Onların hərəsi bir qəhrəmanı nişan verir...

 

Tarix Muzeyindəki Vətən müharibəsi fondunda 260-dan çox şəhid və qaziyə aid yadigarlar qorunur

 

Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən iki il ötdü. Bu müddət ərzində dövlət qurumları, ictimai təşkilatlar, ayrı-ayrı müəssisələr tərəfindən şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Şəhidlərin qəbirüstü abidələri, xatirə kompleksləri yaradılır, adları küçələrə, meydanlara, müəssisə və təşkilatlara, mədəni-maarif ocaqlarına verilir. Yaşadıqları evlərə barelyefləri vurulur, bəzilərinin işlədikləri müəssisələrdə xüsusi guşələr yaradılır, büstləri qoyulur.

Milli Azərbaycan Tarixi Muzeyində ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid və qazi olan həmvətənlərimizə məxsus geyim, xatirə əşyaları, sənədlər və fotoların toplanması, qorunması, tədqiqi və təbliği məqsədilə Vətən müharibəsi fondu yaradılıb. Fondun fəaliyyəti ilə bağlı ətraflı məlumat almaq üçün onun müdiri Şəfa Mövsümovla əlaqə saxladıq. Həmsöhbətimiz dedi ki, Vətən müharibəsi fondu 2021-ci ilin yanvar ayında Milli Azərbaycan Tarixi Muzeyi Elmi Şurasının qərarı ilə təsis edilib: “Həmin gündən muzeyin əməkdaşları bu fondun kolleksiyasını zənginləşdirmək üçün materialları toplamağa başladılar. Müxtəlif bölgələrdən olan şəhidlərimizə aid şəxsi əşyalar, hərbi geyimlər, sənədlər, fotolars. toplanılması işi qısa müddətdə fondun yaranmasını təmin etdi. Fond materialları əsasında 2021-ci ilin mayından 2022-ci ilin fevralınadək “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgi təşkil edilib. Həmin sərgidə ümumilikdə 205 şəhidin və 10 qazinin şəxsi əşyaları nümayiş etdirilib. 30 vitrindən ibarət olan bu sərgidə eksponatlarla yanaşı, 12 informasiya paneli, 7 iriölçülü banner, qüdrətli Ordumuz tərəfindən düşməndən ələ keçirilmiş 58 ədəd hərbi qənimət də yer alıb”.

Şəfa Mövsümov bildirdi ki, fondda həmçinin Birinci Qarabağ müharibəsi, 2016-cı ilin Aprel döyüşləri, 2020-ci ilin Tovuz döyüşləri, 44 günlük Vətən müharibəsi və  2021-ci ilin noyabrın 30-da Qaraheybət təlim mərkəzində şəhid olmuş Dövlət Sərhəd Xidmətinin (DSX) bir qrup əməkdaşlarına aid materiallar da yer alır. Eyni zamanda Vətən müharibəsində xüsusi xidmətləri olan müvafiq dövlət qurumları – Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Dövlət Təhlükəsizliyi Xidməti, DSX, ANAMA və Müdafiə Sənayesi Nazirliyinin şəxsi heyətlərinin geyim növləri və ləvazimatlarının nümunələri, tədris və ideoloji vəsaitləri də fondda mühafizə edilir. Şəhidlərin hərbi formaları (baş geyimləri, kitel, şalvar, hərbi çəkmələri və s.), fəxri fərman, təşəkkürnamə, orden, medal və diplomların rəngli surətləri, eləcə də şəxsi əşyaları (saat, qolbaq, kompas, alışqan, təsbeh, pulqabı və s.) yaxınları tərəfindən fonda birdəfəlik təhvil verilir. Daxil olan materiallar arasında şəhidlərin hərbi təhsil və təlim illəri ilə yanaşı, döyüş yoluna aid fotoları da var.

Muzeydəki digər fondlar kimi, Vətən müharibəsi fondunun materiallarının da elmi-tədqiqat işlərinə cəlb ediləcəyini söyləyən müsahibim vurğuladı ki, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizə aid materiallar əsasında elmi məqalələr, kataloqlar, broşürlər, kitabçalars. yazılması üçün bu fond elmi resurslara malikdir. Fondun materialları hərb tarixi, hərbi jurnalistikaQarabağ müharibəsinin tədqiqi ilə məşğul olanlar üçün qiymətli mənbə ola bilər. Azərbaycanın Milli Qəhrəmanlarından 2016-cı ilin dekabrında şəhid olmuş Çingiz Qurbanov, 2020-ci ilin iyulunda Tovuz rayonu ərazisində qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev, həmçinin 2020-ci ilin oktyabrında Vətən müharibəsində Qubadlı uğrunda döyüşlərdə şəhid olan polkovnik Şükür Həmidova aid materiallar da Vətən müharibəsi fondunda daimi mühafizədədir.

Hazırda fondda 3150 ədəd inventarın olduğunu bildirən Ş.Möhsümov bunların fondun əməkdaşları tərəfindən xüsusi proqram vasitəsilə pasportlaşdırıldığını dedi: “Ümumilikdə fondda 250-dən artıq şəhid və 15-dən artıq qaziyə aid yadigarlar qorunur. Fond materialları əsasında mütəmadi olaraq muzeyin saytında informasiya xarakterli yazılar gedir. Vətən müharibəsi tədqiqatçıları fonda  müraciət edərək araşdırma aparırlar. Artıq fond kolleksiyasına istinadən müxtəlif yerli xarici konfranslarda elmi məruzələr edilib, müxtəlif toplularda məqalələr dərc olunub. Ölkə televiziyalarına Vətən müharibəsi fondunun yaranması, fəaliyyəti görülən işlər barədə müsahibələr verilib, şəhid qazilərimizə aid sənədli filmlərin çəkilməsində fondun eksponatlarından istifadə edilib”.

Hazırda fondun kolleksiyasının zənginləşdirilməsi məqsədilə şəhid qazilərimizə aid materialların toplanılması işi davam etdirilir.

 

Nurəddin

Mədəniyyət.- 2022.- 23 dekabr.- S.6.