Ermənilərin Şuşadan apardıqları xalçalarla bağlı

 

 

Arayış XİN-ə təqdim edilib

 

 

 

Şuşanın azad edilməsindən bir həftə öncə, 2020-ci il noyabrın 1-də erməni işğalçıları tərəfindən şəhərdən çıxarılan xalçalarla bağlı Mədəniyyət Nazirliyi müfəssəl arayış hazırlayaraq Xarici İşlər Nazirliyinə təqdim edib.

Xatırladaq ki, 2021-ci il fevralın 20-də İrəvandakı A.Tamanyan adına Milli Memarlıq Muzey-İnstitutunda həmin xalçalardan ibarət sərgi təşkil olunub. Xalçaların 2011-ci ildən etibarən Şuşada fəaliyyət göstərmiş muzeydə sərgiləndiyi və erməni əsilli kolleksiyaçıya aid olduğu iddia edilib. Azərbaycan Milli Xalça Muzeyində fəaliyyət göstərən Mədəniyyət Nazirliyinin Ekspert Komissiyası tərəfindən həmin sərgidə nümayiş etdirilən xalçalara dair Azərbaycan və ingilis dillərində müfəssəl arayışlar hazırlanaraq Xarici İşlər Nazirliyinə təqdim olunub.

Ermənilər 28 ildən artıq işğal altında saxladıqları Şuşa şəhərindən apardıqları xalçaları fevralın 20-də İrəvanda “Arsax” xalçaları adı altında sərgiyə çıxaracaqlar.

Qeyd edək ki, ötən ilin fevralında sözügedən sərgi ilə bağlı Azərbaycan Mədəniyyət Nazirliyi bəyanat yaymışdı.

Bəyanatda qeyd olunurdu ki, Şuşadan çıxarılaraq İrəvanda təqdim olunan xalçalar Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağa məxsus milli irs nümunələrimizdir.

Bu sərgi ermənilərin növbəti oğurluğuqeyri-qanuni mənimsəməsidir. Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri daxilindən mədəni irs nümunələrimizin qanunsuz çıxarılması, daşınması, digər ölkə ərazisinə gətirilməsi kimi əməlləri UNESCO-nun “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin müdafiəsi haqqında” 1954-cü il Haaqa Konvensiyası və onun İkinci protokolunun 19-cu maddəsinə və “Mədəni mülkiyyətin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında” 1970-ci il Konvensiyasının 11-ci maddəsinə əsasən, beynəlxalq hüququn pozulmasıdır və bununla bağlı bütün məsuliyyət Ermənistan hökumətinin üzərinə düşür”, – deyə bəyanatda vurğulanırdı.

 

Mədəniyyət.- 2022.-  2 fevral.- S.3.