Zəfər soraqlı teatr
bayramı
II “4.4” Qısa
Tamaşalar Festivalı
başa çatdı
Mədəniyyət Nazirliyi və “Teatro.az” sənət portalının birgə təşkilatçılığı ilə 25-30 noyabr tarixlərində keçirilən II “4.4” Qısa Tamaşalar Festivalı noyabrın 30-da başa çatdı.
“Şuşa İli”nə həsr olunan festivalın ilk üç günü haqqında ötən sayımızda bəhs etmişdik. Bu dəfə festivalın qalan üç gününün səhnə əsərləri, panel müzakirə, ustad dərsləri və bağlanış mərasimi barədə söz açacağıq.
Festivalın dördüncü günü (28 noyabr) münsiflər heyətinin bir gün əvvəl nümayiş olunan Füzuli Dövlət Dram Teatrının “Tənhalığın evi” (müəllif A.Elşadlı, rejissor N.Mirzəzadə), Azərbaycan Dövlət Pantomima Teatrının “Şinel” (N.Qoqol, C.Dadaşov) və Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının “Maneken” (F.Mustafa, R.Türkkan) tamaşalarının müzakirəsi ilə başladı. Müzakirədə münsiflər heyəti tamaşalar haqqında fikirlərini bölüşdülər. Gənc ekspert Fatimə Qurbanzadənin çıxışı da maraqla qarşılandı.
Daha sonra A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Gəncə Dövlət Kukla Teatrının “Dərdlərimin çamadanı” (H.Ataxanlı, F.Paşayev), Dövlət Akademik Rus Dram Teatrında “Mühacirlər” (S.Mrojek, Ü.Abbas) tamaşaları oynanıldı. Müsabiqədənkənar proqram üzrə isə tamaşaçılar Akademik Musiqili Teatrda K.Marcanişvili adına Tbilisi Dövlət Akademik Teatrının təqdimatında L.Tolstoyun “Kreyser sonatası” və Azərbaycan Dövlət Pantomima Teatrında Ç.Aymatovun “Əsrə bərabər gün” romanının motivləri əsasında Ceyhun Dadaşovun quruluş verdiyi “Manqurt” tamaşalarını izlədilər.
Həmin gün “Dünya teatrı müasir dövrün qlobal problemləri kontekstində” mövzusunda panel müzakirə də təşkil olundu. Əməkdar incəsənət xadimi, professorlar İsrafil İsrafilov, Aydın Talıbzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Laşa Çxartişvili, teatr tənqidçisi David Bukridze, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Beynəlxalq Teatr Tənqidçiləri Birliyinin prezidenti Anara Yerkebay, teatr tənqidçisi və “The Theatre Times” beynəlxalq teatr portalının Rusiya üzrə məsul redaktoru Emiliya Dementsova çıxışları ilə qeyd olunan problemin bu günü və gələcəyindən söhbət açdılar.
Noyabrın 29-da Azərbaycan Dövlət Kukla Teatrında bu teatrın “Zəfər zəngi” (Z.Xəlil, Q.Məsimov) və Salyan Dövlət Kukla Teatrının “Sülh naminə birləşək” pantomima (müəllif və rejissor L.Hüseynova), Akademik Milli Dram Teatrında isə “Səhnə” teatrının “Qurd əfsanəsi” (X.Əliyev, N.Ağayev) tamaşaları teatrsevərlərə təqdim olundu.
Festivalın müsabiqədənkənar proqramı üzrə isə hər ikisi birhissəli fars olan səhnə nümunələri – Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının “Mən, sən, o və telefon” (Anar, Ə.Ələkbərov) və Tbilisi Dövlət Akademik Teatrının “Kreyser sonatası” (L.Tolstoy, L.Tsuladze) tamaşaları nümayiş olundu.
Festivalın sonuncu günü daha çox ustad dərsləri, müzakirələrlə yadda qaldı.
Ötən günün tamaşa müzakirələrinin ardınca gürcüstanlı tanınmış teatr mütəxəssisləri, beynəlxalq teatr festivalları üzrə təşkilatçılar Yekaterina Mazmişvili və Nutsa Burjanadzenin moderatorluğu ilə “Festival strukturu: çağırışlar, vəzifələr və perspektivlər” mövzusunda ustad dərsi reallaşdı.
Tbilisi Dövlət Akademik Teatrının bədii rəhbəri Levan Tsuladzenin “Qafqaz tabaşir dairəsi” mövzusunda ustad dərsi də iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.
Sonra festivalın təntənəli bağlanış və qaliblərin mükafatlandırılması mərasimi oldu.
İlk festivalın uğuru onun ənənə halı almasına rəvac verdi
Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bir həftə davam edən sənət bayramı münasibətilə bütün teatrsevərləri təbrik etdi, belə layihələrin davamlı olmasının əhəmiyyətini vurğuladı. Bildirildi ki, ötən ildən keçirilən festivala böyük maraq var: “Festivalın məqsəd və məramı şanlı Zəfərimiz, 44 günlük haqq savaşımızı ehtiva etməklə onun sənət vasitəsilə əbədiləşdirilməsinə nail olmaqdır. Teatrlarımız bu işə öz töhfəsini verdi və biz Qələbəmizdən ilhamlanaraq ona “4.4” adını verdik. Pandemiyanın bir çox sahələr kimi mədəniyyətə, teatra mənfi təsirlərini aradan qaldırmağa hesablanan bu layihəmiz ötən il də yüksək səviyyədə reallaşdı və pandemiyanın yaratdığı məcburi fasilədən sonra teatr prosesinin canlanmasına vəsilə oldu. Festival regionlarda fəaliyyət göstərən teatrlarımızı da stimullaşdırmağa, onlara paytaxtda, irimiqyaslı festivalda öz imkanlarını nümayiş etdirməyə şərait yaratdı. İlk festivalın uğuru onun ənənə halı almasına rəvac verdi. Festivalın əsas özəlliyi həm də onun artıq beynəlxalq müstəvini əhatə etməsidir. Festivala xaricdə yaşayan azərbaycanlı teatr mütəxəssislərinin də cəlb olunması xüsusilə əhəmiyyətlidir”.
“Teatr hamımızın sevdiyi məkandır. O ən yaxşı tərbiyə ünvanıdır və bu mənada teatr daim təbliğ olunmalıdır”, – deyən Anar Kərimov festivalın öz məqsədinə nail olduğunu və qısa zamanda diqqəti cəlb etdiyini bildirdi. Nazir festival iştirakçılarını və qalibləri təbrik edərək onlara səhnə sənətimizin tərəqqisi və daha geniş auditoriyaya inteqrasiyası yolunda uğurlar arzuladı.
Festivalın münsiflər heyətinin sədri Əməkdar incəsənət xadimi, professor İsrafil İsrafilov, üzvlərdən Xalq artisti, Türkiyə Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov, Əməkdar incəsənət xadimləri – professor Aydın Talıbzadə, rejissor Mehriban Ələkbərzadə, professor Əli Əmirli, festivalın art-direktoru, teatrşünas Elçin Cəfərov və digər çıxışçılar da sənət bayramının təşkilatçılarına və iştirakçılarına təşəkkür etdilər.
Çıxışlardan sonra müxtəlif nominasiyalar üzrə qaliblərin mükafatlandırılması başladı. İlk olaraq “Ən yaxşı aktrisa” nominasiyasında Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, “İnanıram” monotamaşasının ifaçısı Zemfira Əbdülsəmədova qalib elan olundu.
Sonra tamaşaçılar “Münsiflərin rəğbəti”ni qazanan (yeni nominasiya) Gəncə Dövlət Kukla Teatrının aktrisası, “Dərdlərimin çamadanı” monotamaşasının yükünü çəkən Zülfiyyə Əliyevanı alqışladılar.
“Gənc ekspertlərin seçimi”ndə isə Dövlət Pantomima Teatrının təqdim etdiyi “Şinel” tamaşasının rejissoru Ceyhun Dadaşova qalib oldu.
Festivalda iştirak edən müstəqil ekspertlər isə (Gürcüstan, Rusiya, Qazaxıstan) müsabiqədənkənar tamaşanı – Akademik Musiqili Teatrın “Anamın kitabı”nı (rejissor İ.Gözəlova) mükafatlandırdılar.
Festivalın əsas mükafatına – 1, 2 və 3-cü yerlərə isə müvafiq olaraq Dövlət Pantomima Teatrının “Şinel” (rejissor C.Dadaşov), Dövlət Gənc Tamaşaçılar Teatrının “İnanıram” (rejissor E.Rəhimzadə) və “Səhnə” teatrının (müstəqil teatr) “Qurd əfsanəsi” (rejissor N.Ağayev) tamaşaları layiq görüldülər.
Nəzərinizə çatdıraq ki, hər üç yerin sahibinə festivalın diplom və kubokları ilə yanaşı pul mükafatları da verildi.
Bağlanış mərasimi Akademik Musiqili Teatrın balet və xor truppalarının rəngarəng səhnə performansları ilə yadda qaldı.
Beləcə, yaşının az olmasına baxmayaraq, sorağı artıq ölkə sərhədlərini aşan Zəfər sədalı sənət bayramı – “4.4” Qısa Tamaşalar Festivalı öz əsas məramına çatmaqla tarixə qovuşdu.
Festivalın tamaşaları haqqında yazılarımız isə davam edəcək...
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2022.- 2 dekabr.- S.1;2.