Şuşa İli”ndə silsilə tədbirlər, layihələr planlaşdırılır

 

 

Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin ölkəmizdə “Şuşa İlielan olunması ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən tədbirlər planı hazırlanır. Azərbaycanın mədəniyyət paytaxtı Şuşada mədəniyyətin dirçəldilməsi istiqamətində aparılan işlər çərçivəsində tarixi abidələrin, muzey və kitabxanaların, mədəniyyət müəssisələrin bərpası nəzərdə tutulur.

Mədəniyyət Nazirliyi Mediakommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadənin bildirdiyinə görə, bu il ərzində Şuşada yerli və beynəlxalq tədbirlərin, konsert və festivalların, mediaturların təşkili, yeni filmlərin çəkilişi planlaşdırılır. Şuşanın mədəni adət-ənənələrinin dirçəldilməsi istiqamətində Xarıbülbül Musiqi Festivalı, Vaqif Poeziya Günləri, Üzeyir Hacıbəyli Musiqi Festivalı kimi ənənəvi mədəni tədbirlərlə yanaşı, bu il xan qızı Xurşidbanu Natəvanın 190 illiyi ilə bağlı Şuşada ədəbiyyat festivalının keçirilməsi də nəzərdə tutulur .

“Mədəniyyət Nazirliyi tərəfindən qədim şəhərimizin zəngin mədəni irsini tanıtmaq məqsədilə “Şuşa mədəniyyətinin inciləri” adlı layihəyə də start verilib. Layihə yeddi istiqamətdən ibarətdir: “Şuşanın memarlıq salnaməsi”, “Azərbaycan musiqisinin məbədi – Şuşa”, “Muğam ocağı – Şuşa”, “Qarabağ xalçaçılıq məktəbi – Şuşa”, “Şuşanın ədəbi həyatı”, “Şuşanın simaları”, “Şuşa milli geyim üslubu”. Layihənin əsas məqsədi qədim tarixə malik olan Şuşa şəhərinin zəngin mədəniyyətinin daha geniş təbliğatını həyata keçirməkdir”, – deyə Məryəm Qafarzadə bildirib.

 

Mədəniyyət.- 2022.-  2 fevral.- S.3.