“Yeni
adlar”da qanun və tar gecəsi
Mədəniyyət Nazirliyi tərəfindən
bu ilin mart ayından həyata keçirilən “Yeni adlar” musiqi layihəsi
davam edir. İstedadlı gənclər böyük
səhnələrdə ölkəmizin
aparıcı kollektivlərinin
müşayiətində öz
məharətlərini göstərirlər.
Dekabrın 20-də Müslüm Maqomayev adına
Azərbaycan Dövlət
Akademik Filarmoniyasında
“Yeni adlar” layihəsinin növbəti
konserti keçirildi.
Gecədə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor – Xalq artisti Ağaverdi Paşayev) müşayiəti
ilə gənc musiqiçilər – respublika
və beynəlxalq müsabiqələr laureatları
Aişə Əmrahova
(qanun) və Hüseyn Quliyev (tar) maraqlı proqramla çıxış etdilər.
Orkestr tərəfindən
Fikrət Əmirovun “Kürd ovşarı” simfonik muğamından fraqment və Niyazinin “Qaytağı” əsəri böyük şövqlə təqdim
edildi.
Konsertdə Aişə Əmrahovanın
ifasında H.Xanməmmədovun
“Tar və simfonik orkestr üçün 2 nömrəli konsert”i, Hüseyn Quliyevin təqdimatında isə yenə də H.Xanməmmədovun “Kamança
və simfonik orkestr üçün konsert”i alqışlarla qarşılandı. İstedadlı gənclər orkestrin müşayiəti ilə
hər iki əsəri həm peşəkarlıq, həm
də sevgi ilə səsləndirdilər.
***
Aişə Əmrahova 1994-cü ildə
Bakı şəhərində
anadan olub. 2009-cu ildə
Rafiq Babayev adına 25 nömrəli
onbirillik Musiqi məktəbini qanun sinfi üzrə bitirərək elə həmin il Azərbaycan
Milli Konservatoriyası
(AMK) nəzdində Musiqi
Kollecinə daxil olub. 2013-cü ildə
kolleci fərqlənmə
diplomu ilə bitirərək konservatoriyada
təhsilini davam etdirib. 2017-ci ildə AMK-nı da fərqlənmə diplomu ilə başa vurub. Sonra Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetində
magistr təhsili alıb.
Aişə Əmrahova 2008-ci ildə
Xalq çalğı
alətləri üzrə
Respublika müsabiqəsində
I, 2010-cu ildə “Nazim
Əliverdibəyov adına
Gənc ifaçıların
V Ümumşəhər müsabiqəsi”ndə
II, 2011-ci ildə dövlət
müstəqilliyimizin bərpasının
20-ci ildönümünə həsr olunmuş “Milli musiqi alətləri
ifaçılarının Respublika festivalı”nda və bir il
sonra Fikrət Əmirovun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş orta ixtisas musiqi məktəbləri arasında
gənc ifaçıların
Respublika müsabiqəsində
diplomlara layiq görülüb. O, 2013-cü ildə
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə ümumtəhsil
və orta ixtisas təhsil müəssisələrinin şagird
və tələbələri
arasında gənc musiqi ifaçılarının
müsabiqəsində II yerə
layiq görülüb.
2015-ci ildə IV Respublika Muğam müsabiqəsində diplomla
təltif olunub.
İfaçısı bu il Elm və
Təhsil Nazirliyi və AMK-nın birgə təşkilatçılığı
ilə “Şuşa İli” çərçivəsində
keçirilən Qanun
festivalında təşəkkürnamə
ilə təltif edilib.
***
Hüseyn Quliyev 1999-cu ildə Bakı şəhərində anadan olub. 2011-ci ildə 27 saylı Musiqi məktəbinin tar ixtisası sinfinə daxil olub. 2015-ci ildən təhsilini Bülbül adına Orta İxtisas Musiqi Məktəbində davam etdirib. 2018-2022-ci illərdə isə AMK-nın İfaçılıq fakültəsində tar ixtisası üzrə təhsil alıb. Gənc ifaçı AMK-da təhsil aldığı illərdə bir sıra müsabiqələrdə iştirak edərək nailiyyətlər qazanıb. 2020-ci ildə Moskvada keçirilən “Daha çoxunu edə bilərsən” adlı beynəlxalq müsabiqədə 1-ci dərəcəli diploma, Krasnodar “İstedadların sahilləri” adlı beynəlxalq müsabiqədə Qran-pri mükafatına, Sankt-Peterburqda “Yaşa! Yarat! Arzula!” adlı beynəlxalq müsabiqədə I yerə layiq görülüb. O, həmçinin Kazan şəhərində keçirilən “Lider – 2020” adlı beynəlxalq müsabiqədə I, Azərbaycan-Özbəkistan arasında xalq simli musiqi alətləri ifaçılarının beynəlxalq müsabiqəsində II, Polşanın Varşava şəhərində “Mədəniyyət karvanı” müsabiqəsində Qran-pri mükafatını əldə edib.
Hüseyn Quliyev görkəmli müğənni Bülbülün 125 illik yubileyinə həsr olunmuş və “Şuşa İli” çərçivəsində reallaşan “Milli musiqi ifaçılarının Respublika müsabiqəsində II yerə layiq görülüb.
Nurəddin
Mədəniyyət.- 2022.- 23 dekabr.- S.3.