2022-nin musiqi çələngindən

 

Yola saldığımız 2022-ci il Azərbaycan musiqi mədəniyyəti tarixinə yazıla biləcək rəngarəng tədbir və layihələrlə yadda qaldı. İl ərzində festivallar, müsabiqələr, yubiley gecələri bir-birini əvəzlədi.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı ilin ən yaddaqalan musiqi layihələrindən oldu. Heydər Əliyev Fondu, Mədəniyyət NazirliyiŞuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən təşkil olunan festival azad Şuşanın mədəni həyatına ikinci dəfə rəng qatdı. Bir sıra ölkələrdən musiqifolklor kollektivlərinin iştirak etdiyi festival qala-şəhərimizin ününə ün qatdı.

Bu il dünya şöhrətli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyi dövlət başçısının sərəncamına əsasən, ölkəmizdə və xaricdə böyük təntənə ilə qeyd olundu. Noyabr ayında Azərbaycan Mədəniyyət NazirliyiUNESCO-nun birgə təşkilatçılığı ilə Parisdə, təşkilatın mənzil-qərargahında F.Əmirovun yubileyinə həsr edilmiş musiqi axşamı keçirildi. Yubiley ilində nazirliyin təşkilatçılığı ilə həmçinin “Fikrət Əmirov – 100” adlı musiqi festivalı keçirildi, konserttamaşa nümayişləri paytaxtla yanaşı, bəstəkarın doğulduğu Gəncə şəhərində də oldu.

Görkəmli bəstəkar SSRİ Xalq artisti Rauf Hacıyevin 100 illiyi dövlət səviyyəsində qeyd olundu. Yubiley münasibətilə musiqi festivalı keçirildi. Festival çərçivəsində Bakıda və regionlarda konsertlər, elmi konfranslar təşkil edildi.

Dövlət başçısının sərəncamı ilə görkəmli tarzən, pedaqoq, Xalq artisti Əhməd Bakıxanovun isə 130 illiyi müxtəlif tədbirlərlə qeyd olundu. Bundan əlavə, il ərzində görkəmli xanəndələr, Xalq artistləri Sara Qədimova və Şövkət Ələkbərovanın 100, Habil Əliyevin 95, Emin Sabitoğlunun 85, dünya şöhrətli operaestrada müğənnisi, bəstəkar Müslüm Maqomayevin 80 illik yubileyləri müxtəlif tədbirlərlə qeyd edildi. Avqustda paytaxtdakı “Yaşıl Teatrda, oktyabrda isə Heydər Əliyev Sarayında Maqomayevin yubileyinə həsr olunmuş musiqi axşamları xüsusilə yaddaqalan oldu.

***

Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı 14-cü dəfə ölkəmizdən və xaricdən ifaçı və kollektivləri, mütəxəssisləri bir araya gətirdi. Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalın konsertləri Üzeyir bəyin doğma şəhəri Şuşada da gerçəkləşdi.

2010-cu ildən Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəkidə keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı pandemiyanın yaratdığı ikiillik fasilədən sonra bu il 11-ci dəfə baş tutdu.

Ölkəmizdə vokal ifaçılığının inkişafına töhfə vermək məqsədilə keçirilən Vokalçıların Bülbül adına Beynəlxalq müsabiqəsinin bu il səkkizincisi reallaşdı. 25 il öncə təməli qoyulan müsabiqəyə ilk dəfə sənətkarın doğma yurdu Şuşa şəhəri ev sahibliyi etdi.

Caz həvəskarlarının iki ildir intizarla gözlədikləri Bakı Caz Festivalı bu il paytaxt sakinlərini və şəhərimizin qonaqlarını cazsız qoymadı. Mədəniyyət Nazirliyinin dəstəyi ilə festival 17-ci dəfə təşkil olundu.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən “Barokko günləri” Beynəlxalq Musiqi Festivalı, Bakı Beynəlxalq Piano Festivalı da ilin uğurlu mədəniyyət layihələrindən oldu.

NazirliyinYeni adlar” layihəsi isə gənc və istedadlı musiqiçilər üçün geniş meydan oldu. Gənc ifaçılar Azərbaycan Dövlət Akademik Filarmoniyasında ölkənin aparıcı orkestrlərinin müşayiəti və tanınmış dirijorların rəhbərliyi ilə imkanlarını nümayiş etdirmək fürsəti qazandılar.

Heydər Əliyev Fondu və Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən VIII Muğam Televiziya Müsabiqəsi də muğamsevərlər üçün ilə bir naxış vurmuş oldu.

Mədəniyyət Nazirliyi və YARAT Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə reallaşan, ictimaiyyətin marağını cəlb edən “Mədəni yenilənmə” layihəsi 2022-ci ildə də davam etdi. Kino, musiqi və digər sahələrdə tanınmış simalar şəhərimizin qonağı oldular.

***

Hazırda Azərbaycan musiqi mədəniyyətinin inkişafına töhfələr verən bir sıra sənətkarın da yubiley gecələri keçirildi. 60 il dirijor pultu arxasında dayanan görkəmli sənətkar, Xalq artisti, Dövlət mükafatı laureatı Rauf Abdullayevin 85 illiyi qeyd olundu. Maestronun yubileyi münasibətilə Azərbaycan Dövlət Akademik Filarmoniyasında təntənəli gecə keçirildi.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə və Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəylinin 75 illik yubileyləri keçirildi. Firəngiz Əlizadənin yubileyi münasibətilə musiqi festivalı təşkil olundu, paytaxtın musiqi salonlarında bəstəkarın əsərləri səsləndirildi. Firəngiz Əlizadənin yubileyi ölkəmizdən kənarda da qeyd edildi, o cümlədən dekabrda Almaniyada konsert keçirildi.

Xalq artistləri – bəstəkar Eldar Mansurov və müğənni Sərxan Sərxanın 70, bəstəkar Sərdar Fərəcovun 65 illiyinə həsr olunan tədbirlər də ilin musiqi yaddaşına yazıldı.

***

Uşaq və yeniyetmələrin incəsənətin müxtəlif istiqamətləri üzrə püxtələşməsində xüsusi yeri olan Azərbaycan Dövlət Uşaq Filarmoniyası bu il 30 yaşını qeyd etdi. İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin isə 100 yaşı ilə bağlı tədbir keçirildi.

ABŞ-nin Boston şəhərində yaşayan azərbaycanlı cazmen, pianoçu, Əməkdar artist Emil Əfrasiyab ilk dəfə ölkəmizi Kaliforniya ştatında 65-ci Monterey Caz Festivalında təmsil etdi.

2023-cü ildə də ölkəmizin musiqi ictimaiyyətinə daha böyük yaradıcılıq uğurları arzulayırıq.

 

Lalə Azəri

Mədəniyyət.- 2022.- 29 dekabr.- S.1;3.