Rauf Hacıyevin 100 illiyinə həsr olunan festival yekunlaşdı
Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin
təşkilatçılığı ilə görkəmli bəstəkar SSRİ Xalq
artisti Rauf Hacıyevin (1922-1995) 100 illiyi
münasibətilə 3-27 dekabr
tarixlərində musiqi
festivalı keçirildi.
Festival çərçivəsində
paytaxtda və Gəncədə musiqi axşamları və digər tədbirlər təşkil olundu.
Dekabrın 22-də festivalın növbəti
konserti Beynəlxalq Muğam Mərkəzində
reallaşdı. Yığcam, xüsusi ab-havası
olan musiqi axşamında bəstəkarın
Əlcəzair mövzusunda
əsərləri, piano üçün
miniatürləri səsləndirildi.
Qeyd edək
ki, Rauf Hacıyev 1971-ci ildə Mədəniyyət Nazirliyinin
göndərişi ilə
Əlcəzairə gedən
mədəniyyət qrupuna
rəhbərlik edib. Azərbaycan musiqisi
tarixində novator bəstəkar kimi qalan Rauf Hacıyev
əlcəzairli gənclərin
musiqi təhsilində,
milli musiqi məktəbinin formalaşmasında
yaxından iştirak edib. Həmin musiqiçi kadrlar
indi də Əlcəzair Milli Konservatoriyasında və Buduau şəhərində
açılmış musiqi
məktəbində müəllim
kimi çalışırlar.
Konsert proqramında
bəstəkarın sevilən
mahnıları dirijor
Leyla Zalıyevanın
rəhbərliyi ilə
“Şəms-Qəmər” kamera
xoru (Milli Konservatoriya) tərəfindən
səsləndirildi. Xoru Əməkdar
müəllim Naibə
Şahməmmədova müşayiət
edirdi. Əməkdar artistlər Nərgiz
Kərimova və Fərid Əliyevin ifalarında Rauf Hacıyevin operettalarından
parçalar maraqla qarşılandı.
Gecədə musiqişünas Vəfa
Həmidova dolğun və əhatəli çıxışı ilə
tamaşaçıları Rauf Hacıyev yaradıcılığının maraqlı məqamları ilə tanış
etdi. Beynəlxalq müsabiqələr laureatları Fəqan Həsənli və Atabala Manafzadə bəstəkarın fortepiano üçün
miniatürlərini sevgi
və ehtiram dolu ifaları ilə təqdim etdilər.
Xalq artisti Salman Qəmbərov və ifaçı Rövşən Qəhrəmanovun
“Saçlarına gül
düzüm”ü yeni
işləmədə birgə
ifaları isə xüsusi təsir bağışladı. Bu ifa ilə zala sanki
çiçək yağışı
ələndi...
***
“Rauf Hacıyev – 100” Musiqi Festivalına dekabrın 27-də M.Maqomayev
adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən konsertlə
yekun vuruldu. Bağlanış konserti üçün
bəstəkarın simfonik
əsərlərindən ibarət
proqram tərtib olunmuşdu.
Musiqişünas Vəfa Həmidova bəstəkarın simfonik musiqi yaradıcılığından söz açdı. Bildirdi ki, yekun konsertdə sənətkarın simfonik əsərləri silsiləsindən səslənəcək “Gənclik simfoniyası” (1953) müəllifin diplom işidir. Bu əsər Azərbaycan musiqisində ilk lirik-dramatik simfoniya nümunəsidir. Əsərdə bəstəkarın Vətəninə, xalq sənətinə, musiqisinə olan dərin məhəbbəti öz əksini tapıb. Bəstəkarın “Rəqs lövhələri” simfonik süitası isə 1954-cü ildə yazılıb və “Qızların rəqsi”, “Rəqs”, “Yallı”, “Vals” hissələrindən ibarətdir.
Proqrama daxil olan bəstəkarın “Violin ilə orkestr üçün konsert” (1952) əsərinə qədər yalnız Soltan Hacıbəyov 1945-ci ildə və Cahangir Cahangirov 1951-ci ildə bu janra müraciət edib. R.Hacıyevin bu əsəri nurla, coşqun həyat nəbzi və sevinc hissi ilə doludur.
Sonra konsert proqramı təqdim olundu. Konsertdə Üzeyir
Hacıbəyli adına Dövlət
Simfonik Orkestrinin müşayiətində (Əməkdar
artist Fuad İbrahimovun
dirijorluğu ilə) Əməkdar artist Ceyla Seyidova bəstəkarın
əsərlərini sevgi
və peşəkarlıqla
səsləndirdi. İfa olunan
əsərlər Rauf
Hacıyev sənətinin
əbədiyaşarlığını bir daha təsdiqlədi.
Lalə
Mədəniyyət.- 2022.- 29
dekabr.- S.2.