140 ölkə
üzrə 678 element: UNESCO-da kimin daha
çox irs
nümunəsi var?
Təşkilatın qeyri-maddi mədəni irs
xəzinəsi bu il əlavə 48 nümunə ilə zənginləşib
Xəbər verdiyimiz kimi, 28 noyabr – 3 dekabr tarixlərində Mərakeşin
paytaxtı Rabatda
UNESCO-nun Qeyri-maddi mədəni
irsin qorunması üzrə Hökumətlərarası
Komitəsinin 17-ci sessiyası
keçirilib. Sessiyada, gündəlikdəki digər
məsələlərə yanaşı, UNESCO-nun qeyri-maddi
mədəni irs üzrə siyahılarına yeni nominasiyaların salınması
haqqında da qərarlar qəbul edilib.
Beləliklə, “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”na (Representative List of the
Intangible Cultural Heritage of Humanity) 39 nominasiya,
“Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı”na (List
of Intangible Cultural Heritage in Need of Urgent Safeguarding) 5 nominasiya (onlardan 1-i – Ukraynanın mətbəx nümunəsi borş haqqında qərar iyul ayında Hökumətlərarası Komitənin
növbədənkənar sessiyasında
qəbul edilmişdi) və “Bəşəriyyətin
ən yaxşı mühafizə təcrübəsi
Reyestri”nə (Humanity Register of Good
Safeguarding Practices) 4 nominasiya olmaqla – ümumilikdə 48
element bu il UNESCO-da qeydə alınıb.
Onlardan 34-ü milli,
14-ü isə çoxmillətli
(iki və daha çox ölkə tərəfindən)
nominasiya olaraq qəbul olunub. Hazırda
UNESCO-nun müvafiq siyahılarında
140 ölkənin ümumilikdə
678 irs elementi var. Müqayisə üçün
deyək ki, iki il əvvəl,
2020-ci ildə bu göstərici 131 ölkədən
584 element idi.
Qeyd edək ki, UNESCO-nun qeyri-maddi mədəni irs üzrə
siyahıları 2008-ci ildən,
təşkilatın bununla
bağlı müvafiq
konvensiyası (2003-cü ildə
qəbul olunub) qüvvəyə minəndən
sonra tərtib edilməyə başlanıb.
Müvafiq siyahılara ən
çox nümunə
ilk iki ildə (2008 –
90, 2009 – 86) daxil edilib.
2009-cu ildən bu yana isə
UNESCO-da ən çox element məhz bu il qeydə
alınıb. 2021-ci ildə bu rəqəm
47, 2020-ci ildə 35 idi.
Əlamətdar faktdır ki, Hökumətlərarası Komitənin
17-ci sessiyasında qeyri-maddi
mədəni irsi ilə bağlı ən çox elementi qəbul edilən ölkələr
arasında Azərbaycan
və Türkiyə də var. Məlum olduğu kimi, Azərbaycanın pəhləvanlıq
sənəti ilə bağlı milli nominasiyası və ölkəmizin iştirakı
ilə təqdim olunan daha üç
nominasiya (çay mədəniyyəti, Molla
Nəsrəddin lətifələri
və baramaçılıq-ipəkçilik
sənəti) bu sessiyada qəbul edilib. Türkiyə də sözügedən üç çoxmillətli
nominasiya, həmçinin
“Ahlat ənənəvi
daş ustalığı”
milli nominasiyası (“Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı”)
ilə birgə adını dörd dəfə UNESCO-dakı irs xəzinəsinə yazdıra bilib.
Bu sessiyada İran
da qonşu ölkələrlə birgə
təqdim etdiyi 4 nominasiya (o cümlədən
Azərbaycanın da yer aldığı baramaçılıq-ipəkçilik sənəti ilə bağlı nominasiya) sayəsində UNESCO-dakı
siyahısını zənginləşdirib. Fransa isə
UNESCO-dakı aktivini 3
element artıra bilib.
Onu da qeyd edək ki, 17-ci sessiyaya “Bəşəriyyətin qeyri-maddi
mədəni irsinin Reprezentativ Siyahısı”
üzrə 46 nominasiya
təqdim edilmişdi. Sessiyadan
keçməyən yeddi
element arasında İran,
Tacikistan və Özbəkistanın birgə
təqdim etdiyi “Rübabın yaradılması
və ifaçılıq
sənəti”, “Gürcüstanda
ənənəvi at oyunları”
milli nominasiyası da var.
Qəbul olunan nominasiyalar sırasında isə Fransanın baget çörəyi, Almaniyada müasir rəqs sənəti, Çinin çayçılıq ənənəsi kimi nümunələri də qeyd edə bilərik. İran və Suriyanın birgə təqdim etdiyi ud ifaçılıq sənəti də qəbul olunub.
UNESCO-da qeydə alınan qeyri-maddi mədəni
irs elementlərinin sayına görə birinci yerdə Çin Xalq Respublikasıdır – 43 nümunə. İkinci sırada 26 elementlə Fransa, üçüncü
sırada isə 25 nümunə ilə Türkiyədir. Ötən
il üçüncü
olan Yaponiya bu il aktivinə 1 element yazdıra bilib və
indi İspaniya ilə
(hər ikisi 23 element) dördüncü
sıranı bölüşür. Amma ispanlardan fərqli olaraq, Yaponiya bütün elementləri milli
nominasiya olaraq təqdim
edib. Sonrakı yerlərdə Koreya Respublikası (22) və İran
(21) var. Azərbaycan 19 element
(17-si “Bəşəriyyətin qeyri-maddi
mədəni irsinin Reprezentativ
Siyahısı”nda, 2-si “Təcili qorunmaya
ehtiyacı olan qeyri-maddi
mədəni irs Siyahısı”nda) ilə
sıralamada səkkizincidir. Element sayına görə ilk onluqda İtaliya (17) və Belçika (16) da var.
V.Kamal
Mədəniyyət.- 2022.- 7
dekabr.- S.1;8.