Şəhid tələbə-memarın yubileyi təhsil aldığı universitetdə
qeyd olunub
Birinci Qarabağ müharibəsi şəhidi Fuad Əsədovun (1972-1992) 50 illik yubileyi vaxtilə təhsil aldığı Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) qeyd olunub.
Fuad Qərib oğlu Əsədov 25 noyabr 1972-ci ildə Cəbrayıl rayonunun Quycaq kəndində anadan olub. 1989-cu ildə AzMİU-nun (o vaxt İnşaat Mühəndisləri İnstitutu) Memarlıq fakültəsinə daxil olub. 1992-ci ilin mart ayında, III kursda oxuyarkən könüllü olaraq Vətən torpaqlarının müdafiəsinə yollanıb. Cəbrayıl rayonunda ərazi müdafiə batalyonuna yazılıb. Yurd yerlərimizi zəbt etmək istəyən erməni silahlı dəstələri ilə döyüşlərdə rəşadət göstərib. 1992-ci il iyunun 28-də növbəti döyüşlərin birində şəhid olub.
Anım tədbirində şəhidin ailə üzvləri, döyüş yoldaşları, AzMİU-nun rəhbərliyi, Memarlıq fakültəsinin müəllim və tələbələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Fuad Əsədovun təhsil aldığı fakültədəki barelyefi önünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər.
Fuad Əsədov memarlıqla yanaşı, rəssamlığa da maraq göstərib, həmçinin bədii yaradıcılıqla məşğul olub, şeirlər yazıb.
Şəhid tələbə-memarın çəkdiyi əsərlərdən və Memarlıq fakültəsinin tələbəsi Nabat Əsgərovanın əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Sonra AzMİU tələbələrinin ifasında Fuad Əsədovun şeirləri, vətənpərvərlik ruhlu nəğmələr əsasında hazırlanmış bədii kompozisiya nümayiş etdirilib. Bədii kompozisiyada şəhidin həyatını, döyüş yolunu əks etdirən səhnələr də yer alıb.
Tədbirin sonunda şəhidin anası Solmaz Əsədova, Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova, AzMİU-nun prorektoru Orxan Naqdiyev, Fuad Əsədovun komandiri olmuş Səxavət Mirzəyev çıxış edərək onun haqqında xatirələrini bölüşüblər. Vətən övladlarının nəsillərə örnək həyat yolunun xalqımızın qəhrəmanlıq salnaməsinin şanlı səhifələri olduğu vurğulanıb.
Mədəniyyət.- 2022.- 16
dekabr.- S.6.