Şair Osman Əhmədoğlunun xatirə gecəsi keçiriləcək

 

 

Fevralın 12-də Beynəlxalq Muğam Mərkəzində (BMM) şair-publisist Osman Əhmədoğlunun (Dərviş Osman) xatirə gecəsi keçiriləcək. Tədbir AMEA Folklor İnstitutu, BMM və “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı şairin ömür və yaradıcılıq yolu barədə çıxış edəcəklər.

Tədbirin bədii hissəsində tanınmış incəsənət ustaları və aşıqların ifasında konsert proqramı təqdim olunacaq.

Osman Əhmədoğlu 1948-ci ildə Gürcüstanın Marneuli (Borçalı) rayonunun Keşəli kəndində anadan olub. Keşəli və qonşu Kəpənəkçi kənd məktəblərində təhsil alıb. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin (BDU) Filologiya fakültəsini bitirib. Borçalı Rayon Mədəniyyət Şöbəsində müxtəlif vəzifələrdə çalışıb. Gürcüstan Aşıqlar Birliyinin sədri olub. Yeniyetməlik illərindən şeir yazan Osman tələbəlik dövründən başlayaraq mətbuatda tarixi-məfkurəvi mövzulu yazılarla çıxış edib.

Osman Keşəli”, “Osman Əfəndi”, “Dərviş Osman” imzaları ilə tanınan istedadlı şairin “Borçalıda ocaq yanır” adlı ilk şeirlər kitabı 1989-cu ildə Bakıda “Yazıçı” nəşriyyatında işıq üzü görüb. Şair 2020-ci il martın 18-də dünyasını dəyişib, doğulduğu kənddə dəfn olunub.

 

 

Mədəniyyət.- 2022.-  2 fevral.- S.5.