Moskvada Bülbülün
125 illiyi qeyd olunub
Mixail Brızqalov: “Bülbülün adı Azərbaycan və sovet musiqi tarixinə qızıl hərflərlə yazılıb”
Moskvadakı Rusiya Milli Musiqi Muzeyində Azərbaycan professional vokal məktəbinin banisi, görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Bülbülün (1897-1961) anadan olmasının 125 illiyinə həsr edilmiş gecə keçirilib.
Tədbir çərçivəsində təşkil olunmuş sərgidə Azərbaycan və Rusiya muzeylərindən seçilmiş eksponatlar nümayiş etdirilib. Bülbülün repertuarından əsərlər səslənib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbiri açaraq qeyd edib ki, Bülbül bütün həyatını incəsənətə və öz xalqına həsr edib. İtaliyada məşhur La Skala Teatrında təcrübə keçəndən sonra Vətənə qayıtmış müğənni Azərbaycan, Avropa və rus vokal məktəblərinin sintezini yaradaraq vokal sənətinə yeni münasibətin əsasını qoyub.
Polad Bülbüloğlu deyib: “Xüsusi vurğulamaq istərdim ki, Azərbaycanın Ümummilli lideri Heydər Əliyev 1997-ci ildə Bülbülün anadan olmasının 100 illiyi münasibətilə fərman imzalayıb, həmin fərmanda vokalçıların Bülbül adına müsabiqəsinin təşkil olunması barədə ayrıca bənd olub. O vaxtdan 8 belə müsabiqə keçirilib, həmin müsabiqələrin 4-nə görkəmli müğənni İrina Arxipova rəhbərlik edib. Fərəhlə qeyd etməliyəm ki, bu müsabiqədən uğurla keçmiş müğənnilər hazırda Azərbaycan incəsənətini dünyanın bir çox səhnələrində təmsil edirlər. Elçin Əzizov, Yusif Eyvazov, Dinara Əliyeva və başqaları Bülbül adına müsabiqənin laureatları olublar”.
Səfir Bülbülün Bakıdakı və Şuşadakı ev-muzeyləri barədə də məlumat verib. Qeyd edib ki, 1981-ci ildə Bakıda, 1983-cü ildə isə Şuşada Bülbülün ev-muzeyləri açılıb. Şuşa şəhəri otuzillik işğaldan azad ediləndən sonra Şuşada, Bülbülün doğulduğu ev də bərpa edilib və yenidən ziyarətçilər üçün açıqdır.
P.Bülbüloğlu Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinə və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə bu gecənin təşkilinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.
Rusiya Milli Musiqi Muzeyinin direktoru Mixail Brızqalov deyib: “Bülbülün anadan olmasının 125 illiyinə həsr edilmiş bugünkü sərgini açmaq bizim üçün böyük fərəh və şərəfdir. Bülbülün adı Azərbaycan və sovet musiqi tarixinə qızıl hərflərlə yazılıb. Azərbaycanda yeni vokal məktəbinin əsasını qoymuş Bülbül öz yaradıcılığında Avropa ənənələrinə uyğun Şərq vokal sənətini birləşdirən ilk müsəlman müğənni olub. Stalin mükafatına, iki dəfə Lenin ordeninə layiq görülüb”.
M.Brızqalov Bülbülün həyat və yaradıcılığı haqqında söhbət açaraq qeyd edib ki, bugünkü sərgidə Bülbülün şəxsi əşyaları, diplomları, mükafatları, konsertlərdə çıxışlarının və opera tamaşalarının proqramları nümayiş etdirilir. Sərginin eksponatları bu musiqiçinin yaradıcılıq yolunu, onun ictimai fəaliyyətini açıqlayır, ailə həyatının müəyyən məqamlarını əks etdirir, Azərbaycan musiqi mədəniyyətinin bu görkəmli xadiminin xatirəsi onun pərəstişkarlarının qəlbində yaşayır, yeni nəsil artistləri ruhlandırır.
Böyük müğənninin nəvəsi, dirijor Murtuza Bülbül sərginin hazırlanmasında əməyi olmuş insanların hamısına təşəkkürünü bildirib. O deyib: “Burada Azərbaycanın görkəmli opera müğənnisinin həyatının bütün mərhələləri əks olunub. Sərgidə onun ictimai xadim kimi işi də, bilavasitə səhnə fəaliyyəti də görünür. Belə bir nəslin nümayəndəsi olmağım mənim üçün böyük şərəfdir. Xoşbəxtəm ki, sərgi Moskvada – babamın tez-tez olduğu və mənim təhsil aldığım şəhərdə keçirilir”.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, “NTV” telekanalının baş direktoru Timur Vaynşteyn və başqaları böyük müğənninin Azərbaycan və sovet musiqisi tarixində rolu barədə danışıblar.
Gecə konsert proqramı ilə davam edib. Azərbaycanın Əməkdar
artistləri Elnarə
Məmmədova, Anar Şuşalı, Təyyar
Bayramov, Bülbül adına müsabiqənin laureatı Nigar Cəfərova məşhur
vokalçının repertuarından
əsərlər ifa ediblər. Konsert
proqramı “Qarabağ şikəstəsi”
ritmik muğamı ilə başa
çatıb.
Mədəniyyət.- 2022.- 9
dekabr.- S.1;3.