“Salamat qayıtsam, Vətən
torpağında rahat gəzə bilərəm...”
Torpaqlarımızın azadlığı üçün öz canını fəda edən igidlər hər zaman xalqımızın qəlbində yaşayırlar. Vətən naminə şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımız yeni nəsillər üçün əsl örnəkdirlər. II Qarabağ müharibəsinin igid şəhidlərindən biri də kapitan Zülfüqar İsmi oğlu Qubatovdur.
Zülfüqar Qubatov 1975-ci il sentyabrın 25-də Ağsu rayonunun Dilman kəndində anadan olub. Orta təhsilini kənd orta məktəbində alıb. 1992-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə (indiki Azərbaycan Ali Hərbi Məktəbi) qəbul olunub. 1995-ci ildə leytenant rütbəsi alaraq məktəbi bitirib, 3 ay Türkiyədə təlim kursu keçib. 2008-ci ilədək Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müxtəlif hərbi hissələrdə xidmət edib. 2008-ci ildə ehtiyata buraxılıb.
Zülfüqar Qubatov 2020-ci ilin 27 sentyabrında Vətən müharibəsi başlananda yenidən hərbi formanı geyinərək cəbhəyə yollanır.
Şəhidin həyat yoldaşı Aynur Qubatova həmin günü belə xatırlayır: “28 sentyabrda axşam təxminən saat 8 olardı. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsindən Zülfüqarın telefonuna zəng gəldi. Övladları ilə görüşərək onlara “Mən Azərbaycan Ordusunda zabit olmuşam. Bu, mənim Vətənə xidmət etmək borcumdur. Allahıma şükürlər olsun ki, mənə bu fürsəti verdi”, – deyərək yola düşdü...”.
Zülfüqar Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış və Suqovuşan yaşayış məntəqələri istiqamətində döyüşlərdə böyük şücaət göstərir. Oktyabrın 14-də Suqovuşan istiqamətində ağır döyüşlər zamanı şəhidlik zirvəsinə ucalır.
Aynur xanım bildirir ki, Zülfüqar Vətəni onun yolunda canından keçəcək qədər sevirdi: “Müharibə vaxtı tez-tez bizimlə əlaqə saxlayırdı. Övladları ilə danışan zaman onlara “Sağ-salamat qayıtsam, artıq Vətən torpağında rahat gəzə bilərəm. Şəhid olsam, siz rahat olun, mənimlə fəxr edin” deyirdi. Bizimlə danışanda hər şeyin yaxşı olduğunu söyləyib, narahat olmamağı tapşırırdı. Ancaq son danışıqlarının birində “Hər şeyə hazırlıqlı olun, haqqınızı halal edin” söylədi”.
1997-ci ildə ailə həyatı quran Zülfüqarın Şəbnəm, Nəzri və Ömər adlı üç övladı Vətənə əmanət qalıb. Bundan sonra bu üç şəhid övladı qalib xalqın nümayəndələri kimi azad Vətən torpağında yaşayacaqlar.
Zülfüqar Qubatov oktyabrın 15-də doğulduğu Dilman kənd qəbiristanlığında torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin.
Nurəddin
Mədəniyyət.- 2022.- 2 fevral.- S.6.