Ədəbiyyat və incəsənətimizin
“Tək inci”si
Natəvanın 190 illiyinə həsr olunan sərgi açılıb
Dekabrın 28-də Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli şair, ictimai xadim Xurşidbanu Natəvanın (1832-1897) 190 illik yubileyinə həsr edilmiş “Tək inci” adlı sərginin açılışı keçirildi.
Mərasimdə mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, mədəniyyət və incəsənət xadimləri və digər qonaqlar iştirak edirdilər.
Tədbirdə çıxış edən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru akademik Rafael Hüseynov bildirdi ki, Xurşidbanu Natəvan incəsənətin bir çox sahələrində əvəzsiz əsərlər yaradan, ictimai fəaliyyəti ilə cəmiyyətin böyük rəğbətini qazanan nadir şəxsiyyətlərdəndir: “Qarabağ xanlığının sonuncu varisi Xurşidbanu Natəvanın xüsusi bədii istedada və qabaqcıl ideyalara malik söz sənətkarı kimi ədəbiyyat tariximizdə özünəməxsus layiqli yeri var. Klassik ədəbi ənənələrimizi yaşadan, yüksək humanizm ideyaları, dərin lirizm ifadə edən yaradıcılığı və unikal şəxsiyyəti sayəsində Natəvan dövrün ədəbi mühitinin formalaşmasına mühüm təsir göstərərək xalqımızın mədəni irsinin zənginləşməsinə töhfələr verib. Natəvan Azərbaycanın ədəbi-mədəni həyatında milli ruhun daşıyıcısı olaraq mühüm bir missiyanı yerinə yetirirdi. O həm də Azərbaycan qadınının parlaq obrazı idi”.
Akademik bu gün Natəvanın yubileyinin ürək açıqlığı ilə qeyd olunduğunu vurğuladı: “Çünki Qarabağımız azaddır, Azərbaycan torpaqları işğaldan azad olunub. Bir vaxtlar Milli İncəsənət Muzeyinin həyətində yerləşən Natəvanın güllələnmiş heykəli artıq Şuşaya qaytarılıb”.
Xurşidbanu Natəvanın rəhbərlik etdiyi “Məclisi-üns”dən, onun xeyriyyəçilik fəaliyyətindən söz açan Rafael Hüseynov qeyd etdi ki, bu ədəbi məclis öz ətrafında dövrün qabaqcıl ziyalılarını toplayıb və Qarabağ ədəbi mühitinin inkişafına güclü təsir göstərib. Zəmanəsinin görkəmli şəxsiyyətlərindən olan X.Natəvan təkcə Azərbaycanda deyil, bütün Cənubi Qafqazda xeyirxahlığı ilə tanınıb. O, kasıblara əl tutub, Şuşaya su kəməri və yol çəkdirib: “Xan qızının obrazı həm dahi şəxsiyyət – mədəni və ictimai xadim kimi, həm də gözəl, kübar Azərbaycan qadını kimi bir çox rəssam və heykəltəraşlarımız tərəfindən müraciət olunan, saysız-hesabsız təsvirləri yaradılan obrazlardan birinə çevrilib. Maral Rəhmanzadə, Oqtay Sadıqzadə, Ömər Eldarov, Altay Hacıyev və başqa sənətkarlarımızın yüksək yaradıcılıq məhsulu kimi ərsəyə gələn Natəvan obrazları bugünkü sərginin diqqətəlayiq eksponatlarındandır”.
Daha sonra qonaqlar sərgi ilə tanış oldular.
Qeyd edək ki, sərgidə Azərbaycan Milli İncəsənət Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Səttar Bəhlulzadənin Ev-Muzeyi, Bərdə Rayon Tarix-Diyarşünaslıq Muzeyi və Xalq rəssamı Altay Hacıyevin şəxsi kolleksiyasında saxlanılan Natəvana məxsus şəxsi əşyalar, onun əlyazmaları, eləcə də görkəmli rəssam və heykəltəraşlarımızın əsərləri, ümumilikdə 60-a yaxın nümunə təqdim olunur.
“Tək inci” sərgisi
2023-cü il yanvarın sonunadək davam edəcək.
Mədəniyyət.- 2022.- 29
dekabr.- S.2.