Maestro Rauf
Abdullayevin 85 illiyi qeyd olundu
60 il dirijor pultu arxasında dayanan sənətkar bu dəfə orkestri zaldan izlədi
Bu il görkəmli dirijor, Xalq artisti,
Dövlət mükafatı
laureatı Rauf Abdullayevin
anadan olmasının
85 illiyidir.
Maestronun
yubileyi münasibətilə
dekabrın 2-də M.Maqomayev
adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təntənəli gecə
keçirildi.
Konsertin başlanmasına 5-6 dəqiqə
qalıb. Səhnə arxasında aparıcı
da, orkestrin üzvləri də həyəcanlı görünürlər.
Budur, üçüncü zəng
vurulur və hazırıq işarəsi
verilir. Salamlamadan sonra orkestrin
üzvləri səhnəyə
çıxır. Hər kəsin
gözü səhnədədir.
Axı bugünkü konsert bu salonda yüzlərlə
konserti dirijor pultu arxasında idarə edən Xalq artisti Rauf
Abdullayevin 85 illik yubileyinə həsr edilib. Yubilyar bu dəfə
ənənəni azca
pozaraq zala tamaşaçı kimi daxil olur.
Gurultulu
alqışlarla qarşılanan
maestronu təbrik etməyə gələnlər
arasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər
şöbəsinin müdiri
Fərəh Əliyeva
və mədəniyyət
nazirinin birinci müavini Vaqif Əliyev, sənətkarın
həmkarları, dostları,
ictimaiyyət nümayəndələri
var.
Azərbaycan Milli Konservatoriyasının
prorektoru professor Lalə
Hüseynova səhnəyə
çıxaraq maestronun
yaradıcılığından, dirijor sənətinin yaranma tarixindən söz açır. Qeyd edir
ki, dirijorluğun ayrıca bir sənət kimi formalaşma tarixi o qədər də qədim deyil. Musiqi ifaçısız yaşamır.
Musiqiyə can verən,
onu notlarla dinləyiciyə çatdıran
məhz ifaçılardır.
Bu baxımdan dirijor sənəti xüsusi bir özəlliyə malikdir.
O, heç bir musiqi alətində ifa etmir, lakin
bütün bu alətləri idarə edir. Musiqinin məzmununu, ideyasını
çatdırmaq onun vasitəsilə gerçəkləşir:
“Hər dirijorun öz dünyası, təxəyyülü, musiqiyə
baxışı var. Biz orkestrdə
səslənən musiqini,
bəstəkarın ideyasını
məhz dirijor vasitəsilə mənimsəyərək
hiss edirik. Nə yaxşı ki,
Azərbaycan musiqisində
dahi bəstəkarların
yanında duran böyük dirijorlar da olub. Azərbaycan musiqisini Niyazisiz təsəvvür etmək
mümkün deyil.
Musiqi mədəniyyətimizin dünya
miqyasına çıxmasında
onun çox böyük əməyi
var. Niyazidən sonra
Azərbaycan musiqisində
yeni bəstəkarlar,
ifaçılar nəsli
yetişdi. Onların sırasında
maestro Rauf Abdullayevin adını xüsusi qeyd etmək lazımdır”.
R.Abdullayevin repertuarının zəngin
olduğunu deyən prorektor dirijorun klassik və müasir əsərləri
eyni məharətlə
idarə etdiyini diqqətə çatdırdı:
“Bir çox tanınmış bəstəkarımızın
əsərləri onun
dirijorluğu ilə səslənib. R.Abdullayev opera, simfonik orkestr,
həmçinin kamera
orkestri dirijoru kimi fəaliyyət göstərib. Uzun illər
Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrında çalışıb və
50-yə yaxın tamaşaya
rəhbərlik edib.
O, 85 illik ömrünün
60 ilə yaxın bir dövrünü bu çətin sənətə həsr edib, onun inkişafına
töhfələr verib”.
L.Hüseynova çıxışının sonunda yubilyara təbriklərini çatdırdı,
cansağlığı və
yaradıcılıq uğurları
arzuladı.
Üzeyir
Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrini idarə etmək üçün
ilk olaraq pult arxasına gənc dirijor Mustafa Mehmandarov keçir. Orkestrin ifasında C.Verdinin
“Taleyin yolu” operasından uvertüra səslənir. Bu əsəri indiyədək
dəfələrlə dinləsək
də, yubiley əhvallı olduğundanmı,
yoxsa soyuq dekabr gecəsinin təsirindənmi bu dəfə orkestr bəstəkarın qayəsini
daha hərarətlə
tamaşaçılara ötürmüş
oldu.
Alqışlarla qarşılanan əsər bitdikdən sonra yubilyara ünvanlanan təbriklər videoçarx şəklində təqdim edildi. SSRİ Xalq artisti Tamara Sinyavskaya, Xalq artistləri Fərəc Qarayev, Elçin Əzizov, dünya şöhrətli rusiyalı musiqiçilər Maksim Vengerov, Sergey Doqadin Rauf Abdullayevə təbriklərini ünvanladılar.
Təbriklərdən sonra gecə Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə M.Musorqskinin “Sərgidən şəkillər” əsərinin səslənməsi ilə davam etdi. Dinləyicilər gözəl musiqidən, orkestrin virtuoz və ifadəli ifasından böyük zövq aldılar.
Konsert bitdikdən sonra gurultulu alqışlarla səhnəyə dəvət olunan və çiçək dəstələrinə qərq olan yubilyar sənətkar tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü ifadə edərək orkestrə və gənc həmkarlarına uğurlar arzuladı.
Qeyd edək ki, dövlət başçısının 28 oktyabr 2022-ci il tarixli sərəncamı ilə Xalq artisti Rauf Abdullayev Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə I dərəcəli “Əmək” ordeninə layiq görülüb.
L.Azəri
Mədəniyyət.- 2022.- 7
dekabr.- S.3