Klassik ifalar səhnəsində
Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilatçılığı ilə keçirilən “Milli klassika” adlı tamaşa festivalı yekunlaşmaq üzrədir. Festivalda 11-i dövlət teatrı olmaqla ümumilikdə 13 tamaşa iştirak edir.
Dekabrın 14-də festival proqramına uyğun olaraq Azərbaycan Dövlət Kukla Teatrında Azərbaycan xalq nağılı əsasında səhnələşdirilən “Məlikməmməd” tamaşası (rejissor Anar Məmmədov) göstərilib.
Həmin gün AXTİ-nin əsas səhnəsində Lənkəran Dövlət Dram Teatrının “Casus” (müəllif Kamal Abdulla, rejissor Anar Babalı) tamaşası müsabiqədənkənar nümayiş olunub.
Dekabrın 15-ni isə festivalın “tələbə günü” də saymaq olar. Həmin gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti fakültəsinin III kurs tələbələrinin iştirak etdiyi tamaşalar – M.F.Axundzadənin əsərləri əsasında “Şeytan müsafirləri” (kurs rəhbəri Əməkdar artist Yaqut Paşazadə) və S.S. Axundovun “Tamahkar”ı (kurs rəhbəri Xalq artisti Məmmədsəfa Qasımov) təqdim olunub.
Gün Sumqayıt Dövlət Dram Teatrında səhnələşdirilən M.F.Axundzadənin “Hacı Qara” komediyasının nümayişi ilə bitib. Əsasən gənclərdən ibarət aktyor heyəti olan tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Xalq artisti Firudin Məhərrəmovdur.
Xatırladaq ki, 10-16 dekabr tarixlərini əhatə edən festival ittifaqın 125 illiyinə həsr olunub. Yaradıcılıq
proseslərini fəallaşdırmaq, teatrların mübadiləsini
təmin etmək və klassik səhnə
nümunələrinə geniş meydan vermək məqsədi daşıyan
festivalın münsiflər heyəti üç
nominasiyada qalibləri müəyyən edəcəklər.
Mədəniyyət.- 2022.- 16
dekabr.- S.5.