Bakı Xoreoqrafiya Akademiyasında Xan qızının yubileyi qeyd edilib

 

Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın 190 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirin ədəbi hissəsində tam orta təhsil pilləsinin şagirdləri Xan qızının həyat və yaradıcılığı haqqında məlumat verib, onun “Qərənfil”, “Könlüm”, “Ölürəm” və “Gülün” rədifli qəzəllərini qiraət ediblər. Natəvanın ədəbi irsini əks etdirən videoslayd da nümayiş etdirilib.

BXA-nın Azərbaycan dili və ədəbiyyatı müəllimi Aypara Məmmədovanın ifasında İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesindən Natəvanın monoloqundan bir hissə təqdim edilib.

Yubileyi tədbir Natəvanın zəngin mənəviyyatı, humanist və xeyirxahlıq dolu bədii və ictimai irsinə həsr olunmuş elmi-nəzəri konfransla davam etdirilib. İctimai fənlər kafedrasının müdiri Elnurə Kazımzadə “Şərqin müasir, maarifçişair qadını Xurşidbanu Natəvan”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aysel Məmmədəliyeva “Azərbaycan heykəltəraşlığında Xurşidbanu Natəvan obrazı” və BXA-nın müəllimi Sevinc Əliyeva “Azərbaycan təsviri sənətində Xurşidbanu Natəvanın bədii obrazının təcəssümü” adlı məruzələrlə çıxış ediblər.

 

Mədəniyyət.- 2022.- 7 dekabr.- S.5.