Əvvəl səhnəni, sonra
tibb sahəsini seçmişdi...
XIX yüzilliyin ikinci yarısında Avropa ölkələrindən teatr truppalarının davamlı şəkildə Tiflisə qastrol səfərləri şəhərdə mədəni mühitin canlanmasına mühüm təsir göstərir. Bu mədəni oyanış şəhərdə Azərbaycan teatrının da təşəkkülünə yol açır. Həmin dövrdə teatr aləminə atılan ilk azərbaycanlı aktrisalardan biri Gövhər Qazıyeva olub. Tanınmış aktrisanı anadan olmasının 135 illiyi münasibətilə yada saldıq.
Gövhər Əhməd qızı Qazıyeva 1887-ci ildə Tiflis şəhərində ziyalı ailədə dünyaya göz açıb. Gövhər rus məktəbində təhsil alır. Sonra Nəcib Qızlar İnstitutuna daxil olur. Həmin illərdə şəhərdə fəaliyyət göstərən Gürcü Zadəgan Teatrı özünün ən parlaq dövrünü yaşayırdı. Teatrda həvəskar azərbaycanlı aktrisa və aktyorlar da tez-tez tamaşalar göstərirdi. Çox keçmir bu teatrın nəzdində Mirzə Əli Abbasovun rəhbərlik etdiyi “Dram cəmiyyəti”, Həbib bəy Köçərlinskinin başçılıq etdiyi “Səadət” adlı Azərbaycan teatr truppaları yaradılır. Hər iki truppa şəhərdə yaxşı ad-san qazanır.
Səhnə sənətinə maraq göstərən Gövhər Qazıyeva hər iki truppanın tamaşalarında uğurla çıxış edir. O, ilk dəfə 1910-cu il oktyabrın 9-da Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” faciəsinin tamaşasında səhnəyə çıxır. Həmin il oktyabrın 30-da “Səadət” truppası Şəmsəddin Saminin “Gaveyi-ahəngə” (“Dəmirçi Gavə”) pyesini tamaşaya hazırlayır. Gavə rolunda Sultanov, Fərhad rolunda Mir Seyfəddin Kirmanşahlı, Xubçöhr obrazında isə Gövhər Qazıyeva çıxış edir. Bir-birinin ardınca oynadığı uğurlu rollar ona qısa müddətdə şöhrət gətirir. Onun aktrisa məharəti Tiflisin hüdudlarını aşır, Bakı qəzetlərində haqqında məqalələr dərc olunur. “Nicat” cəmiyyəti bu tanınmış sənətkarı bir müddət sonra Bakıya dəvət edir.
Araşdırmalardan məlum olur ki, Gövhər Qazıyevanın repertuarı geniş və əhatəli olub. O, Henrix Heynenin “Əlmənsur”, Loxmanovun “Napoleonun vəfatı”, Namiq Kamalın “Qara bəla” əsərləri ilə yanaşı, Azərbaycan dramaturqlarının tamaşalarında da oynayır. Nəriman Nərimanovun “Nadir şah” pyesində Gülcahan, Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” tamaşasında Hafizə, “Bəxtsiz cavan” faciəsində Mehri xanım, Zülfüqar Hacıbəyovun “Evliykən subay” əsərində Pərizad rollarını sənətkarlıqla yaradır. Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasında Gülnaz, “Leyli və Məcnun” operasında Leyli rollarının ifaçısı olan Gövhər Qazıyeva bu obrazları özünəməxsus şəkildə canlandıra bilib.
1911-ci il mayın 26-sı və 30-da Tiflis şəhərində aktrisanın benefisi keçirilir. Gecədə ilk dəfə Zülfüqar Hacıbəyovun “On bir yaşlı arvad” pyesinin tamaşası göstərilir. Ancaq onun tamaşada oynamasına maneə törədirlər. Adını da qoyurlar ki, müsəlman qadının səhnəyə çıxması cahil adamları narahat edir. Din xadimləri də onun səhnə fəaliyyətinin əleyhinə olurlar.
Gövhər Qazıyeva Azərbaycan teatr səhnəsinin Hüseyn Ərəblinski, Mirzəağa Əliyev, Hüseynqulu Sarabski, Mir Seyfəddin Kirmanşahlı və başqa görkəmli simaları ilə tərəf-müqabil olub. Onun M.Əliyevlə əməkdaşlığı ilk dəfə Tiflisdə “Əlli yaşında cavan” tamaşasında olur. İrəvan şəhərində isə onlar daha böyük uğurlara imza atırlar. M.Əliyevlə G.Qazıyevanın sənət dostluğu sonralar məhəbbətə çevrilir. Onlar 1912-ci ildə ailə həyatı qurur və Bakıya köçürlər. Bu, G.Qazıyevanın ikinci nikahı idi. Birinci ərindən İsmayıl adlı oğlu vardı. Lakin evlənəndən sonra M.Əliyev həyat yoldaşının səhnədə çıxış etməsinə icazə vermir. Belə olan halda onlar ayrılmalı olurlar.
Çar hökuməti orqanlarının fitnəkarlığı nəticəsində M.Əliyev həmin il Həştərxana sürgün olunur. G.Qazıyeva isə 1913-cü ildə Polşaya gedir. Varşavada Tibb Məktəbinə daxil olur. 1915-ci ildə mamalıq üzrə bu təhsil müəssisəsini müvəffəqiyyətlə başa vurur və Bakıya qayıdır. Həmin il “Bəsirət” qəzeti G.Qazıyevanın tibb sahəsində fəaliyyətə başlaması haqqında bir elan verir.
Bir müddət sonra Gövhər xanım üçüncü dəfə ailə həyatı qurur və bir daha səhnəyə çıxmır. Aktyor və rejissor Mir Seyfəddin Kirmanşahlının təhriki ilə o, İrana gedir. Uzun ayrılıqdan sonra 1937-ci ildə bir neçə günlüyə Bakıya gəlir. Keçmiş səhnə yoldaşları onu təmtəraqla qarşılayırlar. Hətta teatrda şərəfinə qəbul da təşkil edirlər. O, Cəfər Cabbarlının “Almaz” pyesinin tamaşasına baxır. Tamaşa və qəbul günü qeyri-adi bir hadisə baş verir. Gövhər xanım on beş il üzünü görmədiyi oğlu İsmayılı tapır. Böyük sevinc hissi keçirən ana hamıya hədiyyə paylayır...
İlk teatr aktrisalarımızdan olan Gövhər Qazıyeva 1960-cı ildə Cənubi Azərbaycanda haqq dünyasına qovuşub.
Savalan Fərəcov
Mədəniyyət.- 2022.- 9
dekabr.- S.6.