Ümummilli liderin həyat
salnaməsinin naməlum
səhifəsi
Milli Azərbaycan Tarixi Muzeyinin fondundan
2010-cu ildə, Milli
Azərbaycan Tarixi Muzeyinin 90 illik yubileyi münasibətilə
hazırlanacaq sərgi
üçün material toplamaq
məqsədilə muzeyin
arxivində işləyərkən
gözlənilməz, lakin
olduqca maraqlı sənədlərlə üzləşdim. Bu – 1930-40-cı illərdə muzeydə işləyən əməkdaşların
şəxsi işlərinin
toplandığı sənədlər
qovluğu idi. Həmin qovluqdakı materiallar arasında Azərbaycan Sənaye İnstitutu Memarlıq fakültəsinin
II kurs tələbəsi,
17 yaşlı Heydər
Əlirza oğlu Əliyevin öz əli ilə yazdığı üç
sənədi gördükdə,
doğrusu, gözlərimə
inanmadım.
Milli Azərbaycan
Tarixi Muzeyinin baş direktoru akademik Nailə Vəlixanlı bunu “Ümummilli liderin həyat salnaməsinin naməlum səhifəsi” adlı qeyddə yazır. Muzeyin saytında
dərc olunan yazıda diqqətə çatdırılır ki,
1940-cı ilin 2 iyulunda
muzeyin (o vaxt Azərbaycan Tarixi Muzeyi adlanırdı –
red.) direktoru Zeynal Əliyevin adına
ekskursiyaçı vəzifəsinə
qəbul olunmaq xahişi ilə yazılmış ərizəyə
avtobioqrafiya və şəxsi vərəqə
də (hər üçü rus dilində) əlavə olunub.
Akademik Nailə Vəlixanlı yazır: “Heydər Əliyevin məlum həyat salnaməsində öz əksini tapmayan bu səhifənin tarixini aydınlaşdırmaq üçün muzeyin həmin dövr iş fəaliyyəti ilə bir daha tanış oldum. Məlum oldu ki, Xalq Komissarları Sovetinin 1939-cu ilin 11 avqust tarixli sərəncamı ilə muzeydə “Azərbaycanda aprel sosialist inqilabının 20 illiyinə” həsr olunmuş, respublikanın nailiyyətlərini əks etdirən sərginin təşkil edilməsi qərara alınmışdı. Bununla əlaqədar yaradılmış hökumət komissiyası Naxçıvan və Qarabağda da bu mövzuda səyyar sərgilərin keçirilməsi qərarını vermişdi. Sərgi 1940-cı ilin 28 aprelində muzeyin 10 zalında fəaliyyətə başladı. Respublika ictimaiyyətinin böyük maraqla qarşıladığı bu sərgini muzeyin 1940-cı il fəaliyyətinə dair hesabatına əsasən ilin sonunadək 22000 insan ziyarət etmişdi. Xalq Komissarları Sovetinin 29 dekabr 1940-cı il sərəncamına əsasən, sərgi bağlandı. Elə bu zaman muzeyin o dövrdə “Muzeylər evi” adlandırılan Tağıyev mülkündən Şirvanşahlar Sarayına köçürülməsi məsələsi gündəmə gətirildi. Sərginin yığışdırılması, muzeyin müasir dövr ekspozisiyasının bağlanılması ilə əlaqədar iş yükü azaldılmış elmi işçilər və xüsusilə, sərgiyə və ekspozisiyaya xidmət edən ekskursiyaçılar muzeydən getməli oldular. Azərbaycan Tarixi Muzeyinin 1941-ci ilə aid əmrlər kitabında bu ixtisarlar “Şirvanşahlar Sarayına köçmə ilə bağlı iş şəraitinin dəyişməsi” ilə əlaqələndirilmişdi. Həmin ilin yayında isə həm ixtisarlar, həm də müharibənin başlanması ilə əlaqədar yalnız bir neçə işçisi qalmış Tarix Muzeyi EA-nın Azərbaycan filialında fəaliyyət göstərən Dil və Ədəbiyyat, Tarix, Ensiklopediya və Lüğətlər İnstitutları ilə Tarix, Dil, Ədəbiyyat İnstitutu adı altında vahid qurumda birləşdirildi”.
Qeyddə o da diqqətə çatdırılır ki, Heydər Əliyev sonralar
başqa sahədə işləsə də,
tarixə olan marağı onu
yenə də Azərbaycan Dövlət Universitetinin
(indiki BDU) Tarix
fakültəsinə gətirmiş və o,
həmin fakültəndə qiyabi təhsil
almışdı.
Mədəniyyət.- 2022.- 14
dekabr.- S.5.