Rusiya və Azərbaycanın mədəniyyət
xadimləri arasında dialoq
Diplomatik münasibətlərin 30 illiyi münasibətilə
Dekabrın 5-də Bakıdakı Rus Evində (Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi) “Rusiya və Azərbaycanın mədəniyyət xadimləri arasında dialoq. 30 illik uğurlu əməkdaşlıq” adlı tədbir keçirilib. İki ölkə arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş tədbirdə Azərbaycanın və Rusiyanın muzey, kitabxana və teatr nümayəndələri iştirak ediblər.
Rusiyanın Azərbaycandakı Səfirliyinin ikinci katibi Pavel Kuznetsov çıxış edərək iki ölkə arasında mədəni əlaqələrdən danışıb. Bu ilin fevralında Rusiya və Azərbaycan prezidentləri tərəfindən imzalanmış “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannaməyə toxunan diplomat bunun ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyini qeyd edib.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Azərbaycan-Rusiya mədəni əlaqələrinin tarixindən danışıb. Qeyd edib ki, Milli Kitabxana Rusiyanın bir çox aparıcı kitabxanaları, xüsusən də Rusiya Dövlət Kitabxanası, Prezident Kitabxanası, Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanası ilə sıx əməkdaşlıq edir, məlumat və təcrübə mübadiləsi aparır. Diqqətə çatdırılıb ki, Milli Kitabxana dünyanın 60 ölkəsi ilə beynəlxalq kitab mübadiləsi yaradıb, kitabxananın beynəlxalq əməkdaşlıq zalında müxtəlif ölkələrin ədəbiyyatına, tarixinə, mədəniyyətinə dair nəşrlər yer alıb.
K.Tahirov bu il keçirilən 8-ci Bakı Beynəlxalq Kitab Sərgisi və Milli Kitabxananın sərgi zamanı təşkil etdiyi tədbirlərdən də danışıb. O, gələn il Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyinin qeyd olunacağını və yubiley çərçivəsində Bakıda Avrasiya Kitabxanalar Assambleyasının növbəti iclasının keçiriləcəyini bildirib.
Azərbaycan və Rusiyanın mədəniyyət xadimlərinin görüşündə qarşıdakı illər üçün ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.
Tədbir çərçivəsində iki ölkənin kino sahəsində
əməkdaşlığına həsr olunmuş
dəyirmi masa da keçirilib. Bakıdakı Rus
Evində Rusiya Dövlət Mərkəzi
Kino Muzeyinin “Ulduzlar sönmür”
adlı sərgisi açılıb. Sərgi Azərbaycan
kinematoqrafiyasının təşəkkülündən sovet dönəminin sonuna
qədər olan dövrə həsr edilib. Sərginin adı rejissor
Əjdər İbrahimovun
ekranlaşdırdığı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin birinci sədri Nəriman Nərimanovun həyat
və fəaliyyətindən bəhs edən “Ulduzlar
sönmür” filminin
adından götürülüb. Muzeyin sərgidə təqdim olunan
kolleksiyası XX əsrdə Azərbaycan
kinematoqrafiyasının, demək olar ki, bütün mərhələlərini
əks etdirir.
Mədəniyyət.- 2022.- 7
dekabr.- S.3.