Bakıda Qazaxıstan filmləri nümayiş olunub

 

İki ölkə arasında diplomatik əlaqələrin 30 illiyi münasibətilə

 

Bu il Azərbaycanla Qazaxıstan arasında diplomatik əlaqələrin qurulmasının (30 avqust 1992-ci il) 30 illiyidir. Bu münasibətlə 10-11 dekabr tarixlərində Azərbaycan Mədəniyyət Nazirliyi, Qazaxıstanın Bakıdakı Səfirliyi və Qazax Kinosuna Dövlət Dəstəyi Mərkəzinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Qazaxıstan filmləri nümayiş olunub.

Açılış mərasimində Qazaxıstan səfirliyinin müşaviri Jandos Nurmaxambetov çıxış edərək kino günlərinin ölkələr arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunduğunu bildirib. O, kino günlərinin xalqlarımız arasında əlaqələrin dərinləşməsinə töhfə verən mədəniyyət körpüsü olduğunu qeyd edib.

Dekabrın 10-da tamaşaçılara “Kenje kız” cizgi filmi nümayiş olunub. Rejissoru İ.Ardaşov olan filmdə balaca qız böyük qardaşları tərəfindən görməzdən gəlindiyi üçün onların diqqətini çəkmək istəyir. Ancaq səhvən yatmış qədim şeytanı azad edir və yalnız Kenje onu dayandıraraq böyük fəlakətin qarşısını ala bilər...

Kenje kız” cizgi filminin rejissoru İvan Ardaşov çox həyəcanlı olduğunu söyləyib: “Filmimi izləmək məndə qarışıq hisslər yaradır. Çünki böyük ekranda öz işimə baxıram. Zalda çoxlu uşaqların olması məni daha da həyəcanlandırır. Filmin ideyası üzərində 4 ay işlədik. Ekran işi bir ilə başa gəldi. Başqa bir ölkədə öz işini təqdim etmək istənilən halda həyəcanvericidir. Layihənin prodüseri Aybike Rahimjanova, ssenari müəllifləri Sergey DerkaçDinara Dildabekovadır. Bizim üçün əsas odur ki, hər şeydən əvvəl özümüzün görmək istədiyimiz əyləncəli və sadə bir film çəkək. Nəticə uğurlu oldu. Bakı bu lenti nümayiş etdirdiyimiz ikinci şəhərdir. Tamaşaçı rəyi mənim üçün çox önəmlidir və Bakıya ilk gəlişimdən çox məmnunam. Əsasən cizgi filmləri çəkirəm. Azərbaycan cizgi filmləri haqqında məlumatsızam. Bakıda keçirilən ANİMAFİLM beynəlxalq festivalında iştirak etməyi planlaşdırıram”.

Dekabrın 11-də isə “Alğa” bədii filmi nümayiş olunub. Atasının ölümündən sonra quldurluq yolu ilə pul qazanmağa başlayan iki qardaşın hekayəsindən bəhs edən film diqqətçəkən mövzudadır. Qardaşları istedadlı gəncləri seçmək üçün şəhərdən kəndə gələn atletika məşqçisi görür. Çətin sınaqlar qardaşların üzərinə düşür. Faciəli bir hadisə onların həyatını dəyişir. Qardaşlardan biri indi marafonda dünya çempionunu məğlub etməlidir...

Yernar Nurqaliyevin quruluşunda lentə alınan filmdə çəkilən aktyorlardan yalnız kiçik qardaş rolunu oynayan Yerbol Semkulov da Bakıya gəlib. O deyir: “Bu film insanın hər zaman səhvlərini düzəltmək imkanının olmasından bəhs edir. Ekran əsəri İspaniyada keçirilən kinofestivalda uğurla təqdim olunub”. Aktyor yeddi ildir ki, kino sahəsində çalışır. O, bir çox qazax filmlərində (“Qadağan edilmiş rəqslər”, “Bölünməz”, “Yay gəlir” və s.) rol alıb.

Qeyd edək ki, hər iki film ingilis dilində subtitrlərlə rus dilində təqdim edilib.

 

Lalə

 

Mədəniyyət.- 2022.- 14 dekabr.- S.1;8.