Xüsusi təyinatlı qəhrəman
Onlar Vətəni seçdilər. Vətənin bütövlüyünü hər şeydən vacib saydılar. Onlar övladlarına və gələcək nəsillərə əbədi iftixar ünvanı – şanlı Zəfər miras qoydular. Torpaqlarımızın azadlığı uğrunda son damla qanına qədər döyüşərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızı tanıtmaqda davam edirik. Bu yazıda Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Anar Əliyev haqqında söz açacağıq.
Anar Vaqif oğlu Əliyev 1980-ci il avqustun 28-də Kəlbəcər rayonunun Boyaqlı kəndində müəllim ailəsində anadan olub. Müəllim olan atası və anası təyinatla əlaqədar Ağdərə rayonunun Göyarx kəndinə (indiki Tərtər rayonunun) köçürlər. Anar Əliyev ilk təhsilini bu kənddə alır. Erməni separatçıların terrorçu əməlləri üzündən digər soydaşlarımız kimi, onun ailəsi də 1988-ci ildə Tərtər rayonunun Bəyimsarov kəndinə pənah gətirir.
Kiçik yaşlarından hərbçi peşəsinə böyük maraq göstərən Anar 1995-1997-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi liseydə, 1997-2001-ci illərdə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində təhsil alır. Elə həmin ildən Bakıda yerləşən N saylı kəşfiyyat briqadasında leytenant kimi hərbi xidmətə başlayır. Sonra xidmətini Salyan rayonunda, Naxçıvanda davam etdirir. 2008-ci ildə kapitan, 2012-ci ildə mayor hərbi rütbəsi alır. Hərb sahəsində biliklərini daha da dərinləşdirmək üçün 2012-2014-cü illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasında əlavə təhsil alır. Müdafiə Nazirliyinin əmrinə əsasən, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun sərəncamına göndərilir. Müdafiə Nazirliyinin 2015-ci il tarixli əmrinə əsasən, müstəsna xidmətlərinə görə vaxtından əvvəl polkovnik-leytenant hərbi rütbəsi alır.
2018-ci il mayın 20-dən 27-nə qədər Şərur rayonunun Günnüt kəndinin işğaldan azad olunması əməliyyatında iştirak edir, nəticədə adıçəkilən kəndlə yanaşı, Ağbulaq yüksəkliyi, Qızılqaya dağı və Qaraqaya dağı azad olunur, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan Ordusunun atəş nəzarəti altına keçir.
Döyüşlərdə xüsusi fərqləndiyinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Anar Əliyev “Şücaətə görə” medalı ilə təltif edilir.
2020-ci ilin 27 sentyabrında Vətən müharibəsi başlanan zamanı A.Əliyev Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda xüsusi təyinatlı briqadanın komandiri idi. O, torpaqlarımızın düşməndən azad olunmasında iştirak etmək üçün komandanlığa müraciət edir. Oktyabrın 11-də ön cəbhəyə yollanan A.Əliyev Zəngilan, Cəbrayıl, Xocavənd və Füzuli istiqamətində gedən döyüşlərə qatılır. Oktyabrın 21-də ona Xocavənd-Şuşa istiqamətində Azərbaycan Ordusunun Şuşaya daxil olmasında böyük rol oynayacaq strateji yüksəkliklərin, xüsusilə, “772 metr” yüksəkliyinin, Xocavənd rayonunun Tuğ kəndinin azad edilməsi həvalə edilir. Döyüşçü yoldaşlarının dediklərinə görə, o, əvvəlcə, sağ qolundan, sonra isə gözündən yaralanır. Leytenant Adil Əfəndiyev ona ilk tibbi yardım edir. Bu zaman düşmən tərəfindən atılan güllə A.Əfəndiyevin ürəyinə dəyir, həmçinin əl qumbarası onların yaxınlığında partlayır. Hər iki komandir oradaca şəhadətə yüksəlirlər.
A.Əliyevin Nigar və Əli adlı iki övladı Vətənə yadigar qalıb.
Şəhidin atası Vaqif Əliyev qeyd edir ki, Anar həm ölkə daxilində, həm də xaricdə bir sıra təlimdə iştirak edib: “O, şəhid olana qədər mənim övladım idi. Ancaq indi o, bütün xalqın övladıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Anası Səkinə Bayramova vurğulayır ki, Anar orta məktəbdə oxuduğu zaman şəkilləri şərəf lövhəsini bəzəyərdi. İndi oğlumun şəkli soyuq daşlara vurulub: “Bir ana kimi oğul itkisinə dözmək çox çətindir. Ancaq Anarla qürur duyuram. O, Vətən, torpaq uğrunda qəhrəmancasına vuruşaraq hər kəsə qismət olmayan ali mərtəbəyə yüksəldi”.
Şəhidin həyat yoldaşı Vüsalə
Əliyeva bildirir ki, hərbçi
xanımı olmaq asan
deyil: “O, olduqca mərhəmətli,
xeyirxah insan, qəlbində
Vətənə böyük sevgisi olan zabit
idi. Anarla ailə qurmaq həyatımın ən gözəl
addımıdır. Bir də həyata gəlmək
şansım olsaydı və bilsəydim ki,
Anar şəhid olacaq,
yenə də onu seçərdim”.
A.Əliyev oktyabrın 25-də Bakıda II Fəxri xiyabanda torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, “Vətən uğrunda”, Şuşa, Xocavənd və Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib.
Şəhidin şəxsi əşyaları ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilib. Gəncə şəhərinin Gülüstan qəsəbəsində müvəqqəti yerləşən Kəlbəcər rayonu 2 nömrəli tam orta məktəbə A.Əliyevin adı verilib. Tərtər şəhərinin küçələrindən biri onun adını daşıyır.
Allah rəhmət eləsin.
Nurəddin
Mədəniyyət.- 2022.- 16
dekabr.- S.6.