Məmmədəli Hüseynovun daş dövrü arxeologiyasına verdiyi töhfələr

 

Görkəmli arxeoloqun 100 illiyinə həsr edilmiş beynəlxalq elmi konfrans

 

Professor Məmmədəli Hüseynov dünya əhəmiyyətli tədqiqatları ilə arxeologiya elmini zənginləşdirib. Bu fikir 5-6 dekabrda Bakı Dövlət Universitetində (BDU) görkəmli alimin 100 illik yubileyinə həsr edilmiş “Məmmədəli Hüseynovun Daş dövrü arxeologiyasına verdiyi töhfələr” mövzusunda beynəlxalq elmi konfransda vurğulanıb.

BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov bildirib ki, Azərbaycan arxeologiya elmində paleolit məktəbinin banisi tarix elmləri doktoru, professor Məmmədəli Hüseynovun arxeologiya elminin inkişafında əvəzsiz xidmətləri olub. 1953-cü ildə Məmmədəli Hüseynovun iştirakı ilə Qazax rayonundakı Damcılı mağarasında Azərbaycanda ilk qədim Daş dövrü düşərgəsi aşkarlanıb.

Onun ən mühüm elmi nailiyyətlərindən biri Qarabağda, Quruçay dərəsinin Tuğ çökəkliyində yerləşən, zəngin stratiqrafiyaya malik unikal Azıx Paleolit mağara düşərgəsini dünya arxeologiyasının qızıl fonduna daxil etməsidir. Bu arxeoloji abidə sivilizasiyanın ən qədim məskənlərindən birinin məhz Azərbaycan olduğunu isbatlayır. Alim həmin tədqiqatlara əsaslanaraq Azərbaycanın, bütövlükdə Qafqazın bəşəriyyətin formalaşma xəritəsində yer aldığını, 1,2 milyon ildaha əvvəl Azıx mağara düşərgəsində ibtidai insanların “homo erectus” (dik yeriyən adam) tipli nümayəndələrinin yaşadığını sübut edib.

Görkəmli alim 1976-1992-ci illərdə Arxeologiyaetnoqrafiya kafedrasına rəhbərlik etməklə BDU-da arxeologiya elminin inkişafına da töhfələr verib. Məmmədəli Hüseynovun BDU-nun Tarix fakültəsində təşkil etdiyi Arxeologiyaetnoqrafiya muzeyinin eksponatları Daş dövründən Orta əsrlərədək geniş xronoloji çərçivədə arxeoloji materiallardan, müxtəlif təyinatlı etnoqrafik nümunələrdən ibarətdir.

Tarix fakültəsinin dekanı İbrahim Zeynalov məruzəsində qeyd edib ki, Məmmədəli Hüseynovun tədqiqatları Qazax-Gəncə və Qarabağ bölgələrinin Daş dövrü düşərgələri ilə məhdudlaşmır. Onun 30 ilədək rəhbərlik etdiyi ekspedisiya respublikamızda hazırda mövcud olan Paleolit düşərgələrinin xəritəsini müəyyənləşdirib. O, Azərbaycan tarixinin xronoloji çərçivəsinin 2 milyon illə ölçüldüyünü təkzibedilməz faktlarla sübut edib.

Konfransda akademik Yaqub Mahmudov, Arxeologiya, EtnoqrafiyaAntropologiya İnstitutunun Daş dövrü şöbəsinin müdiri Əsədulla Cəfərov, institutun aparıcı elmi işçisi Azad Zeynalov, Gürcüstanın İlya Dövlət Universitetinin Arxeoloji Tədqiqatlar Mərkəzinin direktoru Nikoloz Zuşabramişvilinin məruzələri dinlənilib.

Xalq şairi Nəriman Həsənzadə, alimin qızı Rəhilə Babayeva Məmmədəli Hüseynovla bağlı xatirələrini bölüşüblər.

Konfransın ikinci günü Azərbaycan, ABŞ, Yaponiya, Almaniya, Gürcüstan və Qazaxıstandan alimlərin məruzələri dinlənilib. Professor Məmmədəli Hüseynovun elmi irsi”, “Daş dövrü arxeologiyası”, “Qafqazın geoarxeologiyası”, “Azərbaycanın Daş dövrü arxeologiyasının nəzəri məsələləri”, “İşğaldan azad edilən ərazilərin tarixi, maddi mədəniyyət abidələri və onların bərpası məsələsi” mövzularında müzakirələr aparılıb.

Qeyd edək ki, Məmmədəli Hüseynovun 100 illik yubileyi münasibətilə BDU-nun Tarix fakültəsi tərəfindən onun elmi məqalə və monoqrafiyaları toplanaraq iki cilddə çap edilib.

 

Mədəniyyət.- 2022.- 9 dekabr.- S.6.