Moskvada Azərbaycan kinosunun retrospektiv nümayişi başlayıb

 

 

Xəbər verdiyimiz kimi, 7-15 fevral tarixində Moskvadakı “İllüzion” kinoteatrında  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birgə layihə əsasında Azərbaycan kinosunun retrospektiv nümayişi keçirilir. Proqramda Azərbaycan kinosunun ötən əsrin 30-cu illərinə aid səssiz filmlərindən başlayaraq müxtəlif dövrlərdə, eləcə sovet dövrünün son illərində çəkilmiş, həmçinin müasir rejissorların beynəlxalq festivallarda uğur qazanmış  filmləriümumilikdə 19 ekran əsəri yer alıb.

 

Azərbaycan kinosunun retrospektivi rejissor Fariz ƏhmədovunSonuncu” (2021) sənədli filminin nümayişi ilə açılıb.

 

Nümayişdən öncəİllüzionkinoteatrının art-direktoru Aleksandra Lavrova çıxış edərək bildirib ki, bu layihə müasir Rusiya tarixində Azərbaycan kinematoqrafiyasının miqyaslı retrospektividir: “Mən çox şadam ki, bu hadisə baş verdi. Biz bunu ötən ilin iyun ayında planlaşdırmışdıq. Əvvəl avqustda, daha sonra oktyabr, noyabrda keçirmək istəyirdik. Lakin pandemiya səbəbindən bir neçə dəfə təxirə salmalı olduq. Nəhayət, bu an gəlib çatdı. Ümid edirəm ki, bizim əməkdaşlığımız bununla bitməyəcək...”.

 

Mədəniyyət Nazirliyinin Audiovizual interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov 19 Azərbaycan filminin Moskvada nümayişini önəmli mədəniyyət hadisəsi adlandırıb: “Moskva kinosevərləri, həm bizim həmkarlarımız bu filmlərə baxıb Azərbaycan kinematoqrafiyası ilə tanış ola bilər...”.

 

Rusiyadakı səfirliyimizin mədəniyyət attaşesi Nigar Axundova Moskvada Azərbaycan kinosu günlərinin açılışının ikitərəfli mədəni münasibətlərdə böyük hadisə olduğunu söyləyib, filmlərlə bağlı məlumat verib: “Bu retrospektiv proqramda həm yaşlı nəslin, həm orta, həm gənc nəslin əsərləri nümayiş olunur. Bu bizim üçün çox vacibdir. Çünki mərhələli şəkildə kinematoqrafiyamızın inkişafını göstərmək niyyətindəyik”.

 

Qeyd edək ki, proqramdaDəcəl dəstə” (1937, rejissorlar Qəmər Salamzadə, Aleksandr Popov), “Mavi dənizin sahilində” (1936, rejissor Boris Barnet), “Uzaq sahillərdə” (1958, Tofiq Tağızadə), “Sehrli xalat” (1964, Əlisəttar Atakişiyev), “Bir cənub şəhərində” (1969, Eldar Quliyev), “Şərikli çörək” (1969, Şamil Mahmudbəyov), “Bizim Cəbiş müəllim” (1969, Həsən Seyidbəyli), “İstintaq” (1979, Rasim Ocaqov), “Şeytan göz qabağında” (1987, Oktay Mir-Qasım), “Qətldən yeddi gün sonra” (1991, Rasim Ocaqov), “Yarasa” (1995, Ayaz Salayev), “Özgə vaxt” (1996, Hüseyn Mehdiyev), “Hər şey yaxşılığa doğru” (1997, Vaqif Mustafayev), “Balıqçının qızı” (2019, İsmayıl Səfərəli), “Duz, istiot zövqə görə” (2019, Teymur Hacıyev), “Səpələnmiş ölümlər arasında” (2020, Hilal Baydarov), “Axşama doğru” (2020, Teymur Hacıyev), “Daxildəki ada” (2020, Rüfət Həsənov) filmləri yer alıb.

 

 

 Mədəniyyət.- 2022.- 9 fevral.- S.2.