Əməkdar incəsənət xadimi, bəstəkar Oqtay Rəcəbov vəfat edib

 

 

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, tanınmış bəstəkar Oqtay Rəcəbov dekabrın 15-də, 81 yaşında vəfat edib.

Oqtay Məmmədağa oğlu Rəcəbov 1941-ci il aprelin 5-də Bakı şəhərində anadan olub. İlk ali təhsilini  Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Fizika və istehsalatın əsasları fakültəsində alıb. 1969-cu ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib.

Bəstəkarın çoxşaxəli yaradıcılığı, əksər musiqi janrlarını əhatə edən əsərləri mədəniyyətimizin xəzinəsini bəzəyən nadir nümunələrdəndir. Qələmindən çıxan simfoniyalar, kameravokal-simfonik əsərlər, musiqili səhnə əsərləri, habelə kinofilmlərə yazdığı musiqi yüksək tamaşaçı rəğbəti qazanıb. Oqtay Rəcəbov ölkəmizin mədəni irsinin, dəyərlərinin, uzun illər ərzində xalqımızın ən ağrılı dərdi olan torpaqlarımızın işğalı və azad olunması uğrunda canından keçmiş qəhrəmanlarımızın yaddaşlara həkk olunması məqsədilə dəyərli əsərlər yaradıb. “Xocalı avazları”, “Çingiz” oratoriyası, “Xocalı” simfoniyası xalqımızın qan yaddaşını musiqidə yaşadan əsərlərdir.

Bəstəkarın Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr etdiyi əzəmətli “Heydər” oratoriyası, fortepiano üçünUlu öndər” əsəri yaradıcılığının ölməz nümunələridir.

Oqtay Rəcəbovun əziz xatirəsi musiqisevərlərin yaddaşında daima yaşayacaq.

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2022.- 16 dekabr.- S.2.