Daşkənddə Əhməd Cavadın “Mən həqiqət səsiyəm” kitabının təqdimatı

 

Xəbər verdiyimiz kimi, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında Azərbaycanın istiqlal şairi Əhməd Cavadın (1892-1937) 130 illiyi münasibətilə Özbəkistanda silsilə tədbirlər həyata keçirilir.

Bu tədbirlər çərçivəsində AMM-in təşəbbüsü ilə Özbəkistan Xalq Çalğı Alətləri Orkestri xüsusi konsert proqramı hazırlayaraq Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində təqdim edib. Konsert proqramı eyni zamanda Özbəkistanın və Türkiyənin istiqlal şairləri, bu dövlətlərin himnlərinin sözlərini yazmış Abdulla AripovMehmet Akif Ersoya da həsr olunub.

AMM-in növbəti tədbiri kimi Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində “İstiqlal şairlərimiz – Əhməd Cavad, Abdulla Aripov, Mehmet Akif Ersoy” adlı konfrans və Əhməd Cavadın Azərbaycan və özbək dillərində “Mən həqiqət səsiyəm” (“Men haqiqat sadosiman”) şeirlər kitabının təqdimatı keçirilib.

Əvvəlcə tədbir iştirakçıları AMM-in layihəsi ilə universitetdə yaradılmış “Nizami adına Tədqiqat Mərkəzi” ilə tanış olublar. Burada AMM-in özbək dilində nəşrləri, Azərbaycanla bağlı kitab kolleksiyası, şair və yazıçılarımızın portretləri, milli suvenirlər nümayiş etdirilir.

Sonra universitetin foyesində AMM-in və Ankaradakı Türk Tarixi və Mədəniyyəti Fondunun layihəsi ilə “Türküstan və Qafqazların unikal tarixi xəritələri” adlı sərgiyə baxış keçirilib. Sərgidə qədim Azərbaycan dövlətlərinin ərazilərini əks etdirən, eləcə də tarixən türklərin yaşadığı əraziləri göstərən xəritələr, Şərqi Türküstan, Mərkəzi Asiya, bugünkü türk dövlətlərini göstərən xəritələr yer alıb.

Konfransda universitetin rektoru professor Abduqappar Qırğızboyev, AMM-in direktoru Samir Abbasov, Türkiyənin Özbəkistandakı Səfirliyinin katibi Buğra Doğan,  Türk Tarixi və Mədəniyyəti Fondunun (Ankara) rəhbəri Nizamettin Aykurt və başqaları çıxış ediblər.

Abduqappar Qırğızboyev Əhməd Cavadın şeirləri ilə özbək dilində tanış olmağa imkan yaradılmasına görə AMM-ə təşəkkürünü bildirib.

Samir Abbasov üç ölkənin əbədiyaşar istiqlal şairləri Əhməd Cavad, Abdulla AripovMehmet Akif Ersoyun yaradıcılıqları haqqında danışaraq tariximizin, ədəbiyyatımızın bu şanlı səhifəsini öyrənmək və araşdırmağın qürurverici olduğunu bildirib.

Buğra Doğan çıxışında Mehmet Akif Ersoyun qələmə aldığı “İstiqlal marşı”nın Türkiyənin Qurtuluş savaşının bənzərsiz ruhusimvolu olduğunu bildirib.

Natiqlər bu cür tədbirlərin qardaş türk xalqları arasında həmrəyliyin güclənməsinə və ədəbiyyatımızın tanıdılmasına xidmət etdiyini qeyd ediblər.

Sonda “Mən həqiqət səsiyəm” şeirlər kitabı iştirakçılara paylanılıb.

 

Mədəniyyət.- 2022.- 14 dekabr.- S.2.