Vətənin qəhrəmanları unudulmur
Kürdəmir RMİ Beyləqan rayon Heydər Əliyev Mərkəzində Birinci Qarabağ müharibəsi şəhidi Natiq İmanovun anım gününə həsr olunan “Şəhadətin 28-ci zirvəsi” adlı tədbir keçirilib. Çıxışlarda şəhidin döyüş yolundan söhbət açılıb.
Sumqayıt RMİ Abşeron rayon Mədəniyyət Mərkəzi və Mehdiabad qəsəbə Diyarşünaslıq evinin əməkdaşları şəhid Babək Allahverdiyevin ailəsini ziyarət edib, qayğıları ilə maraqlanıb, maddi və mənəvi dəstək olublar. Abşeron rayon MKS “Xan qızı Natəvan” ədəbi məclisi ilə birgə “Sən şəhid anasısan” adlı tədbir keçirib. Tədbirdə iştirak edən şəhid anaları qəhrəman oğulları ilə bağlı xatirələrini bölüşüblər. Sumqayıt MKS-nin Uşaq şöbəsi “Silahı məhəbbət, son sözü Vətən” və “Şəhidlər evə qayıdır” başlıqlı sərgilər təşkil edib.
Gəncə Regional Mədəniyyət İdarəsi (RMİ) Məhsəti Gəncəvi Mərkəzində “Vətən müharibəsi fotoqrafların gözü ilə” layihəsi çərçivəsində şəhərdə səfərdə olan yerli və xarici fotoqrafların sərgisi keçirilib. Sərgidə fotoqrafların layihə çərçivəsində Şuşa, Ağdam, Füzuli, Tərtər və Gəncədə çəkdikləri şəkilləri nümayiş etdirilib.
Masallı RMİ Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Masallı Dövlət Rəsm Qalereyası və “Ümidim Sənsən” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi qəhrəmanlarının tanıdılması, onlarla bağlı məlumatların əldə edilməsi məqsədilə “Vətənin ölməz oğulları” adlı layihəyə başlanılıb. Tədbirdə çıxış edənlər layihənin əhəmiyyətini yüksək qiymətləndirib, ilboyu həyata keçiriləcək silsilə tədbirlər haqqında məlumat veriblər. Çıxışlardan sonra Masallı şəhər 2 saylı tam orta məktəbin şagirdləri şəhidlərin xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya təqdim ediblər.
Mədəniyyət.- 2022.- 2 fevral.- S.4.