Mədəni irsimizin dünya miqyasında növbəti təntənəsi
Azərbaycanın qeyri-maddi
mədəni irsi ilə bağlı daha 4 element UNESCO-nun siyahısına daxil
edilib
UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin Mərakeş Krallığının Rabat şəhərində keçirilən (28 noyabr – 3 dekabr) 17-ci sessiyasında ölkəmiz üçün xüsusilə əlamətdar qərarlar qəbul olunub.
Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element UNESCO-nun tərtib etdiyi dünya xəzinəsinə – “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”na (Representative List of the Intangible Cultural Heritage of Humanity) daxil edilib.
Qeyd edək ki, Hökumətlərarası Komitənin 17-ci sessiyasında reprezentativ siyahıya təqdim edilmiş nominasiyalar arasında Azərbaycanın “Pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri” milli nominasiyası, habelə ölkəmizin iştirakı ilə hazırlanan 3 çoxmillətli nominasiya vardı: “Baramaçılıq və toxuculuq üçün ənənəvi ipək istehsalı” (Azərbaycan, Əfqanıstan, İran, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan), “Molla Nəsrəddin lətifələrinin şifahi ənənəsi” (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan) və “Çay mədəniyyəti: kimliyin, qonaqpərvərliyin və sosial əlaqələrin rəmzi” (Azərbaycan, Türkiyə).
Sessiyada bu nominasiyaların hər biri ilə bağlı müsbət qərar qəbul edilib.
Bu sıradan ilk olaraq Azərbaycan, Əfqanıstan, İran, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanın birgə təqdim etdiyi “Baramaçılıq, ipəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı” elementi “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”na salınıb.
Sözügedən nominasiya sənədi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi və UNESCO üzrə Milli Komissiya, eləcə də Əfqanıstan, İran, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanın birgə əməkdaşlığı şəraitində təqdim edilmişdi.
Sessiyada çıxış edən ölkəmizin UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev baramaçılıq, ipəkçilik və toxuculuq sənətinin Azərbaycan mədəniyyətində qədim tarixi kökə malik olduğunu bildirib, nominasiya faylının birgə verilməsində göstərilən dəstəyə görə Əfqanıstan, İran, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistana minnətdarlığını ifadə edib.
UNESCO Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında Azərbaycanın təqdim etdiyi “Pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri” nominasiya faylı da “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”na daxil edilib.
UNESCO-nun Qiymətləndirmə Orqanı tərəfindən bütün meyarlar üzrə müsbət rəy alan nominasiya faylı ilə bağlı qərar 1 dekabrda elan edilib.
Sözügedən nominasiya sənədi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi və UNESCO üzrə Milli Komissiyanın birgə əməkdaşlığı şəraitində təqdim edilib.
Ölkəmizin nümayəndə, heyəti adından çıxış edən Elman Abdullayev pəhləvanlıq sənətinin Azərbaycan mədəniyyətinin önəmli bir hissəsi olduğunu diqqətə çatdırıb, bu sənətin qədim tarixi kökə malik olduğunu bildirib.
Daimi nümayəndə Azərbaycan Respublikası adından UNESCO Qiymətləndirmə Orqanına və Hökumətlərarası Komitəyə xalqımızın mədəni dəyəri olan bu nümunəni dəstəklədiklərinə görə təşəkkür edib.
Daha sonra Azərbaycanda pəhləvanlıq və ənənəvi zorxana oyunları ilə bağlı sessiya iştirakçılarına qısa videoçarx nümayiş etdirilib.
***
Sessiyanın dekabrın 1-də keçirilən iclasında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanın birgə təqdim etdiyi “Molla Nəsrəddin lətifələrinin şifahi ənənəsi” nominasiyası da UNESCO-nun reprezentativ siyahısında yer alıb.
Çoxmillətli nominasiya faylı Azərbaycan Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi və UNESCO üzrə Milli Komissiya, eləcə də Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanın birgə əməkdaşlığı şəraitində təqdim edilib.
***
Dekabrın 1-də sessiyada, həmçinin Azərbaycan və Türkiyənin birgə təqdim etdiyi “Çay mədəniyyəti: kimliyin, qonaqpərvərliyin və sosial təmasın simvolu” nominasiyası UNESCO-nun Qiymətləndirmə Orqanı tərəfindən bütün meyarlara dair müsbət rəy alaraq “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”na daxil edilib.
Nominasiya sənədi Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi, UNESCO üzrə Milli Komissiya və Türkiyənin müvafiq qurumlarının birgə əməkdaşlığı şəraitində təqdim edilib.
Səfir Elman Abdullayev çıxış edərək çay mədəniyyətinin Azərbaycan xalqının qonaqpərvərliyinin göstəricisi, mədəniyyətimizin önəmli elementi olduğunu vurğulayıb, Azərbaycan Respublikası adından UNESCO-nun Qiymətləndirmə Orqanına və Hökumətlərarası Komitəyə təşəkkürünü bildirib.
***
Qeyd edək ki, Hökumətlərarası Komitənin Rabatda keçirilən sessiyasında ölkəmiz Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi, Mədəniyyət Nazirliyi, UNESCO üzrə Milli Komissiya və Mərakeş Krallığındakı səfirliyimiz tərəfindən təmsil olunur.
Sessiyada qəbul olunan əlamətdar qərarlarla UNESCO-da qeydə alınan qeyri-mədəni irs nümunələrimizin sayı 19-a çatıb. Onlardan 17-si “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”na, 2-si isə “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı”na daxil edilib. Bu elementlərdən 11-i ölkəmiz tərəfindən milli nominasiya olaraq, 8-i Azərbaycanın da iştirakı ilə çoxmillətli nominasiya kimi hazırlanaraq təqdim edilib.
UNESCO Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında əldə olunan bu mühüm nailiyyət Azərbaycanın qədim və zəngin mədəni irsinin dünya miqyasında növbəti təntənəsidir.
Mədəniyyət.- 2022.- 2 dekabr.- S.1;2.