Mədəniyyətə töhfə verəcək təşəbbüslər dəstəklənməlidir

 

Prezident Gəncə Dövlət Dram Teatrının yeni binasının açılışını edib: “Mən onlara söz vermişdim ki, bu müraciəti nəzərə alacağam...”

 

 

 

Ölkə qarşısında bir çox problemlər varbu problemlər təxirəsalınmaz həllini gözləyir. Amma buna baxmayaraq, mədəniyyətə, mədəni həyata töhfə verə biləcək hər bir təşəbbüs dəstəklənməlidir.

Prezident İlham Əliyev bu sözləri yanvarın 30-da Gəncə şəhərində AZƏRTAC-a müsahibəsində deyib.

 

Prezident bir neçə il əvvəl Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışında iştirak etdiyini xatırladaraq, Gəncə Dövlət Dram Teatrının yeni binasının da şəhərin mədəni həyatına mühüm töhfə olduğunu vurğulayıb.

Xəbər verildiyi kimi, Prezident yanvarın 30-da Gəncə şəhərinə səfəri zamanı Gəncə Dövlət Dram Teatrının yeni binasının açılışında iştirak edib.

Gəncə Dövlət Dram Teatrı 1921-ci ildə Bakıda yaradılıb. 1925-ci ilədək “Tənqid-təbliğ” teatrı, 1932-ci ilədək “Bakı-işçi-kəndli” teatrı adlandırılıb. 1932-ci ilin dekabr ayında teatr bütün heyəti ilə birlikdə Gəncəyə köçürülüb və fəaliyyətini burada davam etdirib. Görkəmli teatr xadimləri İsmayıl Talıblı, Ələsgər Ələkbərov, Ağasadıq Gəraybəyli, Ağahüseyn Cavadov, Mehdi Məmmədov, Kazım Ziya, Fatma Qədri, Əmir Dadaşlı, Rəmziyyə Veysəlova kimi şəxsiyyətlərin sənət yolu məhz buradan keçib.

Dövlət başçısına Gəncə Dövlət Dram Teatrının yeni binasında görülən işlərlə bağlı məlumat verilib.

Qeyd edilib ki, 2014-cü ildə təməli qoyulan binada 478 yerlik böyük tamaşaçı zalı və 120 yerlik kiçik tamaşaçı zalı var. Yeddimərtəbəli binada, həmçinin iki zaldan ibarət Gəncə Teatr Muzeyi, zəngin kitabxana, xoreoqrafiya zalı, qrim otaqları, mehmanxana, kafe və digər zəruri infrastruktur yaradılıb. Teatrın yeni binasında tamaşaların nümayişi üçün müasir texniki şərait təmin edilib, yaradıcı heyətin məşqləri ilə bağlı bütün məqamlar nəzərə alınıb.

 

***

 

Prezident həmçinin 2 saylı Gəncə regional “ASAN Xidmət” mərkəzinin açılışını edib, Gəncə İdman Sarayında tikinti işlərinin gedişi ilə tanış olub və Gəncə Memorial Kompleksinin təməlini qoyub. Dövlət başçısı kompleksin yaradılacağı ərazi ilə tanış olub.

2020-ci ilin Vətən müharibəsi dövründə Gəncə şəhəri 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif təyinatlı raket qurğularından endirilən zərbələrə məruz qalıb. Nəticədə 6-sı uşaq olmaqla, 26 mülki şəxs həlak olub, 31-i uşaq olmaqla, 142 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket hücumu nəticəsində həlak olan dinc sakinlərin xatirə guşəsinin önünə gül dəstəsi qoyub.

Münaqişə bölgəsindən kilometrlərlə kənar ərazilərin qadağan olunmuş kaset bombalarla hədəfə alınması nə beynəlxalq hüquqa, o cümlədən Ermənistanın 1993-cü ildə ratifikasiya etdiyi Cenevrə konvensiyalarına və onların əlavə protokollarına uyğun deyildi. Bu ifadənin dəqiq definisiyası “alçaqcasına hücumdur. Azərbaycan Ordusu isə müharibənin ilk günündən heç bir halda mülki əhaliyə atəş açmır, yalnız legitim hərbi hədəfləri zərərsizləşdirir, qisasımızı döyüş meydanında alırdı.

Ermənistanın raket hücumları nəticəsində həlak olan dinc sakinlərin xatirəsi isə bu ərazini ziyarətə gələn hər kəs tərəfindən ehtiramla anılır.

Gəncə Memorial Kompleksinin təməlinin qoyulmasından sonra Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinə – AZƏRTAC-a müsahibə verib.

Prezident olduğu 18 il ərzində Gəncəyə ümumilikdə 18-ci səfərini etdiyini diqqətə çatdıran İlham Əliyev şəhərin infrastruktur layihələrinin böyük əksəriyyətinin öz həllini tapdığını bildirib. “Bunlar həll olunmadan şəhərin inkişafından söhbət gedə bilməzdi. Bununla paralel olaraq, əlbəttə ki, həm səhiyyə, həm təhsil sahəsində bütün sosial infrastruktur yenilənib” deyən dövlət başçısı əlavə edib ki, Gəncənin mədəni həyatı da çox zəngindir: “Həm Dövlət Filarmoniyasının yeni binası tikilib, həm də Dram Teatrının. Yəni, Gəncənin hərtərəfli inkişafı ilə bağlı işlər görülür, o cümlədən parklar, xiyabanlar, istirahət və əyləncə zonaları yenidən qurulur. Görülən bütün bu işlər düzgün müəyyən edilmiş siyasətin nəticəsidir”.

 

 

 

Gəncə Memorial Kompleksinin təməli qoyulub

 

 

 

İkinci Qarabağ müharibəsindən sonra Gəncə, eyni zamanda, Kəlbəcər rayonunun inkişafı ilə bağlı öz sözünü deyir və deməlidir. Çünki hazırda bizim Kəlbəcərə yeganə, yəni, rahat gedə biləcəyimiz yol Gəncədən Göygölə, Göygöldən Kəlbəcərədir. Rahat deyəndə, biz ancaq yaz-yay mövsümlərində o yoldan rahat istifadə edə bilərik. Çünki qış aylarında yol həm bəzi yerlərdə keçilməz, həm də çox təhlükəli olur. Bu yol faktiki olaraq sovet vaxtında olmayıb, bir cığır idi. Biz qısa müddət ərzində o cığırı genişləndirdik və mən özüm də keçən il o yolla Kəlbəcərə getmişdim, Murov aşırımından keçərək. Hazırda Murov dağının altından böyükuzunluğu təqribən 12 kilometr olan tunel çəkilir. Yəni, Kəlbəcərin gələcək inkişafı, vətəndaşların oraya qayıtmaları və Kəlbəcər rayonunun, eyni zamanda, Laçın rayonunun təchizatı böyük dərəcədə bu bölgədən təşkil ediləcəkdir. Ona görə Gəncə və bu zona azad edilmiş torpaqların bərpası, vətəndaşların rahat yaşaması üçün xüsusi əhəmiyyət daşıyır. Hazırda bizim hərbi postlarımıza, bizim sərhəd boyunca yerləşən postlara da əsas təchizat buradan gedir. Ona görə Gəncə və Gəncənin ətrafında yerləşən ərazilərin bundan sonra da ölkəmizin həyatında, xüsusilə azad edilmiş torpaqların həyatında xüsusi rolu olacaqdır”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

 

Şəhərdə açılışı edilən obyektlərdən bəhs edən dövlət başçısı bildirib ki, bu açılışlar Gəncənin inkişafı və şəhərin problemlərinin həllinin daim diqqət mərkəzində olduğunu göstərir: “Həm də onu göstərir ki, baxmayaraq, bizim əsas diqqət mərkəzimiz azad edilmiş torpaqlaraQarabağa və Zəngəzuradır, eyni zamanda, bütün başqa şəhər və rayonlarımız daim diqqətlə əhatə olunur...”.

 

Gəncə Dram Teatrının yeni binası barədə danışan Prezident İlham Əliyev xatırladıb ki, bir neçə il bundan əvvəl Gəncədə olarkən teatrın truppasının nümayəndələri şəhərdə teatr üçün yeni binanın tikilməsi ilə bağlı mənə müraciət etmişdilər: “Mən də onlara söz vermişdim ki, bu müraciəti nəzərə alacağam. Həm memarlıq, həm də funksionallıq baxımından çox gözəl, möhtəşəm Dram Teatrı açıldı. Yenə də deyirəm, ölkə qarşısında bir çox problemlər varbu problemlər təxirəsalınmaz həllini gözləyir. Amma buna baxmayaraq, mədəniyyətə, şəhərin, Gəncənin mədəni həyatına töhfə verə biləcək hər bir təşəbbüs dəstəklənməlidir. Necə ki, bir neçə il bundan əvvəl Gəncə Filarmoniyası açıldı. Baxın, bu Filarmoniyanın açılması Gəncə şəhərinin mədəni həyatına nə qədər töhfə veribdir, eyni zamanda, şəhərin ümumi görünüşünə gözəl töhfə olubdur. Çünki memarlıq baxımından çox gözəl bir binadır. Dram Teatrı da çox möhtəşəm binadır və orada artistlər, truppa üzvləri və tamaşaçılar üçün gözəl şərait yaradılıb.

 

Bu gün, eyni zamanda, Gəncə İdman Sarayının tikintisi ilə tanış oldum. Bu sarayı da mənim təşəbbüsümlə inşa etməyə başlamışıq. Bu, çox böyük layihədir. Deyə bilərəm ki, Azərbaycanda bu boyda idman sarayı yoxdur, hətta Bakı şəhərində. Baxmayaraq ki, Bakı şəhərində bir çox idman sarayları var, – ancaq bütün əsas idman növlərinin bir yerdə cəmləşməsi Bakıda yoxdur... Bu sarayı Gəncədə inşa etmək gəncəlilərə edilən bir hədiyyədir. Onu da bildirməliyəm ki, hələ mən Prezident olmadığım dövrdə, Milli Olimpiya Komitəsinin prezidenti kimi Gəncədə Olimpiya Mərkəzinin yaradılması ilə bağlı təşəbbüslə çıxış etmişdimo idman qurğusu o vaxt inşa olunub. Ancaq illər keçdikcə, əlbəttə ki, bu idman obyekti həm fiziki, həm mənəvi cəhətdən köhnəlib və orada normal məşq etmək üçün şərait o qədər də uyğun deyildi. Amma bu idman sarayı əminəm ki, gələn ilin sonuna qədər istifadəyə veriləcək, həm idmançılar, həm də şəhər sakinləri üçün çox faydalı olacaq...”.

 

Gəncədə lokomotiv deposunun yaradılmasının da başa çatdığını deyən İlham Əliyev qeyd edib ki, buna da çox böyük ehtiyac var. Çünki Gəncədən Şərq-Qərb nəqliyyat dəhlizi keçir. Bakıda bu yaxınlarda lokomotiv deposu açılıb, ikinci depo isə Gəncədə açıldı: Bütün bu açılışlar və təməlqoyma mərasimləri göstərir ki, ölkəmizin hər bir yerində inkişaf getməlidir, davam etməlidir, biz əldə olunmuş nailiyyətlərlə kifayətlənməməliyik, yalnız irəliyə getməliyik və bütün gücümüzü səfərbər edib insanlar üçün daha yaxşı həyat şəraiti yaratmalıyıq...”.

 

Prezident Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket hücumları nəticəsində dağıdılmış ərazidə yaradılacaq xatirə kompleksi barədə də danışıb: Bilirsiniz, bu dağılmış evlərin önündə olmaq, bax, bu dəhşətli mənzərəni seyr etmək hər bir azərbaycanlı üçün çox ağırdır. İkinci Qarabağ müharibəsi dövründə Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb. Şəhərə 13 raket atılıb, onlardan 8-i partlayaraq, əfsuslar olsun ki, insanların həyatına son qoyub, beş raket isə partlamayıb. Bu da öz növbəsində onu göstərir ki, Ermənistan ordusu nə vəziyyətdə idi... Təkcə Gəncə şəhərində 26 mülki vətəndaş namərd atəş nəticəsində həlak oldu, erməni faşizminin qurbanı oldu. Gəncə şəhəri həm “Toçka-U”, həm “SCUD” raketləri ilə atəşə tutulurdu. Biz bu məsələ ilə bağlı öz sözümüzü deyəndə Ermənistan tərəfi bunu inkar edirdi. Sonra da yalançı Ermənistan təbliğatı növbəti uydurma ortaya qoyaraq bəyan etmişdi ki, Azərbaycan özü öz şəhərlərini atəşə tutur. Görün nə dərəcədə alçaqlıq və vicdansızlıqdır. Necə ki, vaxtilə ermənilər deyirdilər, azərbaycanlılar özləri Xocalı soyqırımını törədiblər. Bu dəfə də ermənilər öz yalanlarının, necə deyərlər, qurbanlarına çevrilib. Çünki ballistik raketlərin trayektoriyası böyük dövlətlər tərəfindən izlənilir və hər kəs gördü ki, erməni ordusu gecə vaxtı dinc şəhəri, müharibə zonasından uzaqlarda yerləşən şəhərin məhz yaşayış məhəlləsini məqsədyönlü şəkildə atəşə tutub. Yəni, bu, təsadüfən açılan atəş deyildi, məqsədyönlü şəkildə yaşayış binasını vurmaq, Azərbaycan vətəndaşlarını öldürmək, Azərbaycan xalqının gözünü qorxutmaq, Azərbaycan rəhbərliyini torpaqların azad edilməsindən çəkindirmək məqsədi daşıyırdı. Əlbəttə, bu, hərbi cinayətdir və hərbi cinayət kimi dünya tərəfindən tanınmalıdır. Azərbaycan Ordusu müharibə dövründə belə cinayətlərə əl atmayıb, biz müharibəni ləyaqətlə aparmışıq, biz döyüş meydanında düşmənə cavab vermişik. Gəncə və digər şəhərlər – Mingəçevir, Bərdə, Tərtər, Goranboy, Ağdam rayonu, Füzuli rayonu, Naftalan bombalananda mən deyirdim ki, biz döyüş meydanında qisasımızı alacağıq... Biz bu günahsız insanların, şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Ermənistanı diz çökdürdük, məğlub etdik. Erməni faşizmini məğlub etdik və ədaləti bərpa etdik.

 

Burada təməlini qoyduğum Memorial Kompleks böyük ərazini əhatə edəcək. Bu Memorial Kompleks təqribən dörd hektarda yaradılacaq. Dağıdılmış bu binalar olduğu kimi qalacaq. Yəni, bu yaddaş silinməməlidir. Bu erməni vəhşiliyini unutmamalıyıq. Müharibə başa çatıb. Bəli, biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını unutmamalıyıq. Gəncə qurbanlarını, digər şəhərlərimizin qurbanlarını heç vaxt unutmamalıyıq və unutmayacağıq. Onların müqəddəs ruhu qarşısında baş əyərək bir daha deyirik ki, onların qanı yerdə qalmadı. Onların yaxınları üçün bəlkə də bu, təsəlli ola bilər. Eyni zamanda, deyirik ki, biz müzəffər xalqıq, biz qalib dövlətik. Erməni faşizmini məğlub etdik. Elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın...”.

 

Mədəniyyət.- 2022.-  2 fevral.- S.1;2.