Bu sevincin
öz adı var...
Fərhad Bədəlbəyli
75 illik yubiley gecəsində yenə royalın arxasında idi
Bütün çıxışlarında, ölkəmizdə və xaricdə verdiyi konsertlərdə eyni arzu ilə bitirirdi
ifalarını: Şuşaya
qovuşmaq. Budur, 75 illik yubileyində
bu arzu və
onun yaşatdığı
sevincin şövqü
ilə yenə səhnədədir. Parıldayan
gözlərdən qopan
sevinc, hərarətli
barmaqlar fortepianonun dillərinə toxunduqca bütün zala hökm verirdi: mən çox xoşbəxtəm...
Dekabrın 23-də M.Maqomayev adına
Azərbaycan Dövlət
Akademik Filarmoniyasında
görkəmli pianoçu
və bəstəkar,
Ü.Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının rektoru
professor Fərhad Bədəlbəylinin
75 illiyinə həsr olunmuş yubiley gecəsi keçirildi.
Konsert salonu müxtəlif nəsil və zövqdən insanlarla dolub-daşırdı. Rəsmilər, millət vəkilləri, mədəniyyət, ədəbiyyat
və incəsənət
xadimləri, sənətkarın
həmkarları, tələbələri,
musiqisevərlər yubiley
gecəsinə böyük
maraqla gəlmişdilər.
Konsert Fərhad
Bədəlbəylinin bədii
rəhbəri olduğu
Bakı Kamera Orkestrinin ifası ilə başladı. Heyət Əməkdar
artist Fuad İbrahimovun
dirijorluğunda İ.S.Baxın
“İki piano və orkestr üçün konsert”ini (üç hissədə) ifa etdi. Yubilyar sənətkar və
Xalq artisti Murad Adıgözəlzadə
bu irihəcmli musiqi əsərini başqa bir ecazda təqdim etdilər. Vaqif Mustafazadənin “Piano və orkestr üçün konsert”i də musiqiçinin piano ilə sirli dialoqunda möhtəşəm
ovqat yaratdı.
Sonra Üzeyir Hacıbəyli adına Azərbaycan
Dövlət Simfonik Orkestrinin kamera heyətinin müşayiətində
(dirijor: F.Bədəlbəyli)
Y.Haydnın “Piano və
orkestr üçün
konsert”i (II və III hissələr) M.Adıgözəlzadənin
ifasında (üçüncü
hissənin dirijoru: Fuad İbrahimov) dinlənildi.
S.Raxmaninovun “İki piano və orkestr üçün süita”sı F.Bədəlbəyli
ilə M.Adıgözəlzadənin
birgə ifasında maraqla qarşılandı. Sürəkli alqış, al-əlvan gül-çiçək yağışı,
salondan səhnəyə
nüfuz edən sevgi seli əsl
sənət və sənətkarın bütün
zamanlarda arzulanan olduğunu isbatladı.
Bu mənada F.Bədəlbəyli
sənəti və sənətkarlığı öz
bənzərsizliyində idi
yenə o axşam.
F.Bədəlbəyli müsahibələrinin
birində demişdi:
“Mühit mənə mütləq təsir edirdi. Onları dinləyirdim. Yaşadığım mühit mənim
üçün böyük
dəstək olub.
Bundan sonrasını – nələrə
qadir olduğumu artıq mən özüm sübut etməliydim. Hər gün
səkkiz-doqquz saat çalışırdım. Asan məsələ deyildi.
Bilirsiniz,
əgər bir insan məşhur soyadın altında çıxış edirsə,
onun məsuliyyəti daha böyük olur”.
Yaşının 75-ci dayanacağında dəqiqələrlə
pianonun ağ-qara dillərində gəzişmək,
bütün ruhu ilə bir dəliqanlı
gənc kimi onun ağuşuna “atılmaq” elə də asan deyil.
Məlumat üçün deyək ki, görkəmli rejissor, Xalq artisti Şəmsi Bədəlbəylinin ailəsində anadan olan F.Bədəlbəyli 1965–1969-cu illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (professor M.R.Brennerin sinfi), 1969–1971-ci illərdə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında (dosent B.Davidoviçin sinfi) təhsil alıb. Azərbaycan musiqi sənətinin görkəmli nümayəndələri sırasında layiqli yer tutan F.Bədəlbəyli fortepiano ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadır. O, eyni zamanda özünəməxsus ifa üslubu ilə milli ifaçılıq sənətimizi daha da zənginləşdirib.
Virtuoz pianoçu dünyanın müxtəlif ölkələrində, mötəbər konsert salonlarında çıxış edib, Azərbaycan musiqisini və ifaçılıq sənətini layiqincə təmsil edib. Professor Fərhad Bədəlbəyli 1991-ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektorudur. Bu gün sənətdə böyük uğurlar qazanmış pianoçularımız arasında onun da yetirmələri çoxdur.
Zamanında ustadlarından öyrəndiklərini sevə-sevə yeni musiqiçilər nəslinə ötürən, gəncliyimizin klassik musiqi ruhunda, yüksək sənət zövqündə olmasını daim yanğı ilə təbliğ edən sənətkar elə yubiley konsertini də məhz yetirmələri ilə verməyin sevincini yaşayırdı...
Həmidə
Mədəniyyət.- 2022.- 29
dekabr.- S.5.