TÜRKSOY-da qırğız
yazıçısı Toktobolot Abdumomunovun 100 illiyi qeyd olundu
Qırğız
peşəkar teatrının qurucularından biri,
Qırğızıstanın Xalq yazıçısı
Toktobolot Abdumomunovun (1922-1989) anadan olmasının 100 illiyi
münasibətilə dekabrın 6-da Ankarada, Beynəlxalq
Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un
ofisində konfrans keçirilib.
Tədbirdə
TÜRKSOY-un baş katibi Sultan Raev, Qazaxıstanın Türkiyədəki
səfiri Yerkebulan Sapiyev, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub
Öməroğlu, Qırğız Respublikası Prezidenti
yanında Dil Komissiyasının sədri professor Kanibek
Osmanaliev, Toktobolot Abdumomunovun oğlu İshak Abdumomunov, digər
qonaqlar iştirak ediblər.
Mərasimdə açılış nitqi söyləyən Sultan Raev qırğız xalqının, eləcə də Türk dünyasının tanınmış şəxsiyyəti, dramaturq və mədəniyyət xadimi Toktobolot Abdumomunovun yubileyini TÜRKSOY-un çətiri altında birlikdə yad etməkdən məmnunluğunu ifadə edib. Yazıçının yaradıcılığından bəhs edən baş katib deyib: “Toktobolot Abdumomunov qırğız ədəbiyyatına, milli teatrına və dramaturgiyasına böyük töhfələr verib, milli dramaturgiyanı peşəkar səviyyəyə çatdırıb. Abdomomunov qırğız səhnəsində ən gözəl pyesləri tamaşaya qoyub və onun əsərləri qırğız ədəbiyyatının qızıl irsinə çevrilib...”.
Digər çıxış edənlər görkəmli ədibin irsinin əhəmiyyətindən, qırğız milli teatrının inkişafında xidmətlərindən söz açıblar.
Qırğızıstanlı rejissor Asankoco Aitıkeevin Toktobolot Abdumomunov haqqında sənədli filmi nümayiş olunub.
Konfransın ikinci hissəsində Qırğızıstandan dilçi alim Ümit Kultaeva, rejissor Asankoco Aitıkeev, Hacı Bayram Vəli Universitetinin müəllimi Naciye Yıldızın Toktobolot Abdumomunov haqqında məruzələri dinlənilib.
Tədbir musiqili proqramla davam edib.
Konfransın sonunda baş katib Sultan Raev rejissor Asankoco Aitıkeevə TÜRKSOY-un “Toktokul Satılqanov” medalını
və iştirakçılara
sertifikatlar təqdim edib.
Mehparə Sultanova
Ankara
Mədəniyyət.- 2022.- 9 dekabr.- S.8.