“Erməni vandalları Azıx mağarasında
partlayış törətmişdilər”
Abbas Seyidov: “İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq
ekspertlərin iştirakı ilə daha geniş arxeoloji tədqiqatlar
aparılacaq”
Ölkəmizin Qarabağ və Şərqi Zəngəzur əraziləri özünün tarixi-mədəni zənginliyi ilə seçilir. Otuz ilə yaxın işğal dövründə ermənilər tərəfindən bu ərazilərdəki maddi-mədəniyyət nümunələrimiz dağıdılıb, talan olunub, orada qanunsuz “tədqiqat işləri” aparılıb. 44 günlük Vətən müharibəsində torpaqlarımızın azad olunması həmin ərazilərdə tarixi-arxeoloji irsin yenidən tədqiqat olunması üçün də fürsət yaradıb.
Müsahibimiz AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru tarix üzrə elmlər doktoru, professor Abbas Seyidovdur. Direktor əvvəlcə institutun fəaliyyəti haqqında söz açdı.
– Müəssisəmiz əvvəlcə Arxeologiya, Etnoqrafiya İnstitutu adlanırdı. Ötən il “antropologiya” sözü qurumun adına
əlavə olunub. İnstitutumuz
uzun müddət AMEA Tarix
İnstitutunun nəzdinə bir sektor kimi
fəaliyyət göstərib. 1993-cü ildə isə
ayrıca institut olub. Gələn il institutun
30 yaşı tamam olacaq. Bununla bağlı tədbirlər
planı hazırlanıb.
Yubiley münasibətilə, həmçinin
beynəlxalq səviyyəli
konfrans keçirməyi
planlaşdırırıq.
İnstitutun əsas fəaliyyət istiqamətləri Azərbaycanda
arxeologiya və etnoqrafiya elmləri sahəsində fundamental və
innovasiya xarakterli elmi tədqiqatların həyata keçirilməsindən
ibarətdir. Hazırda antropoloqlarımız arxeoloqlarımızla
birlikdə Birinci Qarabağ müharibəsi
dövründə itkin
düşmüş, erməni
vandalları tərəfindən
vəhşicəsinə öldürülmüş
soydaşlarımızın məzarlarının aşkarlanması
və tədqiqi istiqamətində də iş aparırlar. Artıq həmin ərazilərdə
bir neçə kütləvi məzarlıq
aşkar olunub.
– Məlum olduğu kimi, Azərbaycanda çoxlu sayda alban abidləri var. Albanşünaslıq Elmi
Mərkəzi tərəfindən
bu istiqamətdə hansı işlər görülür?
– Azərbaycanın şimal
bölgələrində, Qarabağda
çoxlu sayda alban-xristian məbədləri
var. Ermənilər həmin
abidələri saxtalaşdırmaq
üçün onların
üzərindəki alban
xaçlarını götürərək
öz xaçlarını
yerləşdiriblər. Qeyd edim
ki, alban abidələrinin üstündəki
xaçlar erməni xaçlarından fərqlənirlər.
Bu abidələrin tədqiqi ilə bağlı institutun əməkdaşı, tarix
üzrə elmlər doktoru Məhəbbət Paşayevanın “Qarabağın
və Şərqi Zəngəzurun alban abidələri” adlı kitabı işıq üzü görüb.
Kitabda Azərbaycanın Qarabağ
və Şərqi Zəngəzur ərazilərində
keçən əsrin
son illərinə qədər
aşkar edilmiş və bir qismində
elmi tədqiqat işləri aparılmış
yüzdən artıq
alban memarlıq abidəsi haqqında tarixi arayış verilib.
– Qarabağ və Şərqi Zəngəzurun
azad olunmasından sonra həmin ərazilərdə arxeoloji
tədqiqat işləri
aparılırmı?
– Torpaqlarımızın azad
olunmasından sonra Ağdam şəhərində
yerləşən Üzərliktəpə
abidəsində geniş
arxeoloji qazıntı
işləri aparılıb.
Azərbaycanda cəmi 2-3 Orta
Tunc dövrünə
aid şəhər yeri
var. Bunlardan biri də Üzərliktəpədir.
Havalar soyuduğuna görə burada qazıntı işlərinə
ara verilib.
Gələn ilin yazından
etibarən qazıntı
işləri davam etdiriləcək.
Bildiyiniz kimi, Əhmədbəyli-Füzuli-Şuşa
avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Avtomobil yolunun
31-ci kilometrliyində Füzuli
kurqanları (onlara Yedditəpə kurqanları
da deyirlər) aşkar edilib. Ölkə başçısının
göstərişlərinə əsasən 1, 2 və 3 saylı kurqanlarda institutun əməkdaşları
– tarix üzrə elmlər doktoru, professor Arif Məmmədov və tarix üzrə
fəlsəfə doktoru,
dosent Zaur Həsənovun rəhbərliyi
ilə arxeoloji qazıntı işləri
aparılıb.
Zəngilan rayonu ərazisində
“Şəhri Şərifan”
adlı Orta əsrə aid şəhər
yerində, Ağdam şəhərinin yaxınlığında
yerləşən Boyəhmədli
kurqanında və Şahbulaq qalası yaxınlığındakı Alban dövrünə aid siklop
tikililərdə genişmiqyaslı
arxeoloji qazıntı
işləri aparmaq istəyirik.
Şuşa şəhərində hotel tikintisi
zamanı xanlıqlar dövrünə aid abidələr
aşkar olundu. Orada da bizim arxeoloqlarımız qazıntı işləri
apardılar. Nəticədə bir neçə maraqlı tapıntımız
oldu. Bilirsiniz, Qarabağın hər
tərəfi tarixi abidədir. Ona görə də
Qarabağda tikinti işləri zamanı abidələr aşkar olunur. Demək olar ki, hər həftə bizə bununla bağlı məlumatlar daxil olur. Biz qısa müddətdə
reaksiya verərək Qarabağ üzrə arxeoloqumuzu həmin əraziyə göndəririk.
Planlaşdırılır ki, gələn il bizim
əsas tədqiqat obyektimiz Qarabağ olsun. Ümumiyyətlə, Qarabağdakı abidələrin əksəriyyəti
dağlarda, dərələrdə
yerləşir. Ərazilər minalardan tam təmizlənməyib.
Hələlik ANAMA əməkdaşlarının
tam olaraq təmizlədiyi
ərazilərə ekspedisiyalar
təşkil edirik.
– Vətən müharibəsindən
sonra Azıx mağarasından bir sıra maddi mədəniyyət nümunələrinin
götürülərək Bakıya gətirilməsi
barədə xəbərlər
yayılmışdı...
– İşğal dövründə
ermənilər Azıx
mağarasında xarici
ölkələrin “alimləri”
ilə birlikdə arxeoloji qazıntı işləri aparıblar. Bu zaman mağara dağıntıya məruz
qalıb. Erməni vandalları
mədəni təbəqəni
dağıtmaq üçün
mağaranın içində
qumbara da partladıblar. 2016-cı ildə orada aparılan saxta qazıntılarla bağlı
kitab nəşr edilib. Bu kitab
da azərbaycanlı alimlərin vaxtilə apardığı qazıntı
işləri əks olunan mənbələrdən
köçürmə idi.
Biz Azıx mağarasında
yeni üsullarla tədqiqatlar apararaq yeni kitab çap
etmək istəyirik.
Ermənilər qazıntı zamanı tapdıqları materialları
qutulara yığaraq Azıx kəndində saxlayıblar. Qüdrətli Ordumuz Vətən
müharibəsi zamanı
onları qovanda ermənilər həmin qutuları orada qoyaraq qaçıblar.
Azıx kəndindəki
evlərin birindən əsgərlərimizin aşkar
etdiyi və Azıx mağarasından tapılan 89 qutu material institutumuza gətirilərək
fonda təhvil
verilib. Hələlik onların üzərində
tədqiqat işləri
aparılmır. Gələn
il ölkəmizdən
və xaricdən arxeoloqların iştirakı
ilə beynəlxalq ekspedisiya tərəfindən
Azıx mağarasında
tədqiqat işləri
aparılmasını nəzərdə
tuturuq. Artıq bu istiqamətdə
danışıqlar gedir.
Tədqiqat işlərinə Koreya, Yaponiya, Polşa, qardaş Türkiyə, Qazaxıstan
və Gürcüstandan
arxeoloqlar dəvət
etmək istəyirik.
Azıx mağarasının dərin
tədqiqata ehtiyacı
var.
– Bəs Mədəniyyət
Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı
və Bərpası üzrə Dövlət Xidməti ilə əməkdaşlığınız varmı?
– Biz Dövlət Xidməti ilə faktiki olaraq birgə işləmirik. Sadəcə, bəzi işlərimiz
bir nöqtədə birləşir. Məsələn, hər hansı abidənin dövlət qeydiyyatı barədə
ilk olaraq institutumuz tərəfindən vəkalət
verilir. Daha sonra Dövlət
Xidməti tərəfindən
həmin abidə qeydiyyata alınır.
– İndiyədək xarici
mütəxəssislərlə müştərək fəaliyyətiniz
olubmu?
– Bəli, ABŞ, Fransa, Yaponiya, Koreya, Almaniya, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan və Özbəkistandan olan arxeoloqlarla birgə işlər aparırıq.
Gələn il
yenə də onlarla işləməyi planlaşdırırıq.
– Arxeoloji qazıntı zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələrinin mühafizəsi necə təşkil olunur?
– Arxeoloji qazıntılar zamanı aşkar edilən maddi mədəniyyət nümunələri əvvəlcə institutun arxeoloji fonduna gətirilir. Burada yuyulur, təmizlənir, nömrələnir, fotoları çəkilir, dövrü müəyyən olunur. Hazırda institutun arxeoloji fondunda bir milyondan artıq maddi mədəniyyət nümunəsi var.
Onu da deyim ki, Qarabağ və Şərqi Zəngəzurda yeni aşkar edilmiş arxeoloji materiallar Bakıya gətirilməyəcək, orada yaradılacaq muzeylərdə sərgilənəcək. Regiona səfər edən turistlər həm qazıntı yerləri və həm də muzeylərlə tanış olacaqlar.
– Siz həm də peşəkar musiqiçi kimi tanınırsınız. Bu sahəyə marağınız necə yaranıb?
– Bir dəfə Şərur rayonunun Şahtaxtı kəndində toy mərasimi zamanı bir aşıq saz çalırdı. Sazın səsi hələ də qulağımdan getmir. Həmin gündən sonra musiqiyə həvəsim yarandı. Bu həvəs nəticəsində Naxçıvan şəhərindəki Uşaq-gənclər musiqi məktəbində təhsil almışam. Həmçinin ölkənin tanınmış incəsənət xadimləri ilə bir sıra tədbirlərdə musiqi alətində ifa etmişəm. Evimizdə saz, tar, ud, qaval və digər musiqi alətləri var. Onlardan tar, ud və sazı professional olaraq ifa edirəm. Amma uzun müddətdir ki, musiqi ilə məşğul olmuram.
N.Məmmədli
Mədəniyyət.- 2022.- 29
dekabr.- S.7.