“Şuşa – könlümüzün şəhəri”
Ağdaş Regional Mədəniyyət İdarəsi (RMİ) Zərdab rayon MKS-nin təşkilatçılığı ilə “Allahın gözəl əsəri, könlümüzün şəhəri” adlı ədəbi-bədii gecə keçirilib. Tədbirdə səslənən musiqi nömrələri, məktəblilərin Şuşa, Ali Baş Komandan və vətənpərvərlik haqqında söylədikləri şeirlər, təqdim etdikləri səhnəciklər iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
***
Xaçmaz RMİ-nin təşəbbüsü ilə “Şuşa İli”nə həsr olunan intellektual yarış keçirilib. RMİ-nin rəisi Vüsal Hüseynov bildirib ki, yarışmanın məqsədi mədəni xidmətlər şəbəkəsinin və mədəni-kütləvi tədbirlərin genişləndirilməsindən ibarətdir. Regional idarə üzrə beş rayonu (Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən) təmsil edən mədəniyyət işçilərindən ibarət komandalar arasında yarış 3 mərhələdən ibarət olub. Qubanı təmsil edən komanda birinci yerə layiq görülüb və regional idarə tərəfindən fəxri fərman, kubok və komanda üzvlərinə təşəkkürnamələr təqdim olunub.
***
Şəki RMİ Balakən Rayon Mərkəzi Kitabxanasında “Tarixi Qələbəmizin zirvəsi” adlı tədbir keçirilib. Kitabxananın fəal oxucusu, həvəskar yazar Kübra Əliqızı Qarabağa, Şuşaya həsr etdiyi şeirlərini səsləndirib.
***
Gəncə RMİ Goranboy rayon Uşaq kitabxanası tərəfindən “Şuşa haqqında nə bilirik?” adlı tədbir təşkil edilib. Çıxış edənlər şəhərin tarixi, mədəniyyət abidələri haqqında məlumat veriblər.
***
Biləsuvar RMİ Salyan rayon MKS-də “Əziz Şuşa, sən azadsan!” adlı ədəbi-bədii gecə keçirilib. Salyan Rayon Mədəniyyət Mərkəzi və Salyan Dövlət Kukla Teatrının əməkdaşları tərəfindən kompozisiyalar nümayiş etdirilib, solistlərin ifasında vətənpərvərlik mahnıları səsləndirilib.
***
Kürdəmir RMİ Beyləqan Rayon Tarix-Diyarşünaslıq Muzeyində Aygün Bayramlının “Yeni bir səhər” kitabının təqdimatı keçirilib. “Şuşa İli”nə həsr olunmuş kitab regional idarənin dəstəyi ilə işıq üzü görüb. İdarənin rəisi, kitabın ön sözünün müəllifi Faiq Xudanlı çıxış edərək nəşr haqqında danışıb.
Xocavənd rayon Mədəniyyət evində “Mədəniyyətimizin beşiyi – Şuşa” adlı tədbir keçirilib. Mədəniyyət evi və Uşaq musiqi məktəbinin hazırladığı konsert proqramı, Salakətin kənd tam orta məktəbi şagirdlərinin təqdim etdiyi ədəbi-bədii kompozisiya iştirakçılar tərəfindən maraqla qarşılanıb.
***
Masallı RMİ Masallı rayon Tüklə kənd Sənətkarlıq evində “Şuşa, sən azadsan!” mövzusunda tədbir keçirilib. Ə.İbadov adına kənd tam orta məktəbi şagirdlərinin ifasında Şuşaya həsr olunmuş şeirlər qiraət edilib.
N.Məmmədli
Mədəniyyət.- 2022.- 21
dekabr.- S.4.