Azad edilmiş ərazilərdə
mədəni irslə bağlı vəziyyət lCCROM və UNESCO-da diqqətə
çatdırılıb
Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti Romada Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzdə (ICCROM) görüşlər keçirib və Parisdə UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması üzrə Komitəsinin 17-ci sessiyasında iştirak edib.
Səfər çərçivəsində dekabrın 14-də Dövlət Xidmətinin rəisi lCCROM-un baş direktoru Vebber Ndoro ilə görüşüb. Azad Cəfərli işğaldan azad olunmuş ərazilərdə tarix-mədəniyyət abidələrinin monitorinqi, inventarlaşdırılması, bərpa-quruculuq işləri və infrastruktur layihələrinin icrası haqqında baş direktora məlumat verib. “Böyük Qayıdış” tədbirlərindən söz açılıb, bu xüsusda işğal zamanı dağıdılmış abidələrin qorunması və mühafizəsinə həssaslıqla yanaşıldığı qeyd edilib. lCCROM ilə birgə Azərbaycanda türkdilli dövlətlərin mütəxəssislərini cəlb etməklə abidələrin bərpası və qorunmasının idarə edilməsi, texniki, metodoloji bilik və bacarıqların artırılması üzrə təlimlərin təşkilinin mümkünlüyü diqqətə çatdırılıb.
Vebber Ndoro öz növbəsində ölkəmizə səfəri zamanı işğaldan azad olunmuş ərazilərə getdiyini və oradakı dağıntıları təəssüflə seyr etdiyini deyib. O, birgə təlimlərlə bağlı Azərbaycan tərəfinin təklifini müsbət qarşılayıb. Baş direktor ümidvar olduğunu bildirib ki, mərkəz Azərbaycan olmaqla, türkdilli dövlətlərin iştirakı ilə müvafiq proqramın həyata keçirilməsi uğurlu nəticələr verə bilər.
***
Dekabrın 15-16-da UNESCO-da Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitənin 17-ci sessiyası keçirilib. Sessiyada ölkəmiz Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyi və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbərliyi səviyyəsində təmsil olunub.
Dövlət Xidmətindən verilən xəbərə görə, sessiyanın gündəliyində “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi haqqında” 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokolunun implementasiyasının monitorinq və nəzarət mexanizmlərinə düzəlişlərin qəbul edilməsi, Ukraynadakı mədəni sərvətlərin qorunması və digər məsələlər yer alıb.
Müzakirələr zamanı çıxış edən Azad Cəfərli Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ermənilər tərəfindən otuz ilə yaxın müddətdə dağıdılmış tarix-mədəniyyət abidələrinin ilkin inventarlaşdırılması və mühafizəsi məqsədilə monitorinqlərin aparıldığını və bərpası üzrə tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Vurğulanıb ki, monitorinq prosesində əsas maneə işğal dövründə bu ərazilərin Ermənistan tərəfindən minalanmasıdır.
Dövlət Xidmətinin rəsmisi postmünaqişə dövründə tarixi və mədəniyyət abidələrinin qorunması ilə bağlı Azərbaycan tərəfinin gördüyü tədbirləri və təcrübəni digər dövlətlərlə də paylaşmağa hazır olduğunu bildirib.
Diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Hökuməti silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması mövzusuna xüsusi həssaslıqla yanaşır. Bu məqsədlə Komitənin monitorinq və nəzarət mexanizmlərinin yenilənməsi istiqamətində ölkəmizin aktiv iştirakı, eləcə də cari il 6-9 dekabr tarixlərində Bakıda mədəni sərvətlərin qorunması sahəsində UNESCO konvensiyalarının icrasının vacibliyi mövzusunda beynəlxalq konfransın təşkil edilməsi Azərbaycanın bu mövzuya verdiyi önəmin təzahürüdür.
Sessiyanın sonunda gündəliyin
bəndləri üzrə qərarlar qəbul edilib,
gələn il ərzində keçiriləcək
növbəti sessiya və məsləhətləşmələr
barədə məlumat verilib.
Mədəniyyət.- 2022.- 21
dekabr.- S.1;5.