Musiqişünas və pedaqoq ömrü
Bu il görkəmli musiqişünas alim, pedaqoq, Əməkdar incəsənət xadimi, mərhum professor Elmira Abbasovanın anadan olmasının 90 illiyidir. XX əsr Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simaları, o cümlədən Üzeyir Hacıbəyli yaradıcılığı haqqında sanballı əsərlərin müəllifi kimi tanınan alim indiki Bakı Musiqi Akademiyasının ilk qadın rektoru olub.
Elmira Əbdülhəmid qızı Abbasova 10 yanvar 1932-ci ildə Bakıda dünyaya göz açıb. Erkən çağlardan musiqiyə maraq göstərib. Orta məktəblə yanaşı, yeddiillik musiqi məktəbində də oxuyub. Həmyaşıdları arasında istedadı və ictimai fəallığı ilə daim fərqlənib. Musiqi müsabiqələrində qazandığı uğurlar onu bu sənətə ülvi tellərlə bağlayıb.
Orta məktəbi başa vurduqdan sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) musiqişünaslıq ixtisasına qəbul olunub. 1955-ci ildə təhsilini başa vuraraq əmək fəaliyyətinə elə bu musiqi tədrisi ocağında başlayır. Pedaqoji fəaliyyətlə yanaşı, elmi araşdırmalar da aparır. 1962-ci ildə Moskva Ümumittifaq Sənətşünaslıq İnstitutunda Üzeyir Hacıbəylinin operaları və musiqili komediyaları mövzusunda namizədlik (fəlsəfə doktoru) dissertasiyası müdafiə edir. Alimin Üzeyir Hacıbəylinin opera və musiqili komediyaları, Üzeyir Hacıbəylinin Koroğlu operası, Üzeyir Hacıbəyli: həyat və yaradıcılıq yolu monoqrafiyaları elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Musiqişünas dahi bəstəkardan bəhs edərkən yazır: O öz əsərləri ilə Azərbaycanla Avropa bəstəkarlıq məktəbi arasında əbədi bir körpü yaratdı. Məhz Üzeyir bəydən sonra Şərq və Qərb musiqisi mədəniyyətləri arasında bağlılıq öz bəhrəsini verdi. Azərbaycan bəstəkarlarının yaratdığı nəhəng musiqi abidələrinin şöhrəti elləri dolaşdı....
Elmira Abbasovanın digər tədqiqat mövzusu görkəmli bəstəkar Qara Qarayevlə bağlı olub. O, araşdırmasında bəstəkarın zəngin irsinin tək doğma vətənində deyil, dünyada musiqisevərlər tərəfindən maraqla qarşılanmasının səbəbini açmağa çalışıb. Alim həmçinin müxtəlif nəsillərdən olan görkəmli bəstəkar və ifaçıların yaradıcılığına da diqqət yetirib. Onun Cövdət Hacıyev, Rəşid Behbudov, Soltan Hacıbəyov, Səid Rüstəmov, Qurban Pirimov, Bəhram Mansurov kimi musiqi xadimləri haqqında araşdırma məqalələri Bakı, Moskva və digər şəhərlərdə dərc olunub.
Musiqişünas eyni zamanda XX əsrdə muğamın elmi şəkildə öyrənilməsi üçün böyük səy göstərib. Araşdırmalarda qeyd edilir ki, SSRİ Bəstəkarlar İttifaqının təşəbbüsü və V.Vinoqradovun redaktorluğu ilə hazırlanan, keçmiş ittifaqın respublika və xalqlarını əhatə edən Xalq müğənniləri və musiqiçiləri silsilə nəşrlərində iştirak edib. Onun Q.Pirimov və B.Mansurov haqqında broşürləri həmin layihə çərçivəsində işıq üzü görüb.
1958-ci ildə, 26 yaşında Azərbaycan SSR Bəstəkarlar İttifaqının üzvü seçilən Elmira Abbasova 1962-ci ildə SSRİ Bəstəkarlar İttifaqının üzvlüyünə qəbul edilib. O, 1967-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. 1975-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, eləcə də SSRİ Bəstəkarlar İttifaqı İdarə heyətinin üzvü seçilib.
Elmira Abbasova 1977-ci ildən 1991-ci ilə qədər, 14 il Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışıb. Rektorluğu dövründə zəngin ənənələri olan təhsil ocağının hərtərəfli inkişafı əlindən üçün gələni əsirgəməyib. Üzeyir bəyin dərs otağı kiçik muzeyə çevrilib, Şəfiqə Məmmədova adına opera studiyası tikilib istifadəyə verilib. Həmin illərdə bu təhsil müəssisəsində Xalq musiqisi kafedrasının bazasında Azərbaycan xalq çalğı alətləri və Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedraları yaradılıb. Onun təşəbbüsü ilə eyni zamanda Azərbaycan Bəstəkarlar İttifaqı nəzdində ictimai əsaslarla Uşaq filarmoniyası təşkil olunub.
Beynəlxalq forum, konfrans və tədbirlərdə iştirak edən professorun dünyanın çox məşhur musiqişünaslarının qatıldığı mötəbər məclislərdə parlaq çıxışları həmişə maraqla qarşılanıb. Elmira Abbasova həmçinin onlarla musiqişünas və sənətşünasın yetişməsi üçün böyük səylər göstərib.
Ölkəmizdə musiqi tədrisinin təşkilində mühüm xidmətləri olan professor Elmira Abbasova 12 fevral 2009-cu ildə Bakıda vəfat edib.
Savalan Fərəcov
Mədəniyyət.- 2022.- 2 fevral.- S.6.