Gənclər gələcəyimizdir

 

Xəbər verildiyi kimi, 2 fevral – Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclər həftəsi” elan olunub. Bölgələrdə fəaliyyət göstərən mədəniyyət müəssisələrində bu münasibətlə müxtəlif tədbirlər keçirilir.

Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzi, rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğının təbliğinə həsr olunan tədbir keçirilib. Çıxışlarda Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyəti vurğulanıb. Həmçinin əlamətdar gün münasibətilə rayon gənclərinin mərkəzə ekskursiyası təşkil edilib. Ekskursiya zamanı gənclər ulu öndərin siyasi irsi ilə bağlı əyani vəsaitlərlə tanış olublar.

Sabirabad RMİ Sabirabad rayon Mədəniyyət Mərkəzində “Gənclər həftəsi” çərçivəsində rəsm sərgisi təşkil olunub. Sərgidə yeniyetmə və gənc rəssamların çəkdikləri müxtəlif mövzuları əhatə edən rəsm əsərləri nümayiş etdirilib.

Lənkəran Regional Mədəniyyət İdarəsi (RMİ) Astara Dövlət Rəsm Qalereyası və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Gənclər gələcəyimizdir” mövzusunda keçirilən rəsm sərgisinə yekun vurulub. Astara Rayon Dövlət Rəsm Qalereyasını təmsil edən 18 nəfər yeniyetmə və gəncin çəkdiyi rəsmlər münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qaliblər diplomlar və hədiyyələrlə mükafatlandırılıblar.

Ağstafa RMİ Ağstafa Dövlət Rəsm Qalereyasında “Gənclər Azərbaycanın bu günü və sabahıdır” adlı rəsm sərgisi keçirilib. İdarə rəisi Nurəddin Mehdiyeviniştirak etdiyi sərgidə fərqlənən gənclər fəxri fərmanla təltif olunub.

Ağdaş RMİ Ağdaş Dövlət Rəsm Qalereyası və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Gənclər Günü – 25” mövzusunda gənclərin əl işlərindən ibarət rəsm sərgisi açılıb. Sərgidə 28 gənc rəsm həvəskarının çəkdiyi 40-a yaxın əl işi nümayiş olunub.

Xaçmaz RMİ-nin tabe müəssisəsi olan Qusar Dövlət Rəsm Qalereyasında Azərbaycan Gəncləri Gününə həsr olunan sərgi açılıb. Sərgidə gənc rəssam Söhrab Nağıyevin və Uşaq incəsənət məktəbinin istedadlı şagirdlərinin, ümumilikdə 36 əsəri nümayiş etdirilib.

Gəncə RMİ Samux rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan gəncləri – Azərbaycanın gələcəyi” başlığı altında intellektual yarış keçirilib. Samux rayonu üzrə 22 (şəhər, qəsəbə və kənd) məktəblinin qatıldığı yarış 3 mərhələdən ibarət olub. Samux şəhər 3 saylı tam orta məktəb I, İnstitut qəsəbə tam orta məktəb II, Samux şəhər 2 saylı tam orta məktəb isə III yerə layiq görülüb.

İsmayıllı RMİ, rayon Gənclər və İdman İdarəsi, Gənclərin İnkişafKaryera Mərkəzi İsmayıllı rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə rəsm sərgisi keçirilib. Gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişafı və asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə keçirilən sərgidə gənc rəssamların əsərləri nümayiş olunub.

 

Mədəniyyət.- 2022.-  2 fevral.- S.4.