiət edirdi.

Tədbirdən sonra Habil Əliyevin həyat yoldaşı Şərqiyyə xanım redaksiyamıza zəng edərək yubiley gecəsinin təşkilatçılarına, Habil sənətinə dəyər verənlərə təşəkkürünü bildirdi. Dedi ki, tədbir bitəndən sonra ona çoxsaylı zənglər gəlib və mükəmməl gecəyə görə təşəkkür edənlərin ardı-arası kəsilmir: “Ailəmiz də, dost-tanış da çox razı qalıb. Bu tədbirin təşkilatçılarına və iştirak edən hər kəsə Habil kimi sənətdə sevilmək və ucalmağı arzulayıram”, – deyə Şərqiyyə xanım bildirdi.

Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində dünyaya göz açıb. 1952-ci ildə Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinin Kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirlərini öyrənib. O, “Segah”, “Bayatı-Qacar”, “Bəstənigar”, “Bayatı-Şiraz”, “Rahab”, “Bayatı-kürd”, “Çahargah”, “Rast”, “Zabul” muğamlarına yeni kamança həyatı verib.

 

Sənətkar keçmiş SSRİ respublikalarında, eləcə də Türkiyə, ABŞ, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambiks. ölkələrdə qastrol səfərlərində olub, ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb.

O həm də yaradıcı ifaçılardan olub, bəstələdiyi “Şəhla gözlüm”, “İlk məhəbbət”, “Gülüm yatsın”, “Güləsən gərək” – ümumilikdə 15-ə yaxın mahnı bu gün də sevilərək ifa olunur.

Unudulmaz sənətkar 2015-ci il sentyabrın 8-də vəfat edib.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2022.- 2 dekabr.- S.1;3.