Bakıdakı Rus evində
ədəbi qiraətlər
Rimma Kazakovanın 90 illiyi
münasibətilə
Bakıdakı Rus evi “Sodrujestvo” ədəbi təşkilatı ilə birgə tanınmış rus şairəsi Rimma Kazakovanın (1932-2008) anadan olmasının 90 illiyinə həsr edilən ədəbi qiraətlər keçirib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) verilən məlumata görə, “Rossotrudniçestvo”nun Bakıdakı nümayəndəliyinin bölmə müdiri Dmitri Yeqorov tədbir iştirakçılarını salamlayıb.
“Sodrujestvo” ədəbi təşkilatının rəhbəri Paşa Yusupov şairənin hələ gənc ikən, 1960-cı illərdə nəşr edilən ilk şeirlər toplusundan bəhs edib. Kitabı o dövrün gənc yazarları – 1970-1980-ci illərdə rus poeziyasının tanınmış simaları olan Nikolay Dorizo, Yaroslav Smelyakov, Sergey Vasilyev redaktə etmişdilər.
“Literaturnıy Azerbaydjan” jurnalının şöbə müdiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Alina Talıbova Rimma Kazakova ilə Bakıda poeziya festivalında görüşlərindən söhbət açıb, onun unikal və qeyri-adi istedadının xüsusiyyətləri barədə danışıb.
Şair Elberd Tumanov öz şeirlərini söyləyib.
Tədbir iştirakçılarına Rimma Kazakovanın həyat və yaradıcılığı barədə “Onun sayəsində deyil, ona rəğmən yaşamaq” adlı videoçarx təqdim edilib, həmçinin tanınmış rus yazıçılarının kitabları hədiyyə edilib.
Ədəbi qiraətlərə “Rossotrudniçestvo”nun Azərbaycandakı
nümayəndəliyinin tədris proqramları üzrə əlaqələndiricisi
Lyubov Yakunina yekun vurub.
Mədəniyyət.- 2022.- 2 fevral.- S.5.