Ağsuda aşıq Mirzə Bilalın 150 illiyi qeyd edilib

 

 

İsmayıllı RMİ-nin əhatə etdiyi Ağsu şəhər Mədəniyyət evində Azərbaycan saz-söz sənətinin görkəmli nümayəndələrindən aşıq Mirzə Bilalın (1872-1937) 150 illiyinə həsr olunmuş “Sənətkar ömrü” adlı yubiley tədbiri keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Azərbaycan Aşıqlar Birliyinin sədri Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, sənətkarın nəvəsi Babək Şəfi, idarə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mirzə Bilalın şeirləri və bəstələdiyi saz havaları tədbirdə çıxış edən aşıqların ifasında səsləndirilib, tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

İcra başçısı Rövşən Bağırov bildirib ki, aşıq Mirzə Bilal böyük bir ifaçılıq məktəbinin banisi olmaqla yanaşı, Azərbaycan Xalq Cümhuriyyətini fəal dəstəkləyənlərdən olub. O, 1937-ci ildə həbs olunub, “xalq düşməni” elan edilərək güllələnib.

Aşığın nəvəsi Babək Şəfi tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edib.

 

Mədəniyyət.- 2022.- 9 dekabr.- S.4.