“Mədəniyyətlərimizi
bölüşmək çox vacibdir”
Bakıda Özbəkistan kinosu
günləri keçirilir
Dekabrın 7-də Nizami Kino Mərkəzində Özbəkistan kinosu günlərinin açılış mərasimi
olub. Kino günləri
Azərbaycan Mədəniyyət Nazirliyinin
dəstəyi və Özbəkistanın ölkəmizdəki
səfirliyinin təşkilatçılığı ilə keçirilir.
Açılış mərasimində Əməkdar incəsənət xadimi Ayaz Salayev çıxış edərək özbək kinosuna marağının hələ uşaq vaxtlarından başlandığını deyib: “Uşaq idim, atam mənə böyük alim və hökmdar Uluqbəy haqqında danışırdı. O vaxtlar məni daha çox Avropa filmləri maraqlandırsa da, atamın danışdıqları ürəyimdə Şərqə, xüsusilə də Özbəkistana qeyri-adi maraq oyatdı. Biz sovet dönəmində bir bayraq altında yaşadıq. Sonradan SSRİ dağılsa da, özbək və Azərbaycan xalqları bir-birindən ayrılmadı, əlaqələrimiz davam etdi. Türk dünyası xalqlarının bir araya gəldiyi vaxtda mədəniyyətlərimizi bölüşmək, birgə layihələrlə çıxış etmək çox vacibdir”.
Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev ölkəmizdə Özbəkistan kinosu günlərinin təşkil olunmasının əhəmiyyətindən söz açıb. Bildirib ki, özbək kinematoqrafiyasının Şərq kinosunda, ümumiyyətlə, postsovet məkanında özünəməxsus yeri var. Sovet dövründə bir çox özbək aktyorları “SSRİ-nin Xalq artisti” fəxri adına layiq görülüb: “Onlardan ən məşhuru Kamil Yarmatovun yaradıcılığını xüsusi qeyd etmək olar. Nəbi Qəniyevin “Tahir və Zöhrə” filmi özbək kinosuna hər zaman işıq salmaqdadır. “Yeddinci güllə”, “Fövqəladə komissar” filmlərini, Əli Xamrayevin ekran əsərlərini, Şöhrət Abbasovun yaradıcılığını, xüsusən də “Sən yetim deyilsən” filmini maraqla izləmişəm. Bir sözlə, özbək filmləri unikaldır, diqqətəlayiqdir”.
Cəmil Quliyev qeyd etdi ki, onilliklər ərzində Azərbaycan kinematoqrafçıları özbək həmkarları ilə birlikdə çalışıblar. Azərbaycan filmlərində özbək aktyorlar çəkilib. “Azərbaycanfilm”də lentə alınan “Görüş”, “Qızıl qaz” və s. filmlərdə özbək aktyorlar rol alıb. Bütün bunlar kino tariximizin qızıl səhifələrində qalır və inanırıq ki, gələcəkdə də iki qardaş xalqın kinematoqrafçıları birgə film istehsalında yaxından əməkdaşlıq edəcəklər”.
Cəmil Quliyev Azərbaycan Dövlət Film Fondunda 50 özbək filminin kinolentdə və özbək kinosuna dair 3 mindən artıq fotonun qorunub saxlanıldığını da diqqətə çatdırıb.
Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov bu ilin sentyabrında keçirilən Daşkənd Beynəlxalq Film Festivalı çərçivəsində Özbəkistan paytaxtında və Buxara şəhərində Azərbaycan kinosu günlərinin təşkil olunduğunu deyib. Bildirib ki, Azərbaycan kinematoqrafçıları bu tədbirlərdə böyük şövqlə iştirak ediblər, filmlərimiz maraqla qarşılanıb.
Özbəkistan Respublikası Kino Agentliyinin baş direktoru Firdavs Abdulxaliqov çıxışı zamanı iki ölkə arasında mədəni əməkdaşlığın gücləndirilməsi naminə bu cür tədbirlərin keçirilməsinin önəmli olduğunu bildirib. Deyib ki, gündən-günə inkişaf edən, müasirləşən Azərbaycanda Özbəkistan kinosu günlərinin keçirilməsi əlamətdar hadisədir. Baş direktor Özbəkistan və Azərbaycanın iştirakı ilə məşhur lətifə qəhrəmanı Molla (Xoca) Nəsrəddin haqqında birgə filmin çəkilişinin reallaşacağını da diqqətə çatdırıb.
Nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkür edən F.Abdulxaliqov özbək filmlərinin azərbaycanlı kinosevərlər tərəfindən maraqla qarşılanacağına ümid etdiyini vurğulayıb.
Azərbaycanlı rejissor Eldar Məmmədov 40 ildir Özbəkistanda yaşadığını bildirib. Qeyd edib ki, Özbəkistanda Azərbaycana böyük sevgi və hörmət var: “Bu, bizim mədəniyyət və incəsənətimizdə də açıq görünür. Bu gün açılış mərasimində nümayiş etdiriləcək “Əbədi dostluq və qardaşlıq” sənədli filmi Özbəkistanla Azərbaycan arasında münasibətlərə həsr olunub. Xalqlarımız bir-birinə mənəvi tellərlə bağlanıblar. Bu gün Türkiyə ilə Azərbaycanı mənən birləşdirən “Bir millət, iki dövlət” sözü Özbəkistan və Azərbaycan xalqları üçün də keçərlidir”.
Aktrisa Lalə Eltoyeva, “Kino sənəti” portalının baş redaktoru Şakirə Həmro çıxışlarında Azərbaycanda olmaqlarından məmnunluqlarını ifadə edib və iki ölkə arasında olan sənət mübadiləsindən söz açıblar.
Çıxışlardan sonra “Əbədi dostluq və qardaşlıq” filmi nümayiş etdirilib. Filmdə Azərbaycanla Özbəkistan arasında siyasi, mədəni əlaqələrə nəzər salınır, tarixi faktlar və kadrlar diqqətə çatdırılır. Filmin ssenari müəllifi rejissor Eldar Məmmədovdur.
Qeyd edək ki, Bakıda Özbəkistan kinosu günləri çərçivəsində dekabrın 8-də Nizami Kino Mərkəzində “Maqsud Şeyxzadə” və “Reys 101” filmləri nümayiş olunub. Dekabrın 9-da isə “Baron – 2” və “Qadın taleyi” adlı ekran əsərləri təqdim olunacaq.
Lalə
Mədəniyyət.- 2022.- 9 dekabr.- S.1;3.