Sankt-Peterburqda Nizami Gəncəvi haqqında kitabın təqdimatı
Rusiyanın Sankt-Peterburq şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş kitab nəşr olunub. UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi ilə nəşr olunmuş “Nizami Gəncəvi 880” (rus dilində) adlı kitabda Azərbaycan, Rusiya, Türkiyə və Almaniyadan on doqquz alimin elmi məqaləsi toplanıb.
Toplunun tərtibatçısı və ön söz müəllifi Sankt-Peterburq Dövlət Universitetinin müəllimi Şahnaz Kamalova, nəşrin elmi redaktorları AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfzadə və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin müəllimi, tarix elmləri namizədi Darya Jiquliskayadır.
Sankt-Peterburqdakı V.V.Mayakovski adına Mərkəzi Şəhər Kitabxanasında “Nizami Gəncəvi 880” kitabının təqdimat mərasimi keçirilib.
Kitabxananın nəzdindəki “Şərq mədəniyyəti mərkəzi”nin direktoru Mariya Zuyeva tədbiri açaraq mərkəzdə Azərbaycan dilində olan kitablar haqqında məlumat verib.
Tərtibçi Şahnaz Kamalova, Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunun əməkdaşı Rəhim Rəhimzadə, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi, kitabda yer alan məqalələrdən ikisinin müəllifi Vəfa Hacıyeva, Sankt-Peterburqda yerləşən “Çinar” Milli-Mədəni Mərkəzinin rəhbəri Xeyransa Mirzəyeva və digər çıxış edənlər nəşr barədə, Nizami Gəncəvinin ümumbəşəri irsi haqqında fikirlərini bölüşüblər. Görüşə telekörpü vasitəsilə bəzi müəlliflər də qoşulub.
Tədbirdə “Çinar”
ansamblının solistləri Cavid Abbasov, Cahan Məmmədova
və Fidan İsmayılova milli rəqs nömrələri ilə
çıxış ediblər.
Mədəniyyət.- 2022.- 7
dekabr.- S.8.