Doqquz il hərbi
təhsil, iki ay xidmət
və əbədiyyət...
Bu yaxınlarda Mədəniyyət Nazirliyi və “Söz” ədəbi layihəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi iştirakçısı olan şəhid və qazilərin şeirlərindən ibarət “İgidlərin sözü” antologiyasının təqdimatı keçirildi. Sözü və əməli ilə igidlik, ərlik nümunəsi olan, doğma yurdun müdafiəsinə qalxan bu mərd oğulları tanıdıqca, ədəbi nümunələri ilə tanış olduqca qəlbində ülvi arzular, nəcib duyğular gəzdirən Vətən oğullarının şücaəti qarşısında bir daha baş əyməli olursan.
“Qəhrəmanların özü və sözü” rubrikasında şəhid və qazi yazarlarımızın həyatı, döyüş yolu və yaradıcılıqları barədə məlumat verəcəyik.
Bu sayımızda şeirlərinin mayasını Vətən, sevgi və nəciblik təşkil edən şəhid şair, leytenant Murad Nağıyevdən söz açacağıq. Murad elə məktəb yaşlarından vətənpərvərlik hissləri ilə seçilən uşaqlardan olub. Belə olmasaydı, Cəmşid Naxçıvanski adına Hərbi liseyə qəbul üçün müraciət etməzdi...
Murad Mayıl
oğlu Nağıyev
9 fevral 1997-ci ildə Qazax rayonunda anadan olub. Kiçik yaşlarında
ailəsi Bakıya köçür. Bakıxanov
qəsəbəsində 271 nömrəli məktəbin
8-ci sinfini bitirdikdən
sonra C.Naxçıvanski
adına Hərbi liseyə (2011) qəbul imtahanlarında iştirak edir və yüksək nəticələr göstərdiyinə
görə Türkiyəyə,
Kuleli Hərbi liseyinə oxumağa göndərilir. Onu da qeyd edək ki, üstün
zəkası və riyaziyyatdan yüksək nəticələr göstərdiyi
üçün hətta
müəllimləri ona
“riyaziyyat dahisi” adını vermişdilər.
2015-ci ildə həmin liseyi uğurla başa vuran Murad Ankarada
Quru Qoşunları Məktəbinə daxil olur. 2016-cı ildə
təhsil ocağını
bitirərək Azərbaycana
qayıdır və təhsilini Heydər Əliyev adına
Azərbaycan Ali Hərbi
Məktəbində davam
etdirir. Ömrünün 9 ilini hərb
sənətinin sirlərini
öyrənməyə həsr
edən Murad Nağıyev 2020-ci ildə
bu məktəbdən
tank bölmə, hissə
və birləşmələrinin
döyüşə tətbiqi
ixtisası üzrə
məzun olur. Həmin il
N saylı hərbi hissəyə təyinat alır və tank taborunda taqım komandiri vəzifəsində
xidmətə başlayır.
19 iyun 2020-ci il tarixində gənc komandirə “leytenant” hərbi rütbəsi verilir.
Üç ay sonra – 27 sentyabrda Vətən müharibəsi,
haqq savaşımız
başlanır. Murad da rəhbərlik etdiyi heyətlə Füzulinin Horadiz kəndinin düşməndən
azad edilməsində şücaət göstərir,
bundan əlavə, Füzuli, Cəbrayıl, Zəngilan rayonları və Hadrut qəsəbəsi uğrunda
döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvə və zirehli texnikasını məhv edir. Ordumuzun şücaəti qarşısında
duruş gətirə
bilməyən yağının
döyüş texnika
və qurğuları,
sursatı qənimət
kimi götürülür.
Şəhidin anası Xavər
xanım deyir ki, oğlu 9 il hərbi
təhsil aldığı
üçün uzun illər ondan ayrı düşüblər:
“Təhsilini bitirib gələndə çox
sevinirdi, nəhayət,
sevdiyi peşə üzrə çalışmağa
başlayacaqdı. 9 illik
təhsilinin müqabilində
iki ay xidmət edə bildi. Müharibə başlayan ilk gündən
oğlum ön cəbhədə olub.
Oğlumun mərdliyindən bütün hərbi hissə danışır”.
Murad oktyabrın
11-də Cəbrayıl rayonu
ərazisində döyüş
zamanı düşmənin
uzaqdan idarə olunan tank əleyhinə raket zərbəsi nəticəsində şəhidlik
zirvəsinə ucalır. Qəhrəman tankçının şəhid
olduğu ərazi 8 gündən sonra tam nəzarətə götürülür
və o, oktyabrın
20-də Bakıda İkinci
Fəxri xiyabanda dəfn olunur.
Murad Nağıyev
dövlət başçısının
müvafiq sərəncamları
ilə “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Hələ uşaq yaşlarından incəsənətə maraq
göstərən Murad
müxtəlif musiqi alətlərində ifa etməyi öyrənmişdi. Həmçinin tələbəlik illərindən
həm Türkiyə türkcəsində, həm
də ana dilimizdə şeirlər qələmə alıb.
Şeirləri müəllimləri
tərəfindən yüksək
qiymətləndirilib və
hələ Kuleli liseyində təhsil alarkən, 2015-ci ildə “Mürəkkəbimdir Kuleli”
dərgisində çap
edilib. Şəhadətindən
sonra isə Muradın şeirləri Avrasiya Yazarlar Birliyinin orqanı “Qardaş qələmlər”
jurnalında və Azərbaycan Yazıçılar
Birliyinin “Ədəbiyyat
qəzeti”ndə dərc
olunub. Bu il
şəhid şairin
şeirləri və yaxınlarının xatirələrindən
ibarət “Murad” adlı kitab da ərsəyə gəlib.
Şəhid Murad Nağıyev təkcə döyüş
meydanında deyil, söz meydanında ad qoyan şəhidlərimizdəndir. Sonda şəhid şairimizin türkcə qələmə
aldığı “İstanbul
və həyat” şeirini təqdim edirik:
Yeni bir gün başlat hayatta.
Sabah güneş kendini göstermeye başlar,
Sonsuz ufuklarda.
İlk ışıklar
akseder deniz üstünde.
Öylece
izlemeye başlarsın
güneşin doğuşunu,
Sonra dayanamazsın bu güzellik karşısında,
İçini bir ferahlık kaplar.
Yüzün güler, hayran kalırsın bu eşsizliğe.
Her şey uçuverir aklından,
Kilitlenip kalırsın bu manzaraya,
Ama uzun sürmez bu güzellik,
Hayat gibi güzel görünür ilk başta.
Ve bitti artık bu doyumsuz güzellik,
Acı vermeye başlamıştır çok
sevdiğin ışıklar.
Gözlerin kamaşır, dayanamazsın,
bakamazsın,
Sonra yüzün
yanmaya başlar.
Bir tokat yemiş gibi yüzün yanar,
Evet bir tokat, hayattan yediğin bir tokat.
Ne tuhaf, değil mi?
İlk önce
aldanıp sonra yanmak.
Lalə Azəri
Mədəniyyət.- 2022.- 7
dekabr.- S.6.