Şuşaya gedən yolumuz...
Azərbaycan ədəbiyyatı və bütövlükdə Azərbaycan mədəniyyəti əsrlər boyu görkəmli şəxsiyyətləri ilə tanınıb. Onların bir çoxunun həyat və yaradıcılığı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin ekspozisiyasında təbliğ olunur. Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti ilə bilavasitə bağlı olan görkəmli şəxsiyyətlərin arasında qarabağlı şair və yazıçıların da özünəməxsus yeri var. Xalqımızın Qarabağ həsrətinə son qoyan Vətən müharibəsindəki tarixi Zəfərdən sonra, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Şuşa şəhərinin “Azərbaycanın mədəniyyət paytaxtı” elan edilməsi, 2022-ci ilin “Şuşa İli” kimi tarixə düşməsi Qarabağın, Şuşanın mədəniyyətimizə, ədəbiyyatımıza bəxş etdiyi böyük şəxsiyyətlərin də ruhuna ehtiramın təzahürüdür.
Akademik Rafael Hüseynov “Üçqat əziz” məqaləsində belə qeyd edir: “Bu gün Şuşa keçmişlərdən tanınıb-bilinən Şuşa deyil. Bu gün Şuşa Azərbaycandır”.
Vətənimizin işğal olunmuş torpaqlarında olmasam da, hələ tələbəlik illərindən mən də yaşıdlarımla birgə onun ağrı-acısını hiss etmişəm. İllər sonra isə həmin doğma torpaqların azad edilməsi sevincini yaşamaq bizlərə nəsib oldu. Həmin sevinc dolu duyğuları bu günlərdə, 22 noyabrda Şuşaya ilk dəfə etdiyim səfər zamanı yenidən yaşadım.
Bəlkə də gördüklərimin və duyduqlarımın sözlə ifadəsi o qədər də təsirli olmayacaq, amma doğma yurdunu, Vətən torpağını sevən hər bir azərbaycanlı kimi deyə bilərəm ki, bu duyğuları təkrar yaşamaq, həqiqətən də, əvəzolunmaz idi. Şuşaya gedən yol boyunca bu sevinc hissləri ilə yanaşı, vaxtilə bu torpaqları məcburi olaraq tərk etmiş həmvətənlərimizin çəkdikləri ağrı-acıları da yaşadım. Bax elə buna görə də Zəfər yolunun yolçusu olmaq heç də asan deyil. Çünki bu yolda həm sevinc, həm də kədəri eyni anda yaşayırsan. Bu gün biz ona görə qürurluyuq ki, torpaqlarımız azad olunub, həm də kədərliyik, çünki bu torpaqların azad olunmasında şəhidlər verdik, ancaq eyni zamanda əminik ki, indi torpaq uğrunda gedən cəmi şəhidlərimizin ruhu şaddır.
Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin
qaliblərindən biri – “Miras”
Mədəni İrsin Öyrənilməsinə
Kömək İctimai Birliyi
Şuşaya səfərimizin əsas səbəbkarı
oldu. Birliyin təşkilatçılığı
ilə Şuşada keçirilən “Tarixi yerlər
və abidələr” IV Beynəlxalq Simpoziumu
hər birimizdə xoş və unudulmaz təəssürat yaratdı.
Simpoziumda 70-dən çox alim və tədqiqatçı Şuşanın tarixi-mədəni irsi haqda məruzə ilə çıxış etdi. Bülbülün Şuşadakı ev-muzeyində təşkil olunan tədbirdə Türkiyə, İtaliya, Şimali Makedoniya, Gürcüstan, İran və Rusiyadan da tədqiqatçılar iştirak edirdilər. Təşkilat komitəsinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli açılış nitqindən sonra muzeyin direktoru Fəxrəddin Hacıbəyli iştirakçıları salamladı. Tarix elmləri doktorları, professorlar Şikar Qasımov, Eynulla Mədətli, professor, sənətşünaslıq doktoru Kübra Əliyeva, İtaliyadan bərpaçı-memar, professor Luici Skrinzi, Şimali Makedoniyadan antropoloq, professor Rubin Zemonun çıxışları dinlənildi.
Simpozium bir daha sübüt etdi ki, Azərbaycanın igid və qəhrəman övladlarının qanı bahasına alınan torpaqlarımızı qorumaq, habelə buradakı maddi mədəni sərvətlərimizin təbliğini və tədqiqini təşkil etmək, həqiqətən də, son dərəcə zəruri və gərəklidir.
Şuşa şəhərinə səfər bir gün nəzərdə tutulduğu üçün simpoziumun digər məruzəçilərinin çıxışları videolentə alınmışdı və Şuşa səfəri zamanı onları “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sosial media səhifələrindən izləmək imkanımız oldu.
Yol boyu bizə Şuşa haqqında məlumat verən AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun tarix üzrə fəlsəfə doktoru, dosent Pərvin Ahənçinin söylədiklərini də böyük maraqla dinlədik. 1992-ci ildə Şuşadan ayrılan Pərvin xanımın da bizim kimi buraya ilk səfəri idi. Onun bəzən titrək səsindən, bəzən də özündən asılı olmayan sevinc və kədərini ifadə edən gizli göz yaşlarından keçirdiyi hissləri duya bilirdik.
Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinin yaranması, inkişafı və yüksəlişi XVIII əsrin birinci yarısında Qarabağ xanlığının əsasını qoyan Pənahəli xan Cavanşirin adı ilə bağlıdır. Nizami muzeyinin ekspozisiyasında Pənahəli xanın üzərində müqəddəs “Qurani-Kərim”dən ayələr yazılmış “Gülləbatmaz” köynəyi və XVIII əsr Qarabağ xanlığına məxsus fərmanlar mühafizə olunur. Eyni zamanda Molla Pənah Vaqifin məqbərəsinin maketi sərgilənir, Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Fatma xanım Kəminə, Nəcəf bəy Vəzirov, Firidun bəy Köçərli, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Üzeyir Hacıbəyli və başqalarının həyat və yaradıcılığını əks etdirən guşələr təqdim olunur.
Azərbaycan ədəbiyyatının və mədəniyyətinin işıqlı simalarını xatırlatmağım əbəs deyil. Azərbaycanın bir çox yaradıcı və görkəmli şəxslərinin Nizami muzeyinin ekspozisiyasında sərgilənməsinə baxmayaraq, sözsüz ki, Şuşa da öz torpağının yetirmələri üçün qəribsəyib. Səbirsizliklə “Şuşa İli”ndə muzeyin Xurşidbanu Natəvan adına Qarabağ filialının yenidən qurulması və bərpasının şahidi olacağımız günü gözləyirik. Bu baxımdan Şuşada gəzdiyimiz Cıdır düzü və Molla Pənah Vaqifin məqbərəsi, ikimərtəbəli karvansara, Yuxarı və Aşağı Gövhər ağa məscidləri, Güllələnmiş heykəllər memorialı, Natəvanın evinin qalıqları, Gəncə qapısı və qala divarları ilə tanışlıq maraqlı idi. Cıdır düzü... Həqiqətən də, dedikləri qədər, təsvir etdikləri qədər var imişsən.
Ədəbiyyatımızın, tariximizin hər yaralı səhifəsini Nizami muzeyinin ekspozisiyasında təqdim etdikcə ürəyimiz sızlayırdı. İndi Şuşada aparılan yenidənqurma və bərpa işləri ümidverici və sevindiricidir. Bu düşüncələr içərisində hər addımbaşı qeyri-ixtiyari olaraq şəhidlərimizi xatırlayırdıq. Gözüyaşlı analarımızın fəryadı gözlərimiz önündə canlanırdı. Analar ürəklərindəki ağrı-acını göz yaşları ilə toxtadır, təskinlik tapırlar. Amma atalar bu ağrını çox vaxt səssiz və içdən yaşayırlar. Tədbir iştirakçıları arasında çıxış edən şəhid ataları – Ağsu rayonu Gəgəli kəndidən Əli İbişov, Pərviz Quliyev və Aqil Süleymanov hamımızı kövrəltdi. O an onların göz yaşları ürəklərinə axırdı. Onlar da bizim kimi bu yerləri həm fəxrlə, həm də ürək sızıltısı ilə seyr edirdilər. Amma fərq onda idi ki, düşmən tapdağında olan torpaqlarımıza ilk olaraq onların övladlarının ayağı dəymişdi. Şuşanın hər daşı, hər qarışı, hətta sıldırım dağları belə şəhidlərimizi xatırladırdı.
Həmkarlarım – filologiya üzrə fəlsəfə doktorları Nəzmiyyə Yigitoğlu və Gülnar Əqiq ilə birlikdə etdiyimiz bu səfər hər birimizin yaddaşında silinməz izlər qoydu.
Şuşadan doymaq əsla mümkün deyil, xüsusən bir günün qonağı olub doymaq inandırıcı deyil. Amma yenə də olsun, bu bir gündə doğma, müqəddəs diyarın - Şuşanın ətrini sanki içimizə çəkmək istəyirdik.
Doğma yurdum,
gözəl Şuşam.
Fəsil-fəsil görüb səni,
Doyum-doyum gəzib
dağı, göy çəməni,
yenə səndən doymamışam... (Rəsul Rza)
Və bu uzun yolun yorğunluğunu əsla duymadıq. Çünki həm Şuşaya yol alanda, həm də doğma Bakımıza qayıdanda yolboyu Şuşa təəssüratları ilə yaşayırdıq. Elə həmin hisslərlə də diləyimiz budur ki, Şuşaya gedən yolumuz axarıncı olsun!...
Sevinc Ayazqızı
Nizami Gəncəvi
adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin əməkdaşı
Mədəniyyət.- 2022.- 2 dekabr.- S.6.