Nazir Anar Kərimov Yevlaxda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub

 

Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Anar Kərimov noyabrın 29-da Yevlax şəhər Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbuldan sonra nazir Yevlaxda bir sıra mədəniyyət müəssisələrinə baş çəkib.

Mədəniyyət naziri Yevlax rayonunun Aran qəsəbəsində Musiqi məktəbinin və Mədəniyyət evinin fəaliyyəti ilə tanış olub. Nazirə məlumat verilib ki, musiqi məktəbi 1985-ci ildə fəaliyyətə başlayıb, 2019-cu ildə məktəbin yeni binası istifadəyə verilib. Məktəbdə fortepiano, tar, qarmon, kamança və xanəndəlik ixtisasları tədris olunur, 144 şagird təhsil alır, 46 müəllim çalışır. 1958-ci ildə fəaliyyətə başlayan Mədəniyyət evinin binası 2019-cu ildə Mədəniyyət Nazirliyi tərəfindən əsaslı təmir olunub.

Daha sonra Yevlax şəhərindəki 1 və 2 nömrəli musiqi məktəblərinə baxış keçirilib. Məlumat verilib ki, 1964-cü ildə fəaliyyətə başlayan 1 nömrəli Musiqi məktəbində fortepiano, violin, tar, qarmon, xanəndəlik ixtisasları üzrə tədris aparılır. Məktəbdə 104 müəllim çalışır, 311 şagird təhsil alır. 1991-ci ildən fəaliyyət göstərən 2 nömrəli Musiqi məktəbində isə fortepiano, tar, nağara, xanəndəlik, qarmonsaz ixtisasları üzrə 247 şagird təhsil alır. Tədris ocağında 78 müəllim çalışır.

Anar Kərimov Yevlax Tarix-Diyarşünaslıq Muzeyinə də baxış keçirib. 2005-ci ildə fəaliyyətə başlayan muzeyin əsas fondunda 2580 eksponat mühafizə edilir, onlardan 800-ü daimi ekspozisiyada sərgilənir.

Nazir Yevlax Şəhər Mədəniyyət Mərkəzində, mərkəzin filialları kimi fəaliyyət göstərən Heydər Əliyev Sarayında və şəhər Yaradıcılıq evində olub.

Mədəniyyət Mərkəzi 1982-ci ildə Mədəniyyət evi kimi fəaliyyətə başlayıb, 2015-ci ildən hazırkı statusu ilə fəaliyyət göstərir. 2007-ci ildən fəaliyyət göstərən Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyi tərəfindən 2021-ci ildə əsaslı təmir işləri başlanıb. Nazir təmir işlərinin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılması ilə bağlı tapşırıq verib.

Son olaraq Yevlax şəhər MKS-nin Mərkəzi Kitabxanasına gələn Anar Kərimov kitab fondu, oxucu sayı barədə ətraflı məlumat alıb. Nazirə məlumat verilib ki, hazırda 500 minə yaxın kitab fondu olan Mərkəzi Kitabxana 1976-cı ildən fəaliyyət göstərir. 1975-ci ildə istismara verilən bina 2019-cu ildə Mədəniyyət Nazirliyi tərəfindən əsaslı təmir olunub.

Müəssisələrin ümumi fəaliyyəti, cari vəziyyəti və maddi-texniki imkanları haqqında məlumat alan Anar Kərimov mədəniyyət ocaqlarında işin günün tələblərinə uyğun qurulması ilə əlaqədar tapşırıq və tövsiyələrini verib.

 

Mədəniyyət.- 2022.- 2 dekabr.- S.3.