Yenilənən “Bir cənub şəhərində”

 

Ekran əsəri rəqəmsal formatda bərpadan sonra nümayiş olunub

 

 

 

Kino sənayesi inkişaf edib ideyaformata görə yeni filmlər ortaya çıxsa da, klassik ekran əsərlərinin bəxş etdiyi izahsız nostalgiya bizləri heç cür tərk etmir. Milli kinematoqrafiyamızda kifayət qədər belə nümunələr var. Tamaşaçılar böyük şəhərdən kiçik kənd insanlarına münasibətlərə, məhəbbətdən vətənpərvərliyə, əməksevərlikdən ideoloji məhkumiyyətə qədər onlarla ekran işində özü üçün mütləq nə isə bir yaddaş yükü, xatirə boğçası tapa bilir.

Bakı və onun arxa məhəllələrinin qəribə və bir az da mübahisə doğuracaq çılpaqlığı ilə verildiyiBir cənub şəhərində” filmi bu mənada ən kütləvi nümunələrdəndir. Bunu filmin rəqəmsal bərpasından sonra onun nümayişinə yığılanlar, kinoekrandan dəfələrlə baxmalarına rəğmən bir də köhnə Bakının qocaman kinoteatrında izləmək zövqünü yaşamaq istəyənlər də təsdiq edirdi.

Xəbər verdiyimiz kimi, yanvarın 27-də Nizami Kino Mərkəzində C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının 1969-cu ildə istehsal etdiyiBir cənub şəhərində” tammetrajlı bədii filminin bərpa olunmuş formatda nümayişi keçirildi.

BalansMilli Rəqəmsal Bərpa Studiyası tərəfindən həyata keçirilən layihənin təqdimatında tanınmış mədəniyyət və incəsənət xadimləri, kino sənayesi təmsilçiləri və kinosevərlər iştirak edirdi.

Buna qədər üç bədii filmi bərpa edən studiya ümumilikdə milli peşəkar kino mütəxəssisləri ilə birgə film arxivimizin rəqəmsallaşması, bərpası və rənglənməsi istiqamətində fəaliyyət göstərməkdədir.

Onu da qeyd edək ki, neqativlərin saxlanıldığı Moskva arxivindən imtina gəlməsinə rəğmən, studiya bu işi Azərbaycan Dövlət Film Fondunda qorunan lentlər əsasında reallaşdırır.

Təqdimatdan öncə çıxış edən ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayev bərpa prosesinin çətinliklərindən söz açdı. Bildirdi ki, bu kinolent müəyyən qədər aşınmaya məruz qaldığı üçün bərpa işi uzanıb. Əməkdaşlığa və dəstəyə görə Mədəniyyət Nazirliyinə və Dövlət Film Fonduna təşəkkürünü bildirən V.Mustafayev bu layihənin davam etdiriləcəyini vurğuladı.

Sonra görkəmli kinorejissor, Xalq artisti Eldar Quliyevin kino yaradıcılığı ilə bağlı qısa videoçarx nümayiş olundu.

Gecədə çıxış edən qocaman kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə hər bir filmin nümayişinin bayram olduğunu dedi və gecəni milli filmlərimizə sevginin heç də azalmadığının isbatı kimi səciyyələndirdi. Bildirdi ki, film o dövrün ideologiyasına, sosialist realizmi cərəyanına xidmət etmədiyi halda sərhədləri aşmağı bacardı və milli kinematoqrafiyamızda dönüş nöqtəsi oldu. Ekran əsəri real həyat təsvirlərinin, sadə insanların münasibət və oturuşmuş qaydaların özünəməxsus rejissor süzgəcindən keçirilərək kinematoqrafik baxımdan yüksək peşəkar və ən əsası Bakı ruhunu ifadə edən nümunəsidir.

A.Kazımzadə daha sonra dedi: “Azərbaycanda ilk rəngli film adı çəkiləndə nədənsə “O olmasın, bu olsun” (1956) yada düşür, amma bu fakt həqiqətə uyğun deyil. İlk rəngli ekran əsərimiz 1947-ci ildə çəkilən “Bakıdan Göygölədək” adlı sənədli filmdir. Lakin o, çox işləndiyinə görə xarab olubağ-qara variantı qalıb”. Kinoşünas bu problemin aradan qaldırılması üçünBalans” studiyasının rəhbərinə müraciət etdi. Diqqətə çatdırdı ki, həmin filmin rənglənməsi ilə kino tariximizlə bağlı bu yanlış da aradan qalxacaq.

Gecədə daha sonra Xalq artistləri Oqtay Mirqasımov və Fəxrəddin Manafov da çıxış edərək Eldar Quliyevin kino tariximizdəki əvəzsiz yerindən danışdılar. Bildirildi ki, rejissorun filmləri Azərbaycan tarixinin, mədəniyyətinin, həyat tərzinin, mənəvi dünyasının orijinal və mükəmməl təsvirindən ibarətdir.

Mədəniyyət Nazirliyi Audiovizualinteraktiv media şöbəsinin müdiri Rüfət Həsənov çıxışında Eldar Quliyevin tələbəsi olmasından, sənətkarın onun rejissor kimi yetişməsində oynadığı roldan danışdı. O, Eldar Quliyevin əsasını qoyduğuDebüt” studiyasında ilk sənət addımlarını atmasından böyük qürur hissi keçirdiyini bildirdi: “Sağlığında onu tərifləsəydim, mütləq məni tənbeh edərdi. Ancaq indi haqqında demək istədiklərimi çəkinmədən söyləyirəm...”.

Sonda layihəyə dəstək verən “Santral” şirkətinin təmsilçisi Elnarə Mahmudova çıxış edərək qurumun həyata keçirdiyi mədəniyyət və gənclərlə bağlı layihələrdən danışdı.

Çıxışların bitməsini səbirsizliklə gözləyən çoxsaylı tamaşaçı sonda böyük ekranda köhnə Bakının təsvirləri ilə qarşı-qarşıya qaldı. Müxtəlif nəsillərdən olan tamaşaçılar doğma məkanların, az qala indi tarix olan küçə və məhəllələrin, yeni tikililər sayəsində tanınmaz olan küçələrin köhnə adlarını, təzə-köhnə ünvanların müqayisəni etdikcə ümumilikdə kinonun istənilən texniki tərəqqi dönəmində əvəzsiz ünsiyyət vasitəsi olduğunu yenidən təsdiqləmiş oldular.

Xatırladaq ki, C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında 1969-cu ildə istehsal edilən “Bir cənub şəhərində” bədii filmi Rüstəm İbrahimbəyovun ssenarisi əsasında rejissor Eldar Quliyevin quruluşunda ərsəyə gəlib. Filmdə əsas rollarda Həsən Məmmədov, Eldəniz Zeynalov, Hacımurad Yegizarov, Süsən Məcidova, Almaz Əsgərova və başqa tanınmış sənətkarlar çəkilib.

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2022.-  2 fevral.- S.7.